Ölümsüzlüyə qovuşanlar

Ölümsüzlüyə qovuşanlar

Şəhidlik əlçatmaz bir zirvədir. Elə bir zirvədir ki , bu zirvəyə hər kəs ucala bilməz. Ciyərparasının itirilməsi ata-ana üçün ağır olsa da onlar bilməlidirlər ki , şəhidlər ən uca bir məkanda özlərinə yer seçiblər. Şəhidlər vətənin azadlığı, ana və bacılarımızın namusu naminə ölümsüzlüyə qovuşublar. Şəhidlər Allahın ən çox sevdikləri bəndələrdir. Elə buna görə də sevdiklərini öz dərgahına qovuşdurur.

İkinci Qarabağ müharibəsində Azərbaycanımızın bütövlüyü uğrunda şəhid olan minlərlə igidlərdən biri də həmyerlimiz Xeyirbəy Cəlil oğlu Səfərçinovdur. O, 5 oktyabr 1993-cü ildə Yeni Dızaxlı kəndində dünyaya göz açıb. Şəhid Arzulla Rəhimov adına Dızaxlı kənd tam orta məktəbini bitirib. 2011-2013-cü illərdə Daskəsəndə yerləşən Milli ordunun “N” saylı hissəsində ləyaqətlə xidmət edən Xeyirbəyin komandiri həmyerlimiz şəhid Polad Həşimov olub. Vətənə ləyaqətlə xidmət edən Xeyirbəy Səfərçinov manqa komandiri olub. Vətənpərvər eloğlumuzun qəlbində nankor ermənilərə qarşı hədsiz nifrət vardı. Qarabağ problemi hər an onu narahat edirdi. Həmçinin Vətənpərvər şair olan atası Cəlil Komradlının oğlu Xeyirbəyə yazdığı şeirində deyir :

 

“Güc al Vətən bayrağından ,

Od al Vətən ocağından ,

Öz yurdundan , torpağından ,

Əsirgəmə qanı oğlum.”

 

Elə bil şair dostumuz hiss edibmiş ki , onun oğlu şəhid olacaq.

Bəli , Xeyirbəy 2020-ci ilin sentyabr ayının 21-də hərbi təlimlərə cəlb edilir. Sentyabrın 27-də təcavüzkar erməni işğalçıları atəşkəsi növbəti dəfə pozur və yenilməz Azərbaycan ordusu onlara layiqli cavab verməli olur və Vətən müharibəsi başlayır. Ailənın yeganə oğlu olan Xeyirbəy Səfərçinov da yaşıdları kimi erməni quldurlarının üzərinə atılır və ağır döyüşlərdə fədakarcasına vuruşur , onlara layiqli cavab verir. Düşmənə qarşı amansız olan Xeyirbəy Tərtər bölgəsində, Suqovuşanda və Talış kəndinin azad olunması uğrunda gedən qanlı döyüşlərdə şücaətlə vuruşur. O , 22 oktyabrda ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olur və 24 oktyabrda doğma kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhidimizin həyat tarixçəsinə nəzər yetirək : - O , Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məzunudur. Xeyirbəy gözəl operator idi. Onun kamerasından ünvanlanan toy şənliklərinin , ad günlərinin və digər toplantıların video-kasetləri bu gün bizim üçün yadigar qalıb. Bu videolara baxdıqca şəhidimiz xatırlanacaq , ruhu şad olacaq. Onsuz da ruhu şaddır. Çünki o, cənnətməkan olub. Onun doğulub boya-başa çatdığı ailədə Gülüşan adlı yeganə bacısı var. Gülüşan xanım ailə sahibidir. Anası Gülayət isə evdar xanımdır. Atası Cəlil Səfərçinov Zaqatala Kənd Təsərrüfatı texnikomunun məzunudur. Gözəl şeirlər müəllifidir.

Bəli, şəhid eloğlumuz bu cür sadə və zəhmətkeş ailədən pərvazlanıb.

Ali Baş Komandanın, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız müxtəlif orden və medallarla təltif edilir, onlara yüksək təminatlar verilir. Şəhid X. Səfərçinov da “ Vətən uğrunda “ medalı ilə təltif olunub.

Xalqın birliyi , yumruq kimi birləşməsi , Ali Baş Komandanin uzaqgörən siyasəti , ordumuzun yenilməz gücü nəticəsində 30 ilə yaxın gedən münaqişəni 44 gündə həll etdik. Azərbaycan zəfər çaldı. Haqq qalib gəldi.

Bütün şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik. Ruhları şad olsun!

Son ürək sözlərimi Xeyirbəyin timsalında onun atasına həsr etdiyim şeirlə demək istəyirəm.

 

Sən tək vətənpərvər oldu övladın,

Vətən savaşına atıldı bir gün.

Söylədin cəsur ol ; qorxmadı qandan,

Oldu Xeyirbəyin döyüşdə mətin.

 

Dedin xeyirli get, zəfərlə qayıt ,

Su da səpələdin o gedən yola.

Əzdi dığaları, biçdi Xeyirbəy ,

Bir yol addımını atmadı dala.

 

Azğın quldurlara o, qan uddurdu,

Heç vaxt çəkinmədi çətindən, dardan.

Qartaltək şığıdı düşmən üstünə,

Vətən təmizləndi o qarğalardan.

 

Qisas qiyamətə qalmasın deyə

Verdi sinəsini hər an qabağa.

Şəhidlik zirvəsin o, fəth elədi,

Bükülüb qayıtdı bir gün bayrağa.

 

Başını dik saxla , şair qardaşım ,

Oğlun hamımıza bir iftixardır.

Bu gün tarix yazıb öz qanı ilə ,

O, olan zirvədə daim bahardır !

Mənbə: paralel.az