İgid ömrü - 26-cı yazı

İgid ömrü  - 26-cı yazı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Xilaskarlıq məsuliyyəti

Füzulinin “qaraçuxası” Səkinə xala: “Ağdama çatanda gördük xəstəxanada keçinib...”

Həsən: “Dedi Allah haqqı səni ataram, Səkinəni götür çıx”

- Siz analıq etmisiz Füzuliyə. Atanız rəhmətlik Kərim kişi atalıq edib. Ona görə istəyirəm onun uşaqlığından danışasınız...

Əslində mən qəfildən vermədim sualı Səkinə xalaya. Sadəcə, mənimlə görüşəcəyi günün, Füzulidən – onların təbirincə Zamindən danışmağın təşnəsi imiş Səkinə xala. Onunla görüşümüz kitabı yazmağa başladığımız zamanın təxminən səkkizinci ayında baş tutdu. Bu zaman kəsiyində ölkəmizdə tüğyan edən, mənim də mübtəla olduğum koronavirus xəstəliyindən dolayı hökm sürən pandemiya, karantin dövrü az qala hamımızı bir-birimizdən aralı salmışdı, bir-birimizə yadlaşdırmışdı. Ancaq bu “yadlaşma” özü dünyamızda olmayanda belə yaddaşlarımızın ən əziz qonağı olan, igid ömrün salnaməçisi Füzulidən yan keçməli idi, yan keçdi də. Xəstəliyimin ən ağır vaxtlarında “əgər dünyadan köçərəmsə, bu yetim qəhrəman Füzulinin kitabı da yarımçıq qalar” deyə heyfsiləndiyim anları indi də xatırlayıram. Füzuli həyatımın ən çətin məqamında belə yaddaşımdan silinməmişdi. Silinə bilərdimi?! Əsla! Bu hələ mənim yanaşmam idi - onu cismən tanımayan, görməyən, ancaq tanış olduğu təfərrüatlarla düşüncələrində dərk etdiyi obrazından sevən, onunla fəxarət duyan birisinin. Səkinə xala isə belə qəhrəman bir oğulun qundaqdan əbədiyyət evinə qədər keçən qısa, lakin son dərəcə mənalı ömrünün addımbaaddım şahidi, yol yoldaşı, müsahibədən görəcəksiniz ki, müəyyən mənada həm də “qaraçuxası” imiş. Mənimlə danışanda o təkcə Füzulili – Zaminli günlərinə qayıtmadı, mənim sorğularımda sanki qəhrəmanımızı gördü də. Əgər bu görüntünü o hiss etməsəydi, ilk dəfə gördüyü adamla, yəqin ki, bu qədər səmimi, bu qədər sıcaq söhbət də edə bilməzdi...

...Səkinə xala yuxarıdakı ilk sualımdan sarsıldığından, əvvəlcə onu qəhər boğdu. Bir xeyli ağlayıb sakitləşəndən sonra isə asta-asta söhbətə başlaya bildi. Mümkün qədər çalışacam, onun danışıq tərzinə də toxunmayam. Əlbəttə, sənədli povestimizin standartlarının imkan verəcəyi qədər:

- Zaminin uşaqlığını bilmək istəyirsiz...uşaqlığı (yenə də kövrəlir) çox istəkli oldu. Çox əziz idilər bizim üçün. Ata-anaları da elə getdi, vaxtsız-vədəsiz... İnanın ki, bacı-qardaş bunları gündəlik sadəcə görməyimizin özü həm bir təsəlliydi, həm də bir faciəydi bizlərə. Beləcə günlərimiz keçirdi yavaş-yavaş. Onların böyüməsi, Zaminin əsgərliyi... Beləcə illər keçdikcə atam da qocalırdı. Bu vaxt ermənilərin müharibəsi başladı. Zamin elə ilk gündən ermənilərlə vuruşmağı özünə bir növ peşə seçdi. Gah gizli, gah aşkar şəkildə gedib özünü toxuyurdu bütün hadisələr olan yerlərə. Qisas almaq lazım gələndə isə həmişə başda, qabaqda idi. İstəsək belə, saxlaya bilmirdik. Bizi də aldadıb aradan çıxırdı. Hansısa əməliyyatın Zaminsiz baş tutduğunu eşitməmişdik. Çox vaxt pəncərədən çıxıb qaçırdı ki, görüb hay-haray salmayaq, bu da sakitcə aradan çıxa bilsin.

