Müşkül məsələ: emosiyalar sənədli filmlərin "vicdanına" qalıb

Müşkül məsələ: emosiyalar sənədli filmlərin "vicdanına" qalıb

Yaradıcı insanlar deyirlər ki, faciə ilə bağlı kifayət qədər əsərlər yazılsa da, bu mövzu həmişə aktual olaraq qalacaqdır

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. 20 Yanvar mövzusu Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik.

Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: “Azərbaycan bəstəkarları “Yanvar hadisələri” ilə bağlı irihəcmli əsərlərdən tutmuş mahnıya qədər onlarla əsərlər yaradıblar. Həmin əsərlər dəfələrlə Filarmoniyada, dövlət əhəmiyyətli tədbirlərdə ifa olunub. Bunlardan ən məşhuru Cövdət Hacıyevin "Şəhidlər" simfoniyasıdır. Rauf Abdullayevin dirijorluğu ilə səsləndirilən əsər o qədər möhtəşəmdir ki, insanlar sanki bir anlıq həmin gecəyə qayıdırlar”.

Firəngiz xanım deyir ki, Azər Rzayevin “Bakı 90” əsəri də həmin silsilədəndir. Həmin əsəri də sakit dinləmək qeyri-mümkündür.

“Əsəri dinləyəndə o gecə insanın gözünün önündən lent kimi keçir. Orada düşmənlərimizin şəhərə necə daxil olmasını, insanlarımızı amansızca qətlə yetirməsini aydın hiss edə bilərik. Bundan başqa, Azər Dadaşovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Məmməd Quliyevin adlarını çəkə bilərəm ki, həmin bəstəkarların həmin dəhşətli gecə ilə bağlı simfonik əsərləri var. Təəssüflə qeyd edim ki, bu əsərlər çox az səsləndirilib", - deyə F.Əlizadə bildirib.

Kinorejissor Tahir Tahiroviçin sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan sənədli kinosunda mükəmməl formada əks olunub: ““Azadlığa gedən yollar” filmi Tofiq Məmmədov və Xamis Muradovun rejissorluğu ilə çəkilib. Həmkarlarının sayəsində 20 Yanvar hadisələri kino lentinə köçürülüb. Həmin kino lentlərini toplayıb “Azadlığa gedən yollar” filmi hazırlanıb”.

Amma bədii filmdə vəziyyət bir o qədər də yaxşı deyil. Rejissorun fikrincə, 20 Yanvar haqqında bədii film müşkül məsələdir.

Bəs bədii ədəbiyyatda 20 Yanvar faciəsi necə əks olunub? Gənc yazar Ayxan Ayvaz deyir ki, 20 Yanvar faciəsi Azərbaycan poeziyasında kifayət qədər işıqlanıb:

“Məsələn, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Aslanın "Ağla, qərənfil ağla", Qabilin "Mərsiyə" şeirləri, Sabir Rüstəmxanlının və digər şairlərin həmin faciə ilə bağlı şeirləri, poemaları var. Amma nəsr barədə eyni sözləri deyə bilmərəm".

"Təəssüf ki, nəsr əsərləri çox az saydadır. 20 Yanvar faciəsinin reallığı ilə bağlı yazılan əsərlər, demək olar ki, yoxdur. Amma bu faciə ilə bağlı publisistik əsərlər var, kitablar dərc olunub. Sırf bədii olaraq, Sabir Əhmədlinin "20 Yanvar" hekayələri adlı kitabı dərc olunub. Bundan əlavə, Səfər Alışarlı "Maestro" romanında 90-cı illərdə Azərbaycanın vəziyyətini bədii şəkildə təsvir edib. Ümumi götürdükdə, həqiqəti bütün reallıqları ilə çatdıran əsəri xatırlamıram".

Mənbə: sputnik.az