“Bu cür real hadisələri biz mütləq ekranlaşdırmalıyıq...”

“Bu cür real hadisələri biz mütləq ekranlaşdırmalıyıq...”

“Doğrudan da bu gün həmin arzumuz həyata keçdi və inşallah gedib o yerlərimizi görərik. Laçın da bizim üçün Qarabağın işğaldan azad olunması üçün axırıncı məqam idi”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktyor İlqar Cahangir deyib. Aktyor torpaqlarımızın işğaldan azad olunmasına görə qürur hissi keçirdiyini bildirib:

“Təbii ki, bu gün çox böyük qürur hissi keçiririk. Mənim dostlarımın çoxu Laçından olub deyə həmişə Laçına getmək istəmişəm. Doğrudan da bu gün həmin arzumuz həyata keçdi və inşallah gedib o yerlərimizi görərik. Laçın da bizim üçün Qarabağın işğaldan azad olunması üçün axırıncı məqam idi. Düzdü, ruslar gəlib orda müəyyən işləri korladı, amma onun da zamanı gələcək. Hazırda mən Cəlilabadda şəhidimizin qırx mərasiminə gəlmişəm. Şəhidlərimiz başımızı uca etdilər, ömür boyu onlara borcluyuq”.

Aktyor bu tarixi qələbənin mütləq filmlərimizdə yer almasının vacibliyini vurğulayıb:

“İndi artıq çox yaxşı ssenarilər var. Hansı qəhrəmanlıqlar olub biz onları çalışacağıq ki, ekranlaşdıraq. Real hadisələri filmə çəkəndə çox təsirli olur. Bu gün şəhidmizlə bağlı çox maraqlı hadisə eşitdim. Deməli şəhidimizin tabutu həyətə gələndə nənəsi tabutun yox, bayrağın üstünə qaçıb və deyib ki, “sənin bayrağına qurban olum”. Bu cür hadisələr bizə qürur verir. Görün bizim nənələrimiz, analarımız övladının şəhid olmasını necə qarşılayır. O filmlər çəkilsə, bu hadisələrin hamısı işıqlandırılmalıdır. Belə hadisələr kifayət qədərdir. Ümid edək ki, yaxşı pullar ayrılacaq və bu filmlər çəkiləcək. Həmin filmlərin çəkilməsi üçün vəsait ayrılmalıdır. Biz bir film çəkdik, amma onu bir nəfərin köməyi ilə ərsəyə gətirdik. Bu cür real hadisələri biz mütləq ekranlaşdırmalıyıq. İnşallah ümid edək ki, bunlar olacaq. Bizim şərəfimiz, qürurumuz şəhidlərimizin, qazilərimizin, ordumuzun hesabına geri qayıtdı”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az