- Siz Xocalıya Kəlbəcərdən gələndə Füzuli Şuşada internat məktəbində oxuyurdu. Kərim kişi Xocalıda məskunlaşandan sonra isə onu gətirdiniz Xocalıya...

- Hə. Bacısı Fiqurə bu zaman birinci sinfə gedirdi. Zamini də gətirdik ki, həm gözümüzün qabağında olsun, həm də bir yerdə məktəbə getsinlər.

Faciə gecəsi isə meşədə bir ayrı mamam oğlu (bibim oğlu – N.Z.) vardı, o yaşlıydı, elə meşədə də qaldı, meşənin yarısında itirdik onu, bax, o mənə söylədi ki, Zamin qabaqda gedib. Mən də inandım. Çünki onun camaata bələdçilik edəcəyi gözlənilən idi. Dedim ta Zamin bələdçilik edib, düşüb camaatın bir hissəsinin qabağına gedib. Ona görə mən də yanımdakı camaata qoşulub getdim.

- Siz ayrı yolu getmisiz...

- Yox, Xocalıdan çıxanda bir qədər məsafəni elə eyni yolu getmişik. Bu getdi qabaqda deyə, sonra başına nələr gəldiyini bilmədim. Sonradan bilmişəm ki, sən demə, dəfələrlə gedib-qayıdıb, gedib-qayıdıbmış. Mən bax, bu Həsəngillə (yanında əyləşmiş qohumu Həsən Həsənovu göstərir – N.Z.) bir yolu getmişik. O bu Həsəni də aldadıb ki, xalama de Zamin getdi. Yəni mən də evdən arxayın çıxım gedim də. Mən də ona tam inandım ki, bu bələdçidi, yəqin getdi. Daha mən nə bilim gedib təkrar-təkrar qayıdacaq?!

- Füzuli yaralı vəziyyətdə Ağdam xəstəxanasında da sizi soruşub...

- Soruşub, bilirəm onu.

- Siz deyəsən yön almısız ermənilərin yaşadığı Dəhraz, yoxsa Kətik kəndi istiqamətinə...

Kənardan qulaq asan Həsən Həsənov bu yerdə söhbətimizə qoşulur:

- Biz birlikdəydik Səkinəylə. Biz Kətik yox, Haroy istiqamətinə getdik. Zeynal adlı kəndçimiz bələdçi kimi düşmüşdü qabağımıza. Biz də onun ardınca irəliləyirdik.

“Erməni Haroya xəbər çatdırdı ki, xocalılar dağılıb meşələrə”

Neçə nəfər idiniz sualıma ikisi də bir ağızdan “otuz nəfərdən çox olardıq” cavabını verir. Həsən deyir, onları Haroy kəndi tərəfə aparıblar, səhər işıqlananda dəstə artıq çayı keçib. Zeynalın ardınca təxminən qurşağa qədər çıxan qarı yara-yara irəliləyiblər. Həsənin bu yerlərə bələdçiliyi olduğundan, hava işıqlaşan kimi səhv isiqamətdə - ermənilərin yaşadığı Həsənabad kəndinin alt tərəfinə gəlib çıxdıqlarını görüb və həyəcanla vaxt itirmədən qayıtmalı olduqlarının vacibliyini söyləyib. Deyib ki, bu yolla gedib düz Xankəndinin üstünə çıxacaqlar. Sən demə, bələdçiliyi üzərinə götürmüş Zeynal da meşənin sıx yerlərindəki cığırları heç yaxşı tanımırmış. Amma israrla tanıdığını söylədiyindən camaat ona qulaq asıb və belə bir səhv istiqamətə, hətta daha çox təhlükəli əraziyə gəlib çıxırlar. Səkinə xala müdaxilə edir söhbətimizə:

- Həsən, axı bizi gülləyə tutdular, ona görə yolu itirdik.

