"Rütubətli və isti havada, bir qayda olaraq, iştah azalır və şirin içkilərə və dondurmaya istək yaranır. Bununla da qidalanmada sadə karbohidratların nisbəti artır, protein nisbəti isə azalır və bu da qida maddələri balansının pozulmasına gətirib çıxarır. Maye ehtiyacı artır. İçməli su, mineral sular, şəkərsiz meyvə içkiləri və kompotlar faydalı xüsusiyyətlərə malikdir. Çay, qəhvə və alkoqollu içkilər sidikqovucu təsir göstərir ki, bu da daha çox maye itkisinə səbəb olur, ürək-damar sisteminə yükü artırır. Şirin və turş içkilər susuzluğu yatırmır, əksinə artırır", - deyə Oksana Qreçinskaya bildirib.
Mütəxəssis, həmçinin asanlıqla həzm olunan balıq və ya yağsız ət yeməklərinə, soyuq şorbalara, süd məhsullarına, tərəvəzlərə və meyvələrə üstünlük verməyi tövsiyə edib. Belə qidalanma, bir qayda olaraq, mədə-bağırsaq traktında ağırlıq yaratmır. Su balansını bərpa etmək üçün isə qəlyanaltı kimi sulu tərəvəzlər (pomidor, xiyar) və meyvələr (qarpız, qovun) faydalıdır.
"İsti havada həmişə yanınızda su gəzdirmək və tez-tez kiçik porsiyalarla içmək lazımdır. İştah azaldığı təqdirdə ac olduğunuz zaman kiçik porsiyalarla yeyin və axşam həddindən artıq yeməməyə diqqət edin. Həmçinin unutmayın ki, ətraf mühitdə temperatur yüksək olduqda qida daha tez xarab olur, qida infeksiyası riski artır. Qidanın təzə olduğundan və düzgün saxlanılma şərtlərindən əmin olun", - deyə ekspert əlavə edib.
Mənbə: oxu.az