Şəhid Milli Qəhrəmanın qızı yazır:"And içirəm!"

Şəhid Milli Qəhrəmanın qızı yazır:"And içirəm!"

 

 

Vətən!

İlahi nə böyük kəlammış. Ruhuma hopan torpaq həsrətimin son gününü yaşadım. Sanki o torpaqda doğulmuş, o torpaqda böyümüş oldum. Köksümün içindəki susuzluq Laçın dağlarından süzülüb gələn dupduru şəlalənin damcılarıyla öz rütubətini bərpa edəcək. İllər boyu yanğıyla gözlədiyim o möhtəşəm gün nəhayət ki, kipriklərimi uzun yollardan yığa bildi. Hər kəs Ana Vətənim dediyi bu müqəddəs torpağa mən Ata Vətən deyirəm artıq. Sevinc və kədərin qonşu olduğu ürəyimə necə təskinlik verəcəyimi özüm də bilmirəm. Sevincliyəm—çünki uğrunda canından keçmiş Vətən torpağının Milli Qəhrəmanının qızıyam. Bu gün məhz o Qəhrəmanın ruhu şad oldusa—Laçın torpağı və Laçın dəhlizi öz azadlığına qovuşa bildisə—mən dünyanın ən xoşbəxt insanıyam. Kədərliyəm—çünki içimdə Ata həsrətinin illərlə qaysaq bağlaya bilməyən kösövlərinin qığılcımları yenidən alov tutdu. Və dərindən ah çəkərək—Kaş sən də bu günü görə biləydin Qəhrəmanım—deyirəm.

 

Ancaq qürurum kədərimdən daha uca. Çünki bu gün gözlərimi torpağa deyil, göyün dərin ənginliklərinə dik qaldırıb baxa bilirəmsə —sənin Şəhadətinin sayəsindədir -Şəhidim! Bu gün Azərbaycan vahid və bütövləşmiş bir dövlət kimi tanınırsa —bütün şəhidlərin, bütün qazilərin canı-qanı hesabınadır-Şəhidim. Məhz bu günü yaşaya bildiyim üçün sənin timsalında bütün Şəhidlərimin ruhları qarşısında And içirəm :

-Mən bir Şəhid qızı olaraq öz övladlarıma və arxa cəbhənin müəllim fədaisi kimi öz şagirdlərimə hər gün Azərbaycanın Şəhid və Qazilərini tanıdaraq—düşmənimizin kim olduğunu nəfəsim kəsilən günədək kim olduğunu unutdurmayacağıma And içirəm!

 

Və mən çox xoşbəxtəm ki, mənə qaçqın deyənlər—mənim övladlarıma qaçqın deyə bilməyəcəklər. Mənim doya-doya görə bilmədiyim, böyüyə bilmədiyim o torpaqları mənim övladlarım görəcək və orda qoyub gəldiyim uşaqlığımı mənim əvəzindən yaşayaraq böyüyəcəklər. Şükür Tanrım! Daha bundan sonra sətirlərim göz yaşıyla yox, parıltılı baxışlarla dolacaq. Və mən sənin məzarın üstdə gələrək—Ruhun Şad oldu Şəhidim—indi rahat yat deyəcəm .

Allah bütün şəhidlərə rəhmət eləsin !

 

 

 

Mənbə: www.miq.az