Şuşada Ağaoğlu muzeyi yaradılsın

Şuşada Ağaoğlu muzeyi yaradılsın

Dilqəm Əhməd bunun üçün əlində kifayət qədər dəyərli sənədlərin, fotoların olduğunu deyib

"Əhməd bəyin Bakıda və Türkiyədə yaşayan ailə üzvləri də bizə dəstək olsalar, çox sevinərəm"

Cümhuriyyət dövrü tədqiqatçısı, araşdırmaçı-yazar, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun doğma yurdunda, işğaldan azad edilmiş Şuşa şəhərində Ağaoğlu muzeyinin yaradılması təklifi ilə müvafiq dövlət qurumlarına müraciət ünvanlayıb. Araşdırmaçı bunun üçün əlində kifayət qədər dəyərli sənədlərin, fotoların olduğunu deyib. Jurnalist bildirib ki, 5 ildən çoxdur Əhməd bəy Ağaoğlu ailəsinə aid materiallar toplayır.


Dilqəm Əhməd vurğulayıb ki, Ağaoğlu arxivinin bir hissəsini Türkiyədə müxtəlif hərraclardan aldığı materiallar təşkil edir. Digər hissəsi isə Əhməd bəy Ağaoğlunun nəvəsi, mərhum Tektaş Ağaoğlunun ona hədiyyə etdiyi sənədlərdən ibarətdir:

“Bilirsiniz ki, Əhməd bəy, 1869-cu ildə Şuşada doğulub. 1887-ci ildə təhsil üçün Parisə gedib, orada hüquq ixtisasına yiyələnib. O, beynəlxalq elmi konfransda məruzə oxuyan ilk azərbaycanlıdır.

“Kaspi”, “İrşad” kimi qəzetlərdə ictimai-siyasi yazıları ilə tanınıb, erməni qətliamının qarşısını almaq üçün Difai təşkilatını qurub. Buna görədir ki, ermənilər həmişə ona nifrət ediblər, ingilislərə onu “yəhudi” kimi təqdim ediblər.

Paris sülh konfransına getməyə qoymayıblar və İttihad və Tərəqqi hökuməti üzvləri ilə birgə həbsinə nail olublar”.

Dilqəm Əhməd qeyd edib ki, Ağaoğlu 1918-ci ildə Bakıya Nuri paşanın siyasi müşaviri olaraq gəlib, qısa da olsa Azərbaycan parlamentində Qarabağı təmsil edib:

“Malta adasındakı sürgündən qurtulduqdan sonra ömrünü Türkiyənin güclənməsinə həsr edib. “Anadolu Agentliyi”nin qurucusu, Qarsdan millət vəkili olub, xeyli kitab yazıb, dövrün məşhur qəzetlərində yazılar qələmə alıb.

Atatürkün silahdaşı kimi tanınıb. Bu baxımdan həm Şuşada doğulduğuna görə, həm də Azərbaycan və Türkiyənin ortaq dəyəri olduğu üçün onun və ailəsinin adına muzey vacibdir.

Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun ötən il noyabrın 8-də Şuşanı işğaldan azad etməsindən sonra başlanan quruculuq işlərinə töhfəmiz olsun deyə Ağaoğlu muzeyi ideyasını təklif etmişəm. Yeri gəlmişkən, Əhməd bəyin övladları da önəmli şəxslər olublar.

Sürəyya xanım Ağaoğlu Türkiyənin ilk qadın vəkilidir. İstanbul Darulfünununda hüquq təhsili alan ilk 3 qızdan biridir. Elə bugünlərdə Türkiyə auksionlarının birindən Sürəyya xanım və digər iki xanımın da olduğu İstanbul hüquq tələbələri və müəllimlərinin birgə nadir fotoşəklini əldə etdim. O qədər kişinin arasında 3 mətin xanım. Unikal şəkildir”.

Tədqiqatçı Şuşada yeni muzey binasının tikilməsini arzuladığını söyləyib:

“Muzeyin önündə Ağaoğlunun büstü və ya heykəli olsun. Bina muzey, kitabxana və idari hissələrdən ibarət ola bilər. Çünki orada tədbirlər də keçirmək lazımdır. Bildiyiniz kimi bizdə ev muzeyləri simvolik olur. Məsələn, elə muzeylər var ki, sadəcə dövrə aid materiallar toplayıblar və filan yazıçının adına elan ediblər. Mən daha çox praktik muzey istəyirəm.

Məndə nələr var? Ən önəmli eksponantım Əhməd bəyin Malta adasında olarkən tutduğu gündəlik dəftər və bloknotlardır. Eləcə də Malta fotoşəkil albomu və s. Əhməd bəyə aid ayrıca 20 foto, oğlu Səməd bəyə aid 70 foto və xeyli sənəd var. Həmçinin, qızları Tezer və Sürəyya xanımlara aid onlarla foto, yüzdən çox sənəd və s. Eləcə də xeyli kitab əldə etmişəm. Yəni bir muzey qurulacaq qədər materialımız var”.

Araşdırmaçı muzeylə bağlı Ağaoğlunun varisləri, ailə üzvləri ilə məsləhətləşəcəyini bildirib:

“Əhməd bəyin Bakıda və Türkiyədə yaşayan ailə üzvləri də bizə dəstək olsalar, çox sevinərəm. Təklifi mən versəm də, muzey qurularkən ailə üzvləri ilə məsləhətləşmələr aparacağıq. İstər nəticəsi Əhməd bəylə, istərsə də Əhməd bəyin qardaşı Hüseyn bəyin nəvəsi Nigar Axundova ilə birgə müzakirə edəcəyik.

Təbii ki, nazirlik tərəfindən rəsmi təsisçi hüququmun tanınması və materiallar üzərində də sağ olduğum müddətcə hüququmun qorunmasını arzu edəcəm. İnanıram ki, bu iş baş tutacaq. Çunki cənab Prezidentin 2019-cu ildə Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı olmuşdu. Yəni dövlətimizin diqqət göstərdiyi bir şəxsiyyətdir.

Ağaoğlu deyirdi ki, “həyatımın ən gözəl sevincli anlarından biri Dumlupınar zəfəridir”. Yəni Türkiyənin Zəfər bayramı. Əminəm ki, sağ olsaydı, 8 Noyabr Zəfər bayramı da onun üçün ən unudulmaz tarix olardı”.

Mənbə: sherg.az