"Professional karikaturaçı rəssam kimi yetişməyimdə "Kirpi"nin böyük rolu oldu..."

"Professional karikaturaçı rəssam kimi yetişməyimdə "Kirpi"nin böyük rolu oldu..."

Azərbaycanda karikatura sənəti böyük inkişaf yolu keçib. Dövrü mətbuatda, satirik jurnallarda öz əksini tapan karikaturalara 19-cu əsrin ortalarında təsadüf edilib. 20-ci əsrin əvvəllərində isə “Molla Nəsrəddin” jurnalının nəşri ilə bu sahədə yeni mərhələ başlayıb. Xalq rəssamı Əzim Əzimzadə də məhz bu jurnalda dərc olunan karikaturaları ilə tanınıb. Karikatura sənətindən danışarkən 1952-ci ildə nəşr edilən “Kirpi” jurnalının da xüsusi rolunu qeyd etmək lazımdır. Müasir dövrdə karikatura sənətinin ən layiqli davamçılarından biri, Rəssamlar İttifaqının üzvü, “Kirpi” jurnalının bədii redaktoru, tanınmış rəssam Hafiz Nəsiroğludur.

Moderator.az-a açıqlama verən həmsöhbətimiz uşaq yaşlarından bu sənətlə məşğul olduğunu deyir.

“Təxminən 8-9 yaşım olardı. Bizim evdə “Hophopnamə” kitabı var idi, kitabda gözəl illustrasiyalar yer almışdı. O vaxtdan bu sənət mənim qəlbimə yatıb. Bizim Arif Mərdanov adında gözəl bir sənətkarımız var idi. O məni məcbur etdi ki, pionerlər evinə gedib, orada rəssamlıqla məşğul olum. Mənim fikrim-zikrim karikatura sənətində idi. Sənətə orada yiyələnib, sirlərini öyrəndim. Günlərin bir günü Əzim Əzimzadəyə qəbul olmaq üçün sənəd yığırdılar. Mən gəlib soruşurdum ki, orada karikatura ilə bağlı fakültə varmı? Sənətə bu qədər çox bağlı idim” - deyə karikaturaçı rəssam bildirib.

Hafiz Nəsiroğlu deyir ki, 1978-ci ildə ilk karikaturası çap olunub.

“O vaxt çörəklər satırdılar. Bir neçə gün mağazada qalandan sonra keyfiyyətini itirirdi, bərkiyirdi. O vaxt ona kərpic çörəyi deyirdilər. Karikaturada karate ilə məşğul olan bir idmançının həmin kərpic çörəkləri əli ilə dağıtdığını təsvir etmişdim” deyə karikaturaçı bildirib.

Hafiz Nəsiroğlu “Kirpi” jurnalı ilə tanışlığını isə belə xatırlayır.

““Kirpi” jurnalına ayaq açmağa cürət etmirdim. Çünki orada qüdrətli rəssamlarımız var idi. Günlərin bir günü yaxın dostumla aparıb işlərimi bu jurnala təqdim etdim. O vaxt bizim avtobus sürücüləri can atırdılar ki, görəsən kim daha çox sərnişin götürəcək? Şəkilin altında da “A yordu, yordu yordu, görək kim, kimi yordu?” yazmışdım. 1980-ci illər idi. Jurnalın baş redaktoru Eyvaz Borçalı dedi ki, Hafiz, biz istəyirik səni işə qəbul edək. Mən ona dedim ki, axı jurnalistikanı bitirməmişəm, dedi ki, sən artıq jurnalistsən. Karikaturaların altında yazdığım mətnlərə görə şəkilləri daha tez başa düşmək olurdu. Professional karikaturaçı rəssam kimi yetişməyimdə bu jurnalın böyük rolu oldu” deyə Hafiz Nəsiroğlu bildirib.

Hafiz Nəsiroğlu karikaturaları içərisində məşhurların şarjlarının da üstünlük təşkil etdiyini bildirib.

“Mənim indiyə qədər 4 fərdi sərgim olub. Siz bilirsiz ki, “Kirpi” jurnalı satirik bir nəşr idi. Orada məmurların özbaşınalığı, xalqla rəftarı, onların dələduzluğu öz əksini tapırdı. Buna görə də jurnalın bağlanmasını istəyənlər çox idi. Günlərin bir günü Etibar Babayev dedi ki, biz istəyirik ki, sənin ATV qalereyada sərgini həyata keçirək. O sərgi sırf şarjlardan ibarət olmalı idi. Kataloqlar hazırlandı, qonaqlara paylandı. Sırf incəsənət sahəsində olan məşhur sənətkarlarımızın şarjları tamaşaçıların marağına səbəb olmuşdu” deyə Hafiz Nəsiroğlu bildirdi.

 

Mənbə: moderator.az