“Uzun müddətdir ki, kənara çəkilib, dilimi qarnıma qoymuşam...” - Təranə Səmədova

“Uzun müddətdir ki, kənara çəkilib, dilimi qarnıma qoymuşam...”  - Təranə Səmədova

Moderator.az-ın qonağı tanınmış prodüser, aparıcı Təranə Səmədovadır.

- Təranə xanım, gündəmin əsas sualından başlayaq, vaksin vurdurmağı düşünürsünüzmü?

- Yəqin ki, hər kəs kimi məcbur qalıb vurduracağam. Ümid edirəm ki, heç bir problem olmaz. İstər satirik yanaşma ilə, istər ciddi statistikanı oxuyanda insanı vahimə basır. İnşallah yaxşı olar.

- İnanırsınızmı ki, bu vaksin koronavirusun məhv olmasına kömək edəcək?

- Bildiyim qədəri ilə bu peyvənd iki dəfə vurulmalıdır. İnanmaq məsələsi isə bir növ müharibədə döyüşmək kimi bir şeydir. Geidşatda kimin bəxti gətirdi gətirdi.

- Geridə qoyduğumuz ili Azərbaycan şou-biznesi üçün necə qiymətləndirirsiniz?

- Əslində tanımadığımız sənətçiləri daha yaxından tanıdıq. Belə ki, kimlərin daha mərhəmətli, qayğıkeş olduğunu edilən yardımlardan görmüş olduq. Bundan başqa işsiz qalanda bir çox sənətçilərin başqa tərəfləri üzə çıxdı. Kimisi məbəxdə özünü sınadı, kimisi fərqli sahələrdə bacarığını nümayiş etdirdi. Bu dünyada heç nəyim daimi olmadığını gördük. Bunun üçün dünya malının arxasınca qaçmaq düzgün deyilmiş. Hörmət sahibi olmaq üçün ən çox insaniyyət göstərmək lazım imiş.

 

- Əsas da toyların olmaması müğənniləri dilə gətirdi. Axı onların yeganə gəlir yeri toylar idi.

- Karantin rejiminin qaydalarına əsasən toyların ləğv olunmasının təkcə müğənnilərə zərəri dəymədi. Azərbaycanın işçi qüvvəsinin əksəriyyəti toylardan qazanır. Musiqiçilərindən tutmuş, restoran sahibləri, işçiləri, müğənniləri, ofisiantlar, qızıl satan mağazalar, mebel mağazaları bunların hamısı bir-birinə bağlıdır.

- Ötən gün Avropa prodüseri kimi tanınan Sultan Mustafayev bizimlə müsahibəsində bildirdi ki, Azərbaycanda 3 prodüser var ki, onlar istədikləri zaman gündəm yarada, istədiyi zaman milyon qazana bilir. Bunlardan biri də siz olduğunuzu vurğuladı. Bu fikirlə nə qədər razısınız?

- Açığı illər sonra ilk dəfədir ki, Sultanın fikri ilə razıyam. Çünki Sultan hətta olmayan şeydən böyük bir ajotaj yarada bilir. Hətta bir dəfə onun qarajda Range Roverini yandırmışdılar. O, “Əminəm ki, bu Aygün Kazımovanın işidir”-dedi. Halbuki həmin vaxt Aygün Kazımova öz qayğıları ilə məşğul idi. Xəbəri əd yox idi ki, Sultanın maşınını yandırıblar. Ona görə də burdan Sultanın bu cür istedadını ayaq üstə alqışlayıram. Mən hər zaman həqiqətləri söyləyirəm, bu da bir çox insanları qıcıqlandırır. Fikirlərim mediaya da maraqlı olur və gündəm yaradır. Uzun müddətdir ki, kənara çəkilib, dilimi qarnıma qoymuşam.

 

- İnsan yaxşı və pis günündə dostlarını daha yaxşı tanıyır. Başınıza gələnlərdən sonra əlaqəni kəsdiyiniz dostlarınız oldumu?

- Mən həyatda təmənnalı insan deyiləm. Hər insana olduğu kimi yanaşıram. Heç bir insan digərinə bənzəmir. Deyə bilmərəm ki, o hadisədən sonra 30 nəfəri həyatımdan sildim. Mən sadəcə olaraq kimlərin doğru insan olduğuna əmin oldum. Səni təmənnasız sevən ana, səni ideallaşdıran övlad, bir də ətrafında bir neçə doğma insan. Qalanı sən demə doğma deyil, kənar imişlər.

- Bunu o insanlara hiss etdirdinizmi?

- Kimə lazımdırsa sözümü demişəm. Məsələn həbsdən çıxanda qızımın atasına mesaj yazdım. Biz ayrılanda demişdim ki, “bizə yaxın durma səndən heç nə istəmirik”. Amma istənilən halda sən bilirsən ki, bu sənin övladındır və mən də yoxam. Ən azından 6 ay ərzində bir dəfə də olsa övladınla maraqlana bilərdin. O, mesajımı oxudu cavab vermədi, çünki haqlı idim. O mesajın qarşısında cavab verməyə haqqı yox idi. Bu tipdə bir neçə insan var idi. Onlara açıq şəkildə dedim ki, məni axtarmağa çalışmayın çünki mənim dar günümdə sən məni axtarmamısan. Onlara hədlərini bildirmişəm.

Mənbə: moderator.az