Məhşurlar peyvənd vurduracaqlarmı? - KORONAVİRUS SORĞUSU...

Məhşurlar peyvənd vurduracaqlarmı?  -  KORONAVİRUS SORĞUSU...

Ölkəmizdə “Covid-19” virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlərin vurulmasına başlanılıb. Peyvəndlərin məcburi olmadığı da deyilir. Ancaq yan təsirləri də yox deyil.

Moderator.az olaraq biz də sənətçilər arasında sorğu keçirdik. Onlardan peyvənd vurdurmaq istəyib istəmədiklərini xəbər aldıq. Aldığımız cavablar isə fərqli oldu.

Xalq artisti Teyyub Aslanov vaksinlərin vurulmasına ciddi yanaşmağı təklif etdi: “Bir ildən artıqdır ki, dünyanı cənginə alan, normal həyatı iflic vəziyyətə salan “Covid 19”-dan qurtulmanın yeganə yolu kütləvi vaksinasiyadırsa, düşünürəm ki, buna ciddi yanaşılmalıdır”.

Xalq artisti Mənsum İbrahimov vaksinlərin vurulmasına münasibətinin müsbət olduğunu vurğuladı: “Təbii ki, vaksinlər təcrübədən, testdən keçirildikdən sonra mən də vurduracam. İnmşalah, ölkəmiz bu yolla “Covid-19” bəlasından xilas olar”.

İfaçı İzzət Bağırov deyir ki, peyvənd hər zaman xəstəliklərdən qorunmaq üçün ən ideal vasitə olub: “Tarixən xəstəliklərdən, viruslardan qorunmaq üçün peyvəndlərdən istifadə edilib. Hazırki durumda niyə edilməsin ki? İndi də həmin vəziyyətdir. Əgər dövlətimiz məsləhət bilirsə və həmin peyvəndlərin ölkəmizə gətirilməsi üçün lazımi tədbirləri görübsə demək hər birimiz özümüzü, ailəmizi qorumaq üçün bu peyvəndləri vurdurmalıyıq. Əks halda gözə görünməz bu virusun qarşısını almaq mümkün deyil. Bu gözə görünməz düşmən ətrafımda, tanıdığım insanların çoxunu bizdən alıb. Buna bir son demək lazımdır. Əgər ondan xilas olmağın yolu peyvənd vurdurmaqdırsa və dövlətimiz bunu məsləhət bilirsə vurduracağıq. Dünyada hər zaman bu cür peyvəndlər olub və bu gün də var, sabha da olacaq. Məhz ondan sonra bu tip xəstəliklərin kökü kəsilib”.

Xanəndə Səbinə Ərəbli isə peyvənd vurdurmağın tərəfdarı deyil: “Deyirlər bu vaksini vurdursan iş qabiliyyətini itirəcəksən. Əgər vurulan vaksindən dünyanı dəyişsən sənə pul ödəniləcək. Yəqin ki, təhlükəli bir vaksindir ki, öncədən bu proqnozu verirlər. Yəni 100 faiz sağalacağına özləri də təminat vermir. Açığı vaksin vurdurmaq istəmərəm. Amma məcburi olsa istədin, istəmədin hamıya vuracaqlar”.

İfaçı Nadir Qafarzadə sovet dönəmindən peyvəndlərin var olduğunu və onların sayəsində viruslardan qorunduqlarını bildirdi: “Anadan doğulandan bizə peyvənd vurulub. Hətta qeyd edim ki, sol qolumda uşaq vaxtı mənə vurdurulan peyvəndin izi qalıb. Sovet dönəmində insanlar bu peyvəndlərdən istifadə edirdi və nəticədə insanlar sağlam yaşayırdı. Ancaq ölkəmizə gətirilən bu vaksinin nə üçün olduğunu bilmirəm. Vaksin haqqında heç bir məlumata sahib deyiləm. Eşitdiyimə görə biz istəksək də, istəməsək də o gətirilən vaksinlər bizə vurulmalıdır. Mən nə çarəyəm ki, onu vurdurmayım. Düşünürəm ki, bu vaksinlər məcburi olacaq. Bilmirəm… Əslində bilirəm, demək istəmirəm. Qoy bildiklərim özümdə qalsın”.

Xəyalə Rəis

 

 

 

Mənbə: moderator.az