Sabit Rəhmanın “Hicran” komediyası ilk dəfə 1973-cü ildə səhnələşdirilib. Tamaşaya rejissor Şəmsi Bədəlbəyli quruluş verib. Rollarda isə Xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Siyavuş Aslan həmçinin Nəcibə Behbudova, Məmmədsadıq Nuriyev, Ofeliya Aslan oynayıblar. Tamaşa televiziyaya çəkilərkən aktyor heyəti bir qədər fərqli olub. Bir maraqlı nüans. Obrazların hər biri üçün aktyordan başqa dublyor təyin edilsə də Nəsibə Zeynalovanın canlandırdığı obraz üçün ehtiyyat aktyor olmayıb.
Rejissor hesab edib ki, görkəmli aktrisanı əvəz edəcək ikinci şəxs yoxdur. Tamaşanın pərdəarxasında olduqca maraqlı hadisələr yaşanıb. Xalq artisti Nəsibə Zeynalova xəstələndiyi üçün müalicəyə Moskvaya gedir. Rejissor onun oynadığı “Qızbacı” rolunu başqa aktrisaya verməyə məcbur olur. Tamaşa isə uğursuz olur. Bundan xəbər tutan Nəsibə Zeynalova həmkarlarından və rejissordan inciyir. Bundan sonra görkəmli aktrisa bir daha “Qızbacı” rolunu ifa etməyəcəyini bildirir. Aktrisa yalnız 1983-cü ildə televiziya rejissoru Ələkbər Kazımovskinin təkidi ilə məhz televiziya çəkilişi üçün sonuncu dəfə bu obrazı oynayır. Tamaşa zamanı o qədər improvizələr baş verir ki, müəllif öz əsərini tanımır. Hətta aktyorlar bir-biri ilə həyatda küsülü olublar.
Əməkdar artist, “Hicran” tamaşasında “Balaşka” obrazının ifaçısı Novruz Qartal Moderator.az-a tamaşanın pərdəarxası məqamlarından danışıb.
“Tamaşa vaxtı bizi gülmək tutmuşdu. Orda hətta bir yer var ki.. Hacıbaba Bağırov deyir ki, “Qızbacı, siz yardım əlinizi bizə uzada bilərsiz?”.. Nəsibə xanım o dəqiqə Siyavuş Aslandan soruşdu ki, Yardıməli kimdir? (gülür). Nəsibə xanım əlini uzadanda Siyavuşu gülmək tutdu. Bu ssenaridə yox idi, hamının üzündə gülüş yarandı. Bilirsiz ki, mənimlə qalstuk səhnəsi var. Qalstuku taxdı boğazıma.. Boş qalmayım deyə qalstuku götürdüm, əlimə sürtdüm. Dedi ki, adə neynirsən, kisə çəkirsən? (gülür). O xanım elə hazırcavab idi ki.. Səhnədə də gərək o hazırcavablığı həmkarı ona qaytaraydı.. Qaytara bilməyəndə, cavab verə bilməyəndə hirslənirdi” - deyə Novruz Qartal bildirib.
Tamaşada Orxan rolunu aktyor, əməkdar artist Bəhram Əliyev canlandırıb. Aktyor uzun illər Opera və Balet teatrında çalışıb. Hal-hazırda sənətdə olmasa da Bəhram Əliyev o illəri belə xatırlayır.
“Mən o vaxt Musiqili Teatra yeni gəlmişdim. Gördülər ki, cavan, yaraşıqlı bir oğlanam. Dedilər ki, gəlin Orxan rolunu həvalə edək Bəhrama. Həqiqətən də çox sevindim, sevincimin həddi-hüdudu yox idi. Amma bu mənim üçün həm də çox böyük bir məsuliyyət idi. Çünki böyük sənətkarlarla tərəf müqabili idim. Nəsibə xanımla daha sonra “Qaynana” tamaşasında da tərəf müqabili oldum. Çox maraqlı, xatirələrlər dolu günlər idi. Böyük sənətkarlar bizə dəstək olurdu, məşq prossesində bizi düzgün istiqamətləndirirdilər. Demək olar ki, rejissordan çox onlar bizimlə məşğul olurdular” - deyə aktyor bildirib.
Bu tamaşa hələ uzun illər tamaşaçıların və xüsusilə də teatrsevərlərin yaddaşında yaşayacaq.





Mənbə: moderator.az