Qəbirstanlıqlar və ziyarətgahlar insanlar üçün təkcə dini deyil, həm də mənəvi dəyəri olan müqəddəs məkanlar hesab olunur. Lakin son dövrlərdə sosial şəbəkələrdə bu məkanlarda uyğun olmayan geyimdə çəkilmiş foto və videoların paylaşılması müzakirələrə səbəb olur. Xüsusilə vulqar və diqqətçəkən geyim tərzinin ziyarətgahlarda nümayiş etdirilməsi etik və dini baxımdan suallar yaradır. Bu məsələ həm davranış qaydaları, həm də ziyarət mədəniyyəti baxımından aktuallığını qoruyur.
İlahiyyatçı, hacı Mircəfər Əyyubov açıqlamasında deyib ki, xanımların geyim məsələsi yalnız qəbirstanlıq, ziyarətgah, məscid və digər müqəddəs məkanlar kontekstində dəyərləndirilən mövzu deyil:
“Ümumiyyətlə, bir xanımın kübarlığını, əzəmətini və xanım-xatınlığını onun geyim tərzi də müəyyən mənada ifadə edir. Necə ki, vulqar və qeyri-ciddi geyimdə küçədə hərəkət edən bir xanıma qarşı cəmiyyətdə müəyyən münasibət formalaşır, eyni zamanda zövqlə və ləyaqətlə geyinən, geyimi ilə qadınlıq qürurunu nümayiş etdirən xanımlara həm kişilər, həm də digər xanımlar tərəfindən xüsusi hörmət göstərilir. Qəbirstanlıq, ziyarətgah və məscid kimi məkanlarda bu mövzunun daha qabarıq görünməsinin əsas səbəbi həmin yerlərin insan təfəkkürünü və mənəvi dünyasını formalaşdıran məkanlar olmasıdır.
Məsələn, bir xanım qəbirstanlığa gedirsə, bu, onun dünyadan köçmüş yaxınlarını yad etməsi deməkdir. Dünyadan köçmək isə insanın istər-istəməz haqq-hesab dünyasını xatırlamasına səbəb olur. Elə bu zaman insanların zehnində sual yaranır, haqq-hesab dünyasını xatırladan məkana bu geyimdə, bu makiyajda və bu əhval-ruhiyyədə gəlmək hansı mesajı verir? Əgər məqsəd Yaradanı xatırlamaqdırsa, niyə həmin məkanın mənəvi mahiyyətinə uyğun davranılmır?”.
O bildirib ki, məhz bu səbəbdən müqəddəs məkanlarda geyim məsələsi daha həssas qarşılanır:
“Dünyanın bir çox yerində insanlar qəbirstanlıq, ziyarətgah və məscidlərə gedərkən geyimlərinə xüsusi diqqət yetirirlər. Heç olmasa, başlarına bir şal örtərək və ya daha təmkinli geyim seçərək həmin məkana ehtiramlarını nümayiş etdirməyə çalışırlar. Təəssüf ki, bu gün “Qadının əxlaqını geyim göstərmir” kimi şüar altında bütün sərhədləri aradan qaldırmağa çalışan yanaşmalar mövcuddur. Halbuki geyim insanın cəmiyyətə verdiyi ilk vizual mesajlardan biridir. İnsanın zahiri görünüşü onun özünü təqdimetmə formasıdır və bu, istər-istəməz ətrafdakı insanların düşüncəsinə təsir göstərir. Buna görə də insanların məntiqini, mental və mənəvi dəyərlərini zorlayan yanaşmalar cəmiyyətdə haqlı olaraq müzakirələr doğurur”.
Leyla Turan
Mənbə: demokrat.az