"Göz dağı gözdən uzaq olmamalıdır..." - VİDEO

"Göz dağı gözdən uzaq olmamalıdır..."  - VİDEO

Bu gün ən xoş günlərimizdən biridir. Üzeyir bəyin, Natavanın və Bülbülün heykəlləri artıq Şuşadadır...

İncəsənət Muzeyinin həyətinə atılıb qalmış bu heykəlləri görəndə bir vətəndaş kimi həmişə xəcalət çəkirdim. Azərbaycan himninin müəllifi olan dahi bəstəkarımızın güllələnmiş və yurdundan didərgim düşmüş heykəlinin qarşısında keçirdiyim hissləri təsvir etmək çox çətindir. Mən təkcə xəcalət çəkmirdim, həm də keçirdiyim hissləri videolentə çəkirdim. Müəllifi olduğum proqramlarda dəfələrlə ürək ağrısıyla bildirmişdim ki, bu böyük şəxsiyyətlərin güllələnmiş, təhqir olunmuş büstləri İncəsənət Muzeyinin həyətinə yox, Şəhidlər Xiyabanına qoyulsa daha yaxşı olar. Şəhid olmuşların, düşmən gülləsinə tuş gəlmişlərin yeri oradır axı. Qoy bu heykəllər həmişə həm bizim, həm də xiyabana gələn əcnəbilərin gözü qabağında olsunlar. Həmin büstlər bizə göz dağıdır. Göz dağı gözdən uzaq olmamalıdır. Ən azı onlar öz doğma yurdlarına qayıdana kimi. Neçə illər çalışsam da, səsimə səs verən olmadı...

Şükürlər olsun bu günə! Şuşa da qayıtdı, heykəllər də! Bir vətəndaş kimi bu günlər mənim ən xoş və qürurlu günlərimdir.Ürəkdən Ali Baş Komandanımıza təşəkkür edirəm !

Bir daha xatırladıram, müəllifi olduğum proqramlarda heykəllərlə bağlı məqamlar çoxdur.Başağrısı olmasın, birini yada salım.

...Dahilərdən biri deyibki, mənim heykəlimin ən uca nöqtəsində bir cala düzəldin, qoy yağış yağanda ora su yığılsın və quşlar gəlib su içsinlər. Qoy mənim heykəlim həmişə gərəkli olsun. Ümumiyyətlə gərəksiz heykəl yoxdur. Heykəlin ayağının altını qazımaqdansa, onun çiyninə qalxıb dünənə və sabaha boylanmaq daha yaxşıdır.

Bərdə hökmdarı Nüşabənin və Abbasqulu ağa Bakıxanovun17 il əvvəl sifariş verilən və tam hazır olan heykəllərinə sahib cixan tapılmırdı. Rəssamlar İttifaqının anbarında yanaşı atılıb qalmış, toz basmış həmin heykəlləri görəndə bir anlığa düşündümki, yəqin onlar bir-birindən tez-tez soruşurlar- ”Günahımız nədir bizim,ay günahsız əzizim?”. Bakıxanov qəsəbəsindəki postament uzun illər boş qalmışdı. Bərdəlilər, daha doğrusu Bərdənin müasir “hökmdarı” öz hökmdarına sahib çıxmırdı. Bu heykəllərin günahı nə idi?

Bu heykəllərin sifariş verilməsi və tam hazır olması müstəqilliyimizin ilk və çətin illərinə düşmüşdü. Amma aradan xeyli vaxt ötmüşdü. Yuxarıdakılara və ondan da yuxarıdakına şükürlər olsunki dövlətimiz inkişaf eliyirdi. İnkişaf etdikcə mədəniyyətə, incəsənətə qayğı daha da artırdı.

Nə Nüşabanə xanımın ,nə də Abbasqulu ağanın heykələ ehtiyacı yox idi. Bizim ehtiyacımız var idi. Milli dəyərlərimiz həmişə göz önündə olmalıdır,axı !

“Qulp”un uzunmüddətli və təkidli tənqidindən sonra Bərdə hökmdarı Nüşabənin heykəli Bərdə şəhərində, Abbasqulu ağa Bakıxanovun heykəli isə onun adını daşıyan qəsəbədə qoyuldu. Məhbus heykəllər azad heykəllər çərgəsinə qoşuldular. Bunun ücün çox şey də lazım deyildi. Sadəcə vətəndaş olmaq lazım idi- vətənin bu daşlarını layiq olduqları yerə qoymaq üçün. Qoy onların da vətən daşları olduğunu hamı görsün...

Qayıdıram söhbətimizin əvvəlinə...Azərbaycan himninin müəllifi olan dahi bəstəkarımızın güllələnmiş heykəli artıq Şuşadadır! İndi bizim himnimiz dünyanın hər yerində daha ucadan səslənəcək !

... Bu heykəllər tariximizin bir hissəsidir, gərək bu hissənin şərəfini qoruyaq. Və unutmayaq ki, tariximizin bir hissəsinin şərəfi, elə bizim şərəfimizin bir hissəsidir!

Mübariz Əsgərov

əməkdar jurnalist

 

Mənbə: moderator.az