Həsən deyir yox, güllə atılan yer xeyli arxada – uzaqda imiş. Amma gəlib çıxdıqları bu ərazi xocalılıların, Həsən özü də daxil olmaqla, yayda ot çaldıqları biçənəklər olub. Bu zaman çiynində tüfəngi, yanında ov tulası olan bir erməninin ova getdiyini görürlər. İstəyirlər ki, ona atsınlar. Kimsə deyir güllə atıb qarışıqlıq salmayaq, çox güman, bu adam heç Xocalıya divan tutulmasından, xocalılıların ev-eşiklərindən didərgin salındığından xəbərsizdir. Çünki o erməni heç nədən xəbərsiz kimi öz aləmində ova gedirmiş. Mənfur ermənilərin belə bir soyqırım törətdiyi gün hadisələrdən xəbərdar hansısa erməni dığasının yadına ov düşərdimi?!

Ancaq Həsən bildirir ki, kimsə sözə baxmayıb və erməniyə tüfənglə bir güllə atır: “Erməni də qaçdı gizləndi, gözdən itdi və tez Haroya xəbər çatdırdı ki, xocalılılar burda dağılıb meşələrə. Burda bizi tutdular gülləyə. Məcbur olub qayıtdıq, təzədən gəlib bir də Xocalının qabağına çıxdıq və ordan dikləndik (qalxdıq) meşənin içərisində Ayı talası deyilən yerə”.

Səkinə xala da Həsənə qoşulub təsdiqləyir ki, azdıqlarına görə meşədə eyni yerləri təkrar-təkrar dolanmalı olublar. Həsən deyir, amma Qağası (atasını nəzərdə tutur – N.Z.) orda olsaymış, kişi bu yerləri beş barmağı kimi tanıdığından onları sakitcə, salamat aparıb çıxararmış Ağdama. Çünki o da Füzuli kimi yollara çox yaxından bələd imiş. Bəs bu zaman atasının harada olması ilə maraqlanıram. Deyir, sonuncu günlərdə Ağdama iş dalınca gedibmiş. Yollar bağlandığından daha geriyə qayıda bilməyib (bəlkə bu da işin xeyrinəymiş. Çünki yaşlı adamın o təlaşlı anlarda camaatla ayaqlaşıb o müdhiş gecədən salamat çıxa biləcəyi yalnız təsadüflər nəticəsində mümkün ola bilərdi. Xocalı qətliamını özündə əks etdirən şəkillərdə qocaların necə vəhşicəsinə qətlə yetirilib, meyitlərinin yollarda səpələnib qalmasını bütün “kar, lal və kor dünya”, nisbətən də gözlü dünya görüb. Xocalı gecəsi ilə bağlı belə faktları düşündükcə... – N.Z.).

...Xocalıdan çıxarkən 32 yaşı olmuş, indi ömrünün orta yaş dövrünü yaşayan, amma ahıl kimi görünən Həsəni də paralel olaraq dinləməkdə davam edirəm. Ürəyi doludu. Əvvəlcə elə bildi ki, Səkinə xala ilə bərabər danışdıqları mənim üçün yetərli olacaq. Tez-tələsik “mən də danışmaq istəyirəm” söylədi. Hamımızı gülmək tutdu bu sözdən ani olaraq. Zarafatla dedim narahat olma, sən də danışacaqsan Füzuli haqqında (belə anlarda hüznlü auranı dağıtmaq üçün yüngülcə zarafatlaşma işin xeyrinə olur adətən. Müsahib açılışır, daha yaxşı həmsöhbətə çevrilir – N.Z.). Amma belə söhbətlərim zamanı uzun-uzadı zarafatlaşmaq, gülə bilmək...bunlar heç xəyalımın ucundan da keçmir. Nə isə. Bu yerdə Həsəni dinləyək. O bizə Milli Qəhrəmanımızın – Füzulinin də həyatına son verən Xocalı qətliamı gecəsinin dəhşətlərindən danışır. Həsən həm də Xocalılı günlərin və Xocalı qətliamının şahidlərindəndir:

