56-cı çovğunlu qarlı qışın, sənsiz keçən yaşın mübarək, Ata!

Atam çiynimdə son mənzilə gedəndə hələ sümüklərim kövrək idi. Çiynimdə daşıdığım cismin ağırlığından daha çox mənəvi ağırlığının fərqinə varmamışdım. Yükümün ağırlığında sümüklərim sərtləşdi. O yükün ağırlığının və məsuliyyətinin artıq fərqinə varmaqdayam. Atalıq məsuliyyəti! Şərəfli və vicdanlı missiya!

Bu kədərli yazını Press.az -la Həsən Bəy Zərdabi İrs Mərkəzinin rəhbəri Seymur Bayramov bölüşüb.

Atam mənə yaxşı insan olmağı öyrətməyə çalışdı daim.

Zəhmətkeşlik, insansevərlik, xeyirxahlıq, dürüstlük tərbiyə etdi hər zaman. Hələ də tərbiyələnirəm, cismindən yox təəssüf, ruhundan! Çünki həmin gün çiynimdə daşıdığım cismi ilə vidalaşdım, ruhu ilə yox! Həmin gün daxilimdə, cismimdə hiss etdim ruhunu!

Cismani ayrılığmızdan sonra bütün uğursuzluqlarımda, enişimdə atasızlığımı qınadım, ancaq hər qınayanda yuxumda məni rahatlatdı! Yuxularımda mənə dözümlü və güclü olmalısan dedi! Çünki onun nakam qalan arzularını, xəyallarını gerçəkləşdirmək kimi çətin öhdəlik var üzərimdə. Məsuliyyətli, vicdanlı, ədalətli insan olmaq! Faydalı olmaq, dosta-doğmaya canı yanan olmaq! Dərdə şərik, sevincə ortaq olmaq!

Özümdən 6 yaş kiçik qardaşıma atalıq etmək kimi bir missiyanı həvalə etdi mənə. Ata sözündəki kəramət və ağırlığı anlayanda, nə çətinliklər gördün deyə özünə yox, soyuq daş məzara ünvanlamalı oldum aşıb daşan suallarımı. Limansız gəmi kimi Kaşlarla qınadım özümü...

Onunla təkrar oyuncaqlarla oynamaq üçün, körpəliyimə qayıtmaq üçün varlığımdan keçərdim. Ancaq o körpəliyimdə mənə “sən güclüsən, bu həyatda nail ola bilmədiklərimə sən nail olacaqsan söylərdi!”

Xatirələrimdə yaşatdığım atalı günlərim özgüvənimi artırır daim.

56-cı çovğunlu qarlı qışın, sənsiz keçən yaşın mübarək, Ata!

Yağmurlu havanı çox sevərdi atam. Hər yağışlı havada onun dumanlı, fikirli, xəyallara dalan baxışlarını xatırlayıram. Atamı oğlumun nəfəsində, qızımın saçlarında duyuram. Təkliyimə qapananda, özümlə düşüncələrimə söykənəndə heç kim duymasa da, varlığını, ruhunu hiss edirəm. Məni daim izləyən kölgəm, çətin anlarımda, özgüvənimi özümə qaytaran iç dünyamdır Atam! Hər kəsin bilmədiyi, mənim bildiyim çox nakam arzularının axışınıdayam. Əminəm ki, hər gerçəkləşən arzun və xəyalın üçün çox sevinir. Hər zaman məni kənardan sakitcə izləyərək, kövrəlib göz yaşlarını gizlədən güclü insan idi Atam. O göz yaşlarının bir damlası üçün varlığımdan keçərdim. Kaş yenə kövrəlsin, ancaq ona sarılıb doyunca qoxlamaq keçir könlümdən.

Bəzən bir qəlb insanın ruhuna və cisminə ağırlıq edər, onu atasızlıqda anladım. Qəlb dolğusu, axmaz göl kimidir... Çürüntüyə çevrilər. Axmaza dönən qəlbimin dərinliyinin axar çayı olaydın kaş, Atam! Atanızı sevin hər zaman! Onlar buna möhtac kimi görünməzlər! Ancaq çox ehtiyacları var! Özlərini arxa planda görsətməyi sevərlər ancaq böyük haqq sahibidirlər...

Atanıza doyunca sarılın! Ona sarıldığınız zaman aldığınız özgüvən, güc, qətiyyət, iradəni başqa heç kimdən ala bilməzsiniz. İkilikdə bol zaman daha çox fayda verər, həm atanız həm də sizin üçün. Atasız keçən anların ağırlığını, acısını övladlarımzla keçirdiyiniz hər xoş zamanlarda, onları sevməkdən doymayınca anlayırıq. Atamızı sevməklə ətrafımızdakı insanların özgüvəninə hörmət etməyi öyrənirik!

Atamızı sevməklə güclü iradəyə sahiblənərək zəhmətsevər yetişirik. Atamızı sevməklə onların yalnışları ilə ömrümüzün düzənini qoruyuruq. Hər uğurumuzun gizlinində, kölgəsində onların uğursuzluqları və yanlışları dayanır. Atanızı sevin! Atanızı qoruyun! Atanızı ona olan güvəninizlə daim güclü edin. Yalnışı və doğrusu ilə sevin, çünki yalnışı da doğrusu da Sizin üçün həyat dərsidir!

Sevin atanızı, yaşlansa da, gücdən taqətdən düşsə də Sevin.. O güc və taqət, bizim yüksəlişimizə xərclənən alın təridir, zamanı gəlincə tükənir Vaxt itirməyin! Elə indicə sarılın! Ona onu dünyalar qədər sevdiyinizi söyləyin, ona varlığının əhəmiyyətini hiss elətditin.

Sevin atanızı! Cismən yaxınkən, qoxusunu almaq şansı varkən, nə qədər ki gec deyil, Sevin! Sevin atanızı

Press.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov Türkmənistana səfər edib

SONRAKI XƏBƏR

Azərbayan və Türkmənistan böyük gücləri ŞOKA SALDI - TƏFƏRRÜATLAR