"Mənim üzvlərim Aşıqlar Birliyinin üzvlərindən çoxdur..."

"Mənim üzvlərim Aşıqlar Birliyinin üzvlərindən çoxdur..."

Moderator.az Aşıq Namiq Fərhadoğlu ilə müsahibəni təqdim edir:

- Namiq bəy, ötən il sizin üçün necə yadda qaldı?

- Ötən il mənim üçün qələbəmizlə yadda qaldı. Allah Ali Baş Komandanımıza can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mənim üçün ötən il bu cür xoş xatirələrlə qaldı. Bizim dövrümüzdə Qarabağ işğaldan azad edildiyi üçün özümü xoşbəxt hiss edirəm.

- Tez-tez hərbi formada fotolarınızı görürdük. Müharibə dövründə əsgərlərimizə dəstək ola bildinizmi və ya onlara baş çəkmək imkanınız oldumu?

- Bəli. Əsgərlərimizə dəstək oldum, onlara pay da göndərdim. Hətta bununla “instaqram” səhifəmdə tanış ola bilərsiniz. Hətta əsgərlərimiz şəkillərini də mənə göndərmişdilər.

- Siz də o qənaətdəsiniz ki, qələbəmiz bizə sərt karantin rejiminin əziyyətlərini unutdurdu?

- Bizim indi dünya xalqları içində başımız ucadır. Təbii ki, bunu da qələbəmizə borcluyuq. Ona görə Allaha şükürlər olsun. İndi karantin rejimi olmalıdır. Koronavirus təkcə bizdə yox, bütün dünyada yayılıb. Pandemiya bitəndən sonra inşallah hər şey yaxşı olacaq. Ötən il mənim üçün bir şey pis oldu ki, hörmətli dostlarım olan Teymur Mustafayevi və Sabir Əliyevi itirdik. Ona görə də bu itkilər mənə çox pis təsir etdi. Sabir müəllimin dəfnində iştirak etdim, ürək sözlərimi dedim. Bundan sonra da onun xatirəsini yaşadacam.

 

- Neçə vaxtdır veriliş aparırsınız, gənc aşıqlar yetişdirirsiniz. Bəs niyə Azərbaycan Aşıqlar Birliyindən kənardasınız?

- Mən Aşıqlar Birliyinin heç vaxt üzvü olmamışam, buna heç ehtiyacım da yoxdur. Mənim üzvlərim Aşıqlar Birliyinin üzvlərindən çoxdur. Bizim kifayət qədər tələbələrimiz də var. Layihələrimiz, yarışmalarımız var. “Köklə saz evi”nin 500 nəfərdən çox üzvü var və 500 nəfərdən çox tələbə yetişdirmişəm. Hamısı da mükəmməl saz ifa edirlər. El şənkilərinə, dövlət tədbirlərinə də gediblər.

- Gənc yazar Kəramət Böyükçöl tez-tez sizin sosial şəbəkədə paylaşımlarınızı sərt tənqid edir. Buna reaksiyanız necə oldu?

- O, bir vaxt Elgizin verilişinə çıxmışdı və mən də ordaydım. Orda Kəramət aşıq və muğam sənətini ələ saldı. Dedi ki, adam aşıq sənətinə, meyxanaya qulaq asmaz. Bir var deyə ki, Namiqə qulaq asmaz, bu ola bilər. Amma cəm halda aşıq sənətini, meyxananı tənqid etdiyinə görə onun cavabını verdim. Bu yazıq da neyləsin, gündəmə gəlmək üçün söz atır. Bir-iki dəfə zəng vurub ona sözümü demişəm. O, özündə olan adam deyil, hər gün içki içir. Ona baş qoşmuram, sözümü də demişəm. Ümumiyyətlə, heç kimə baş qoşmuram, çünki buna ehtiyacım yoxdur. Gündəmdəyəm, meydandayam, efirdəyəm. Onlar da mənim arxamca danışırlar. Bar verən ağaca daş atarlar. Bu günki gündə mən meydandayam və bəzi insanlar paxıllığımı çəkirlər.

- Bu gün bir çox müğənnilər fəxri ad davası edirlər. Sizcə, buna lüzum varmı?

- Bir çox sənətçilər var ki, onlara fəxri ad verilməlidir. Çünki insan xidmət edirsə və bunun layiqincə cavabını alanda daha xoşbəxt olur. Məsələn, Rəhman Məmmədlinin 65 yaşı var, amma bu günə kimi fəxri ad almayıb. Həmçinin Tacir Şahmalıoğludur və başqa sənət dostlarımız var ki, onlara fəxri ad verilməlidir. Məsələn, Dədə Süleyman Əməkdar artistdir, səksəndən çox yaşı var. Yəni görünür ki, keçmiş mədəniyyət nazirimiz buna fikir verməyib. Düşünürəm ki, yeni nazirimiz bu işlərdə daha dəqiq olar.

- Sizcə, veriliş aparmaq çətindir, yoxsa aşıq kimi məclis aparmaq?

- Aşıq kimi məclis aparmaq da çətindir. Təbii ki, canlı efirdə veriliş aparmaq da çox çətindir. Məclisdə də, efirdə də bir çox insanları görürsən. Canlı efirdi, hərə bir yerdən gəlir, nəsə deyə bilərlər, danışarlar. Layihə rəhbəri olduğum üçün bütün məsuliyyət mənim üzərimdədir.

Mənbə: moderator.az