- Kənddə atışma düşəndən əvvəl – hələ axşamdan Əkbər idi, Şükür idi, Rafail idi, qardaşım Ədalət idi, mən idim, atamgilin evində hinduşka kəsib yaxşıca yeyib-içmişdik. Təxminən saat on bir olardı dağıldıq evlərimizə. Evə yenicə çatmışdıq atışma səslərini eşitdik. Di gəl ki, atışma səsi bizləri bir o qədər də qorxutmurdu. Çünki o vəziyyətdə yaşadığımızdan, atışma səsinə adətkərdə olmuşduq. Amma hiss olunurdu budəfəki atışma miqyasına görə nəsə əvvəlkilərə bənzəmir. Pəncərədən baxdım ki, ermənilər dəmir yolunun üstündədirlər. Ədaləti də içki tutub. Sərxoşdu, yıxılıb yatıb. Yüyürdüm bunun üstünə ki, dur, erməni gəlib çıxıb bura. Birtəhər oyatdım. Qapıları bağladıq, getdik Valehgilə. Getdik ki, Valehgil yoxdu evdə. Dedik yəqin Zaminin yanına - Səkinəgilə gediblər. Qaçdıq tez onlara. Gördük burda da yoxdular. Heç Zamin də yoxdu evdə. Təzədən mən bir də qayıtdım kəndə Valehi axtarmağa. Bu zaman dəmir yolu tərəfdən güllə səsi eşitdim. İşıqlı güllələri də gördüm. Getdim gördüm Zaminlə rəhmətlik Bəhlul dəmiryolunun şpalının birini çıxarıblar, özlərinə onun yerində səngər düzəldiblər. Erməni də ferma tərəfdən ikitərəfli ata-ata gəlir. Tanklar, əli silahlı piyadalar... Tanklardakı ruslar, tankın ardınca piyada gələnsə ermənilər idi. Çatdım Zamingilin yanına. Dedim siz iki nəfər bu boyda ordunun qabağında neyləyəcəksiz? Gedək-gedək. Dedi yox, sən durma get, biz gələcəyik. Dedim yox, dur gedək. Camaat hamısı gedib. Səkinə də sənə görə qalıb orda, Nazimin bacıları da yığışıb onun başına, gözləyirlər. Dedi “yox, Həsən, sən get Səkinə xalamı da, qızları da götür çıx yola, mən arxadan gələcəm. Bu yaxşı oldu ki, tapışdıq. Mən sənə görə Səkinədən nigaran qalmaram, sən də məndən nigaran qalmazsan”. Dedim mən səni necə burda qoyum gedim axı?! Özü də dəliqanlı idi xasiyyətcə, sözünü çevirəndə xoşuna gəlməzdi (bu yerdə Səkinə xalanın da təsdiqləyici səsi eşidilir – N.Z.). Dedi Allah haqqı, səni ataram, get Səkinəni götür, siz çıxın. Bu zaman artıq o, bir dəstəni bərədən keçirib qayıdıbmış. Sonra eşitdim ki, sən demə, o daha üç dəfə camaatı bələdçiliklə aparıb keçirib qayıdıbmış. Yəni mənim hesabımla bu bələdçilik dörd dəfə baş tutub. Mən Səkinəgili götürüb çayı adlayandan sonra o növbəti dəstə ilə hərəkətə başlayıbdı. Amma yenə də bizdən qabaq çatmışdı.

Səkinə:

- Çünki o bildiyi yollarla düz aparmışdı camaatı, amma biz azmışdıq deyə, geriyə qalmışdıq.

Həsən:

- Zamin o yolları əzbər tanıyırdı. Dəfələrlə gedib-gəlmişdi, silah gətirmişdi Ağdamdan. Mikayıl kişi ilə Zamin, bir də mənim atam o yolu ən dəqiq tanıyırdılar. Lap gizli yerləri də bilirdilər, çünki həmişə gedib-gəlirdilər. Beləliklə, biz iki günə gedib çıxdıq Ağdamın Abdal-Gülablı kəndinə.

