Kəlbəcərli sazbəndin çin olan arzusu - VİDEO

Kəlbəcərli sazbəndin çin olan arzusu - VİDEO

49 yaşlı Asif Quluyev hələ orta məktəbdə oxuyarkən qədim el sənətimiz olan sazbəndliyin ecazkar sirlərini mənimsəyib.

Digər alətlər hazırlamaqla bağlı sənətlərdən fərqli olaraq, xalq dilində saz düzəltmək ta qədimdən “saz bağlamaq”, “sazbənd” kimi ifadə olunub ki, bu da sazın mistik xarakteri ilə bağlı olaraq, onun yalnız ilahi qüvvənin hökmü ilə ərsəyə gətirilməsinin mümkünlüyü anlamına gəlir.

Asif usta sazbəndliyi mərhum atası, tanınmış el sənətkarı və sazbəndi Aşıq Əlişdən öyrənib. Gənc Asif digər yurddaşları kimi Kəlbəcəri məcburən tərk etdikdən sonra Gəncədə musiqi texnikumunda təhsil alıb, hazırda musiqi məktəbində dərs deyir.

Asif müəllimi digər alət düzəldənlərdən fərqləndirən başlıca xüsusiyyət onun universallığıdır. Yəni o, təkcə saz deyil, şərq xalqlarına məxsus onlarla digər simli musiqi alətlərini, sıfırdan başlayaraq, tam düzəldib-ərsəyə gətirir. Məhz bu xüsusiyyətləri onu musiqi sənəti aləmində tanıdıb. Asif müəllim alət düzəltmək və onun səslənmə xüsusiyyətlərini bir elm kimi mükəmməl mənimsəmək üçün neçə-neçə kitablar oxuduğunu söyləyir.

Usta onu da bildirir ki, yerli ağac materialları ilə yanaşı Rusiya, Türkiyə, Hindistan, Çin,Yaponiya,Braziliya kimi ölkələrdə internetlə daim əlaqədə olduğu usta həmkarlarının köməyilə xaricdə bitən nadir ağac materialları da əldə edə bilir. Onların bəziləri yüz il ərzində qurudularaq lazımi səslənmə xüsusiyyətlərinə gətirilmiş taxtalardır. Odur ki, saz, tar, kamança, gitar, tambur, ud, qanun, hətta bizdə rast gəlinməyən digər alətlər ustanın əlində asanlıqla ram olur.

Usta deyir, ən böyük arzusu doğulduğu doğma Kəlbəcər rayonunda böyük bir emalatxana açmaq idi və artıq arzusuna çatır.

O da maraqlıdır ki, Asif usta aləti düzəltdikdən sonra onun ruhunu duymaq üçün bəzən saatlarla onu ifa edir, xüsusən sazın göylərdən endirilmiş olduğu səsini yerlə əbədi bağlayır. Artıq hər kəs kimi o da sazı daha qürurla əlinə alır. Axı illərlə yaşadığı vətən həsrəti bitib, Kəlbəcər qayıdıb.

Mənbə: paralel.az