Gərək Tramp bu işə şəxsən qarışsın, yoxsa məmləkətimizdə ateist-mömin davası, şəriətçi-sekulyarist qovğası, türkçü-irançı yaxalaşması sürüb gedəcək.
O sağ olmuşun da başı qarışıb Kamboca-Tayland, Hindistan-Pakistan, Rusiya-Ukrayna, İsrail-Qəzza davalarına, bizi unudub. Düzdür, hərdən yadına düşür ki, Azərbaycan-Ermənistan müharibəsini də o dayandırıb.
Dünən axşam internet resurslarında bu mövzuda hikkəli-hikkəli danışan birini gördüm, sandım ki, “Nəsimi” filmindəki şeyx Əzəmdir, dirilib gəlib, indicə fətva verəcək ki, tutun bu məlunu. Şeyx o vaxt kafirlərə qarşı çox prinsipial və qətiyyətli olub.
Ancaq biz belə şeyləri niyə ürəyimizə salırıq, qəzəbnak oluruq, anlaşılan deyil. Hamı başını aşağı salıb öz işini görə, həyatını yaşaya, ömrünü sürə bilməzmi? Mütləq vaxtaşırı virtual süpürləşmə predmeti tapmalıyıqmı? Yəni bir düşünək, görək, Allah-təalanın, Tanrının, nə bilim, Boqun, Qodun öz başına çarə qıla bilməyən fani bəndənin müdafiəsinə ehtiyacı varmı?
Avropada 200+ il öncə gedən mübahisələrin bizdə hələ indi-indi başlanması üzücüdür. Onlar inkvizisiya məhkəmələrini çoxdan bitiriblər və hazırda xəcalətlə xatırlayır, başlarını bulayırlar, bizimkilər isə başlarını hirslə əsdirə-əsdirə dinə qarşı olanların sərt mühakimə olunmasını tələb edirlər. Bəlkə də inkvizitorlarda bu qədər hirs-hikkə olmayıb. “Taliban” mollaları kimi danışanlar var.
Son günlərdə bir arqumenti də çox təkrar edirlər, deyirlər, ateistlər niyə başqa dinləri də tənqid etmirlər.
Bunun əsas səbəbi odur ki, başqa dinlər artıq özlərinə yığışıb, sinaqoqa, kilsəyə, məbədə giriblər və oradan çıxıb camaatın şəxsi işinə, həyatına, geyiminə, yemək-içməyinə qarışmırlar. Bununla belə, o dinlərin də ehkamlarına və keçmişlərinə dair tənqidi fikirlər, şübhə bildirənlər, solaxay sual verənlər var. Papa və kardinallara, rahib və rahibələrə şəbədə qoşanlar, anekdot personajı edənlər N qədərdir. Allah tərəfi, həm ibrətamiz, həm də məzəli lətifələrdir və buna görə onları tutub döymürlər.
İndi birini yazım, kefiniz açılsın. Deyir, bir gün keşiş qanıqara halda üzbəüzdəki sinaqoqda çalışan ravvinin yanına gəlir, bildirir ki, məsləhətə ehtiyacı var. Ravvin deyir, buyur, müqəddəs kişi, dərdini söyl Keşiş ərz edir ki, ibadətə gələn möminlərdən kimsə onun velosipedini oğurlayıb. Ravvin bir az düşünür, sonra deyir, sən belə et, növbəti ibadət zamanı 10 yasağı bir-bir, aram-aram sadala və ibadət edənlərin üzünə bax, 8-ciyə, “oğurluq etmə”yə çatanda oğru necəsə özünü büruzə verəcək. Keşiş gedir, növbəti bazar günü kefikök halda yenidən ravvinin yanına gəlir, təşəkkürünü bildirir, deyir, məsləhət işə yaradı, velosipedi tapdım. Ravvin soruşur ki, necə oldu, 8-ci yasağı deyəndə oğru özünü büruzə verdimi, kim çıxdı oğru. Keşiş deyir, 8-ə çatmadım, elə 7-də, “zina etmə”yə çatanda yadıma düşdü ki, velosipedi hansı qadının həyətində saxlamışam...
15-20 il öncə bir mömin əməkdaşımız vardı, dini ayinlər sezonunda mübahisəmiz olurdu. Qardaş başqa vaxtlar eyzən halal-harandan, zinadan-minadan danışırdı. Bir gün gördüm buna zəng gəldi, səsini qısıb rusca danışmağından, sifətində güllər açmasından bildim ki, xəttin o başındakı zənən xeylaıdır. Yavaşca əyilib, soruşdum: “Zinadır, qaqa?”. Yüngülvari incidi. Amma mən “zina” deyərkən adam adını nəzərdə tutmuşdum.
Əslində, xristianların 3-cü yasağını gərək biz də götürüb tətbiq edək. Bəlkə də bu halda indiki mübahisələrin kökü kəsilər. Həmin yasaq belədir: “Allahın adını boş yerə çəkmək qadağandır”.
Yəni Allahın adından kimisə hədələmək, qorxutmaq, onun adına iki dəqiqədən bir and içmək, kiməsə “Allah sənə lənət eləsin” demək olmaz. Kitab icazə vermir. Bizim rayonda bir kənd var, onlar hüzr yerində “Allah rəhmət eləsin” demirlər, “Allah rəhmət eyləyə” deyirlər. Yəni Yaradana göstəriş vermirlər, tövsiyə verirlər.
Ayrıca ölkəmizdə çoxlu yalançı, kələkbaz adamlar da var ki, mütləq Allahın adını çəkib and içirlər. 5 manata görə Allahı hal şahidinə döndərənlər var, deyirlər, Allah şahiddir ki, mən bunu mayasına verirəm. Onun da zopası yoxdur ki. Kutsi demişkən, göydən endirə, deyə, kafir bəndə, mayasına vermirsən axı, dədənin qiymətini əlavə edirsən.
Güclüyə gücü çatmayanların kimisə Allaha tapşırması məsələsi daha yayğındır. Demək də olmur ki, ay qardaş və ya ay bacı, Allah sənin üçün sahə müvəkkili deyil, şikayətin var, hüquq-mühafizə orqanlarına müraciət et.
Uzun sözün kəsəsi, hirs-hikkəmizi gərək bir az azaldaq. Hirsli başda ağıl olmaz. Avropalılar, amerikalılar bazar günləri ellikcə ibadətə gedirlər və dalaşmırlar, heç kəsə lənət oxumur, cəza tələb etmirlər. Varfolomey gecəsinin ildönümünü qeyd edirlər, amma şəbeh çıxarmırlar, IX Karlı, hersoq Henrix Gizi ağlaşa-ağlaşa lənətləmirlər, xəncərlə başlarını çərtmirlər, zəncirlə kürəklərini qara-qançır etmirlər.
**
Dünya köhnə dünyadır, həm də gör-götür dünyasıdır.
Mənbə: musavat.com