"Bir-iki xəstə var, elə ona görə də biz bilərəkdən həmin insanlara o cavabları verdik"

"Bir-iki xəstə var, elə ona görə də biz bilərəkdən həmin insanlara o cavabları  verdik"

Əməkdar artist, sevilən müğənni Könül Kərimova Moderator.az-ın suallarını cavablandırıb.

- Könül xanım, öncə istərdim şəhidlərə həsr etdiyiniz yeni mahnı və klipinizdən danışaq. Mən bu klipi və mahnını izləmişəm, həqiqətən də çox fərqli bir iş ərsəyə gətirmisiz.

- Bu mahnı 1992-ci il vətən müharibəsi illərində qələmə alınıb və həmin ildəki müharibəyə, daha dəqiq desək bir şəhidə həsr olunub. Mahnının musiqisi bəstəkar-müğənni Cabbar Musayevə, sözləri isə Şəmkir elindən olan, çox savadlı və seçilən jurnalist Şahin Nəcəfovundur. Bu mahnını o illərdə də sevə-sevə oxuyurdum, həqiqətən də mənə çox təsir edirdi. Hər dəfə səsləndirəndə sanki o hadisələr göz önümdən keçirdi. O illərdən bəri unutmamışdım.. İçimdən gəldi, hazırlayıb klip çəkdirdim. Rejissorumuz Xəyal mənim nə istədiyimi o dəqiqə anladı və biz klipi Bakıdakı uçuq-sökük bir evdə lentə alıb, həmin səhnəni yaratdıq. Belə hiss etdim ki, biz hardasa o vəziyyəti yarada bildik. Bu işdən çox razı qaldım, yəqin ki, siz də bəyənmisiz..

- Könül xanım, karantin günlərinizi necə keçirirsiz?

- Karantini hamı kimi normal qaydada keçirirəm, artıq alışmışıq. Bir az işsizliyə alışmaq çətindir. Eyni həyat tərzi bəzən biz sənətçilərə çox əziyyət verir, insan sıxılır. Neyləməliyik? Bu problemlə tək biz yox, bütün dünya mübarizə aparır. Bir-birimizə baxıb səbrlə, təmkinlə, dəstək olaraq bu karantin günlərini keçiririk. İnanıram ki, qısa zaman ərzində bu bəladan canımız qurtaracaq.

- Bir çox müğənnilər karantində toyların olmamasından şikayətlənirlər. Bu onların maddi vəziyyətinin də aşağı düşməsinə səbəb olub. Bəs sizdə vəziyyət necədir?

- Mən pandemiya dövründə yaxşı bir xasiyyətimi kəşf etdim. Heç vaxt bu gün üçün yaşayan insan olmamışam. Heç vaxt deməmişəm ki, bu gün var, sabah Allah kərim. Xeyr, qətiyyən! Mən sabahı, o biri günü, bir o biri günü, 5 gün sonranı, 1 ay sonranı düşünüb, fikirləşib, bu düşüncəmə görə hərəkət edib, addım atmışam. Düşünmüşəm ki, hansısa bir işin arxasınca getmək olar ya olmaz? Hətta mətbəximdə belə sabahkı yeməyin nə olacağını soruşub, həmin yeməyi hazırlamışam. Hər mövzuda mənim üçün öncə sabahdır. Ona görə bu xasiyyətim mənə böyük kömək və dayaq olur. Ehtiyyatımı heç vaxt əldən vermirəm, çünki sabah olmadı elə, oldu belə! Mən büdrəməyim, yıxılmayım, ayaqda durmağı bacarım. Yaxşı ki, bu xasiyyət məndə var, yoxsa mən də bir çoxları kimi əziyyət çəkərdim.

- Könül xanım, oğlunuz da bu sahədədir. Zaman-zaman yeni mahnılarını eşidirik və sizinlə birgə verilişlərə çıxır. Ona necə dəstək olursuz?