“Qalmağımız bu yetimi gözgörəsi ölümə vermək deməkdir”

Səkinə:

- Biz o iki günü yubanmağımız, Abdal-Gülablıya gedib çıxmağımız hesabına çox vaxt itirdik. Ağdama gəlib çatanda gördük artıq Zamin xəstəxanada keçinib (ağlayır).

Həsən:

- Bəlkə də Zamini xilas etmək olarmış. Çoxlu qan itirsə də. Ancaq Ağdam xəstəxanasında o qədər yaralı, ölü olub, o qədər qışqırıq, vaynöysə, ah-nalənin içərisində başlarını itiriblər həkimlər, heç iynə-dərmanı da çatdıra bilməyiblər.

Səkinə:

- Qorxu nə olduğunu bilmirdi Allah haqqı. Neçə dəfələrlə demişdim, ay Zamin, güllə belə şeydi ki, o getdi daha qayıdası deyil. Yaralanması elə belə də olubdu. Özü də deyibdi ki, bəs Səkinə hanı, Səkinə hanı (hönkürüb ağlayır).

- Yəqin düşünürmüş, qorxurmuş ki, Səkinə xala meşədə qalar, ermənilərə əsir düşər...

- Hə-hə. Ancaq ona görə narahat imiş. Təsəvvür edin, 26-sından bir qədər əvvəl qoca anamı çıxaranda anam etiraz elədi ki, bizi qoyub getməyəcək. Dedim, ay ana, sən də çıxmasan, mən də çıxmasam, bütün Xocalı çıxsa belə bilirsən ki, Zamin bizi qoyub heç yerə getməyəcək. Dedim bizim burda qalmağımız bu yetimi gözgörəsi ölümə vermək deməkdi. Bax bu sözü eşidəndə anam isindi (bu söz ona təsir elədi – N.Z.), çıxmağa razılaşıb getdi. Zamin yığdı bunları çoxuşaqlı ailələrlə birgə vertolyota, yola saldı Ağdama. Mən özüm də gedə bilərdim. Bir səbəbə qaldım ki, qaçaqaç olsa bunu aparım. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Hadisələr olanda o heç mənə səmt durmadı. Məni bax, şahidin biri burdadı, görürsünüz, Həsənə tapşırıb, özü gedib camaatı çıxarmağa. Mənə qəsdən sahman gəlməyib ki, Səkinə məni dartıb aparacaq. Sizi necə başa salım, ürəyim necə soyusun, vallah bilmirəm, elə bil ki, bütün Xocalı, bütün Qarabağ bunun dədəsinin-nənəsinin doğma yerləri, Allahdan payları idi, o bu torpaqlar üçün bax, belə istəklə vuruşurdu.

Çoxlu xocalılılarla təmaslarım, söhbətlərim nəticəsində yaranmış qənaətimlə anlayıram Səkinə xalanın bu sözlərinin çəkisini. Düz deyir, Füzuli-Zamin bütün xocalılıların, Xocalının qeyrətini çəkirdi. Bu heç də gəlişigözəl sözlər deyil... Füzuli bu istəyini hər addımında sübuta yetirirdi. Gördüyünüz kimi, o yalnız böyük mənada millətə həyanlığını müəyyən qədər yerinə yetirə biləndən sonra doğmalarını, hətta ana əvəzi Səkinə xalanı, bacısı Fiqurəni və digər doğmalarını düşünürdü, gözləri önünə gətirirdi. Onların xilasını, onların xilasına bilavasitə cavabdehlik məsuliyyətini yenə də bütün xocalılıların xilası aspektində dəyərləndirirdi. Çünki Füzuli bir ailədə doğulsa da, bir ailə üçün doğulmamışdı. Onun həyat tarixçəsini bir ailə, bir nəsil çərçivəsində məhdudlaşdırmaq mümkün deyil. Açılırmı bu xarakter, əziz oxucular?! Elə bu müsahiblərimlə növbəti yazıda davam edəcəyik.

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist

Mənbə: www.baki-xeber.com