Osmanlı sultanlarının DNT kökü məlum oldu — Elmi araşdırma

Osmanlı sultanlarının DNT kökü məlum oldu —

Azərbaycan DNT Layihəsinin admini, genetik tədqiqatçı Orxan Xansuvar Osmanlı sülaləsinin ata xətti ilə bağlı aparılan genetik araşdırmaların nəticələri barədə məlumat yayıb.

Onun sözlərinə görə, son elmi məlumatlar əsasında Osmanlı sülaləsinin Y-xromosom üzrə DNT nəticəsi J-PH1795 (FTDNA təsnifatında J-PH358) subkladı kimi müəyyən edilib. Xansuvar bildirib ki, bu nəticə Osmanlı sülaləsinin ata nəslinin türk mənşəli olduğunu göstərir.

Araşdırma müəllifinin qeyd etdiyi məlumata əsasən, nəticələrin mənbəyi Osmanlı sülaləsinin nümayəndəsi Mahmud Namık Osmanoğlunun (Mahmud Francis Osmanoğlu) DNT testidir. Bildirilir ki, test Şahzadə Yusuf İzzəddin Əfəndinin kişi xətti üzrə nəslindən olan şəxsdən götürülüb və nəticələr sonradan "Nature" jurnalında dərc olunan elmi məqalədə yer alıb.

Orxan Xansuvarın sözlərinə görə, daha əvvəl bu nəsildən test vermiş başqa bir varisin STR profili ilə müqayisə aparılıb və əldə edilən nəticələrin bir-biri ilə uyğunluq təşkil etdiyi müəyyənləşdirilib. Müqayisənin YFull platformasının Y-STR analiz alətindən istifadə olunmaqla həyata keçirildiyi bildirilir.

Araşdırma müəllifi iddia edir ki, əldə olunan nəticələr "Türkdilli Xalqların İkili Mənşəyi" adlı araşdırmanın tapıntıları ilə də üst-üstə düşür və Osmanlı sülaləsinin ata xəttinin Dəmir dövründən etibarən türk genetik xətti ilə əlaqəli olduğunu göstərir.

Paylaşımda həmçinin qeyd olunur ki, J-PH1795 subkladı orta əsr türk xalqları arasında geniş yayılıb. Müəllifin sözlərinə görə, bu genetik qol 30-dan çox orta əsr dövrünə aid paleogenetik nümunədə, o cümlədən 17-dən artıq Göytürk məzarında aşkarlanıb. Bildirilir ki, eyni subklad Xəzərlər və orta əsr Anadolu türklərinə aid paleogenetik nümunələrdə də müəyyən edilib.

Orxan Xansuvar əlavə edib ki, mövcud paleogenetik məlumatlar əsasında J-PH1795 mutasiyasının Altaydakı Bulan-Kobi arxeoloji mədəniyyətində də qeydə alındığı müəyyənləşdirilib. Onun sözlərinə görə, bu xəttin təxminən 2–2,2 min il əvvəl həmin bölgəyə miqrasiya etdiyi hesab olunur.

Mənbə: demokrat.az