- Oğlumun bu sənətə o qədər də böyük həvəsi yoxdur. Bəzən mənə elə gəlir ki, onu məcbur edirəm. O bu sənətə xobbi kimi baxır. Mən ona demişəm ki, Rəşad, həvəsin olanda birgə çıxarıq verilişlərə.. Bu günlərdə hansı verilişə getdimsə məndən xahiş etdilər ki, onu da özümlə gətirim. Oğluma dedim, dedi ki, yox ana, həvəsim yoxdur. Heç məcbur da etmədim. Onun bu sənətin dərinliyinə getmək fikri də yoxdur. Ürəyi istəyəndə oxuyacaq, ürəyi istəməyəndə yox.

- Verilişlərdən birində qaynananız demişdi ki, ona çox dəstək olmuşam, hətta deyirdim ki, mətbəxdən çıx, get sənətinlə məşğul ol. Maraqlıdır, Könül xanım gələcəkdə özü necə qaynana olmaq istəyir?

- Əlbəttə ki, onu gəlin yox, ikinci qızım kimi biləcəm. Sözün düzü mən hal-hazırda heçnə deyə bilmirəm. Bunu zaman göstərəcək. İstəyərəm ki, hər şey yaxşı olsun. Gəlin gəlir ailənin qızı, mənim övladım olmağa. Bunu zamana buraxaq.

- Siz tamaşaçılarınıza, izləyicilərinizə hər zaman hörmətlə yanaşan birisiz. Heç vaxt qarşıma çıxmayıb ki, tamaşaçılarınızla nəsə probleminiz olsun. Amma son günlərdə etdirdiyiniz fotosessiyadan sonra onlarla aranızda kiçik anlaşılmazlıq yarandı. Təbii ki, hamısı ilə deyil. Sizi bu dərəcədə nə özünüzdən çıxardı?

- Siz bilirsiz ki, mən qalmaqaldan, dedi-qodudan uzaq biriyəm. Yoruluram bunlardan. Heç sevmədiyim bir şeydir. Sakit, səssiz, qulağı dinc olmaq mənə daha xoşdur. Səs-küylü həyat tərzini də sevmirəm. Sadəcə bəzən elə şeylər olur ki, insanı özündən çıxarırlar. Çünki bu rəylərin içərisində həqiqətə uyğun bircə dənə də söz yazılmır.. Bir şəkildir yükləyirəm instaqrama. Maşallah telefonlarda hər cür proqramlar var. Bəzən istəyirsən ki, çəkdirdiyin fotoya rəng qatasan. Adi bir vətəndaş fotostudiyada gedib şəkil çəkdirəndə fotoqraf o şəkilin üzərində rəngləri işləyir, müəyyən qüsurları aradan qaldırır və sonra onu müştərisinə təqdim edir. Burda qeyri-adi bir şey yoxdur ki! Əgər şəkillərimə yazılsaydı ki, proqramla üzərində çox işlənilib, hirslənməyə əsasım olmazdı.. O fotolarımın altından bir rəy tapa bilmədim ki, həqiqətə uyğun olsun. Açıqlamaq istəmirəm. Bunu yaxşı bilirsiz ki, işimi-gücümü atıb bir-bir kiməsə rəy yazan deyiləm. Köməkçilərim mənim icazəmi alıb, müəyyən izləyicilərə orada cavab yazdılar. İnsan susanda elə bilirlər ki, onlar deyəndir. Bəzən insanın səbr kasası dolur və cavab vermək məcburiyyətində qalırsan. Mən hiss etdim ki, bu adi izləyici rəyi deyil. Bir-iki xəstə var, onlar qrup şəkilində saxta profillərlə yazmağa başlayırlar. Elə ona görə də biz bilərəkdən həmin insanlara o cavabları verdik və sözümüzü dedik. Peşiman da deyiləm, mənə elə gəlir ki, yerli-yerində onlara cavablar yazmışıq. İnsanlarla bəzən öz başa düşəcəkləri dildə danışmaq lazımdır. Bu çox vacibdir.

 

 

 

Mənbə: moderator.az