“Olmaya Nizami Gəncəvinin qorxduğu elə başına gəlib?!”

“Olmaya Nizami Gəncəvinin qorxduğu elə başına gəlib?!”

Bir sıra ədəbiyyat adamları iddia edirlər ki, Nizami Gəncəvinin əsərlərinin dilimizdəki mövcud tərcümələri pis deyil, onlara xeyli zəhmət çəkilib, mütərcimlər tərəfindən həmin bədii nümunələrin məna yükü mümkün qədər saxlanılıb, vəznin qorunması isə vacib deyil və sair və ilaxır. Əruz vəzninə az-çox bələd olanlar bilir; bu vəzninin möhtəşəmliyi ondadır ki, söz sırası mənanı idarə edir, onu yaradır, özünü ona, onu da özünə tabe edir. Bu uzlaşma, bu rabitə fərqli və bəşəri söz deyən sənətkarı uca məqamlara qaldırır. Şair heca vəznində püxtələşdikcə mənadan uzaqlaşıb səsə sığınır, sərbəst şeirdə püxtələşdikcə poeziyadan uzaqlaşıb vahid mənaya yaxınlaşır, ancaq əruzda püxtələşdikcə mənanın çox variantlılığını artırır. Əruzda vəznə müdaxilə demək olar mümkünsüzdür deyə şair bunun əvəzində mənanın imkanlarını çoxaldır ki, yazdığı əsər düşündürücü olsun. Klassik ədəbiyyatın şah nümunələrini çoxyozumlu olmasının əsas səbəblərindən biri də budur.

Gələk Nizami Gəncəvinin əsərlərinin tərcüməsi məsələsinə: Süleyman Rüstəm “Sirlər-xəzinəsi”ni tərcümə edib. Tərcümə zamanı vəznin qaydalarını gözləmədiyinə görə, Nizaminin 11 hecaya sığışdırdığı fikri, Süleyman Rüstəm 14 hecada tərcümə edib. Bu üsul həmin əsərdəki fikrləri dərininə yox, eninə doğru genişləndirmək deməkdir. Görkəmli klassik ədəbiyyat tədqiqatçısı Sabir Əliyevin hələ uzun illər öncə bu tərcümə haqqında “Vəzn axtarışı” adlı bir məqalə yazıb. Həmin məqaləni oxuyanda aydın olur ki, 11 hecalı şeiri 14 hecada tərcümə ediləndə aşağıdakı artım fərqləri yaranıb:

11000 sözlük əsərin həcmi 14000 sözə qalxıb

əsərin leksik kütləsi 27,3% faiz çoxalıb

oxunuşu – ifa müddəti üçdə bir dəfə artıb

səs kütləsi 30 faiz artıb.

oynaq ritmlər kələ-kötür fikirlərlə əvəzlənib.

əsərin yazıldığı səri bəhri 3, tərcümə edildiyi 14-lük heca vəzni isə 4 ölçülü olduğu üçün bu məqamda da labüd artım qaçılmaz olub

Bütün bu sadalananlar problemlər tərcümədə var deyə paralel olaraq çoxsaylı qüsurlar da meydana çıxıb. S Əliyevin də qeyd etdiyi kimi, S.Rüstəm kimi peşəkar şair bu tərcüməsində “qoca qarı” ifadəsini işlədir. Məgər cavan qarı da olur? Yaxud “Kərpickəsən kişin dastanı”ndakı yaşlı kişini “Xeyli qoca” kimi dilimizə çevirib. Qoca kişi kərpic kəsə bilər, amma xeyli qocanı kişinin bu işi görməyə heyi nə gəzir?. Yəni tərcümədəki artıq sözlər bəzi hallarda Nizaminin hikmətini mənasız, məntiqsiz, yersiz fikir yığınına çevirir.

Nizami bu əsəri “səri” bəhrində yazıb. Bu bəhrə bəzən”xəsis bəhr” də deyirlər. Çünki bu bəhrdə az sözlə çox şey demək olur. Əlbəttə, çevrilən dil buna imkan verməyə də bilər. Axı bizim də yeddi misralıq bayatılarımıza sığan fikri başqa dilə eyni mənanı qorumaqla çevirmək hər dəfə mümkün olmur Nizaminin adı çəkilən əsəri əgər əruzun “dar bəhr”lərindən birində dilimizə tərcümə edilsəydi, bəlkə də, bu qədər bu qədər israfçılığa, artıq sözlərə, qeyri-dəqiqliyə də yol verilməzdi. Kim bilir...

Paradoksal olan bilirsiz nədir? “Leyli və Məcnun”da oğluna xitabən Nizami Gəncəvi vəsiyyət edir ki, “söz zərifliyi etibarı ilə su kimi olsa da, onu az söyləmək daha məsləhətdir. Sudan bütün zülal maddələri əmələ gəlsə də, onu çox içməkdən zərər törəyir”. Yuxarıda M.Əlizadənin tərcüməsində verdiyim bu nəsihəti xalqımız Səməd Vurğunun poetik çeviriməsində müəyyən təhriflərlə belə xatırlayır:

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da.

Nizami Gəncəvinin öyüd verdiyi təkcə oğlu Məhəmməd deyildi, həm də gələcək nəsillər, bəlkə də, onun əsərlərinin tərcüməçiləri idi. Eləcə də Süleyman Rüstəm idi. S.Rüstəm Nizaminin oğluna – gələcək nəsillərə vəsiyyətini inanmıram ki, eşitməmiş, yaxud oxumamış olaydı. Bəs onda Nizaminin ehtiyatlandığı “artıq söz”dən nə üçün yayınmağa çalışmayıb? Bu tərcümə həmin vəsiyyətin sanki cırılıb kənara tullanması deyilmi? Olmaya Nizaminin qorxduğu elə başına gəlib?!.

Mənbə: qafqazinfo.az