Bu gün görkəmli kinorejissor Eldar Quliyevin yubileyidir

Bu gün görkəmli kinorejissor Eldar Quliyevin yubileyidir

Bu gün Azərbaycanın görkəmi kinorejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Debüt" studiyasının ilk bədii rəhbəri Eldar Quliyevin 80 illik yubileyidir.

Open.az xəbər verir ki, bu gün Azərbaycanın kino ictimaiyyəti, sənət adamları, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Eldar Quliyevi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı diləyirlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təbrikində deyilir:

18 yanvar rejissor, Xalq artisti Eldar Quliyevin dünyaya göz açdığı gündür, 80 yaşı tamam olur.

E.Quliyev 1960-1966-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb və təhsil illərindən sonra 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.

Rejissorun ilk müstəqil işi “Biri vardı, biri yoxdu…” adlı qısametrajlı filmi yazıçı Salam Qədirzadənin “Xəzan yarpaqları”ları” hekayəsinin motivləri əsasında çəkilib. Filmdə iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur.

E.Quliyevin quruluş verdiyi ilk böyük ekran əsəri “Bir cənub şəhərində” filmidir.

Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” povesti üzrə ekranlaşdırılan, onun ssenari müəllifi olduğu “Bir cənub şəhərində” filmi lirik-psixoloji dram janrında lentə alınıb və çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Filmdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilir, yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi diqqətdə dayanır.

Eldar Quliyev məhz bu filmlə özünü təsdiq edib, ancaq bu o qədər də asan başa gəlməyib.

1969-cu il… Respublika rəhbərliyi və Moskvadan gəlmiş nümayəndə heyətinin baxışından sonra “Bir cənub şəhərində” film rəflərdən birinə qoyulur. Çünki filmin yaradıcılarını sovet vətəndaşlarına şər atmaqda günahlandırırdılar.

Rejissor bu barədə deyib ki, günlərinin birində onu studiya rəhbərliyinin otağına dəvət ediblər və bir generalın filmə baxmağa gələcəyibi bildiriblər: “Bu film hərbçi adamı nəyi ilə maraqlandıra bilərdi?” sualıma heç kəs dəqiq cavab verə bilmədi. Təyin olunmuş vaxta on beş dəqiqə qalmış studiyaya atam – Tofiq Quliyev gəldi. Təəccübləndim ki, baxış haqqında atam haradan xəbər tutub. Tofiq müəllim dedi ki, onu köhnə tanışı, respublikanın DTK-sının sədri Heydər Əliyev dəvət edib. Bir də gördük ki, studiyaya maşınlar daxil oldu və Heydər Əliyev bir neçə işçisinin müşayiəti ilə baxış zalına keçib atamla mehribanlıqla görüşəndən sonra, onun yanında əyləşib baxışı başlamağa icazə verdi. Tam sakitlikdə baxdığı film bitdi. Hamı rəhbərin rəyini gözləyirdi.Kiçik pauzadan sonra səmimi gülümsəyib dedi: “Narahat olma, hər şey yaxşı olacaq. Amma çalış bu filmi milis rəhbərləri görməsinlər”.

HAŞİYƏ: “Bir cənub şəhərində” filminə baxdıqdan sonra SSRİ daxili işlər naziri Şelokov hər hansı bir filmin ssenarisi ilə yaxından tanış olmadan çəkilişə köməklik göstərməyi milis işçilərinə qadağan edən daxili əmr veribmiş. Film ekranlara çıxdıqdan sonra rejissor böyük uğur qazandırı ki, bu da onun sonrakı yaradıcılığında başlıca yer tutur.

Sonralar rejissor fərqli janrlarda çəkdiyi filmlərlələ (“Babək”, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, ”İstanbul reysi”, “Dərvişin qeydləri” və b.) özünə geniş tamaşçı auditoriyası toplayır.

Rejissorun 1979-cu ildə çəkdiyi “Babək” filmi görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Babəkin həyat yolu və fəaliyyətini əks etdirən film, ən bahalı filmlər sırasında yer alıb. Eyni zamanda tarixi janrda çəkilən film kimi istər öz dövrünün istərsə də hazırkı dövrün qəhrəmanlıq simvoluna çevrilib.

Xatırladaq ki, 60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalıdır.

E.Quliyev filmləri haqqında danışarkən bir məqamı xüsusilə qeyd edir ki, heç bir filmində yalan danışmayıb: “Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”.

Rejissor bildirir ki, kinorejissor həm yazıçı, həm rəssam, həm operator olmalıdır və əlıavə edire ki, “motor” deməklə, kino çəkmək olmaz: “Məni tərifləyən az olub, əsasən tənqid ediblər. Amma deyim ki, filmlərimi hamıdan çox özüm tənqid etmişəm. Buna baxmayaraq bütün filmlərimi sevirəm. Öz qəhrəmanlarımı sevməsəydim, alınmazdılar”.

Tənqiddən nəticə çıxartmağı bacaran, tamaşaçısını sevən, qəhrəmanlarını sevən, açıqfikirliliyilə tanınan, bütün titullara layiq görülmüş, yaradıclılğı dövlət yüksək səviyyədə qiymətləndirilmiş kinorejissor Eldar Quliyevi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sağlam ruh, yaradıcı əhval ruhiyyə arzulayırıq.

 

 

Mənbə: open.az