AĞDAM ÇATI...

AĞDAM ÇATI...

İkimiz də demək olar ki, eyni aqibəti yaşayırıq, fərq yalnız 2 yaş və ayrı-ayrı rayonlardan olmağımızdadır! Bütün oxşarlıqların və fərqlərin arasında bizi daha çox yaxınlaşdıran Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində özləri istedadlı olmaqla yanaşı, həm də istedadlara hər tərəfli himayəçilik edən müəllimlərimizin qayğısını hiss etməyimiz və onların zəhmətlərini yerə vurmamağımızdır. Məhz jurnalistikaya yanaşma tərzimiz bizi bir az da yaxınlaşdırıb. Son 30 ildə isə...

1993-cü ildən o doğma Ağdamsız, mən böyüyb boya-başa çatdığım Zəngilansız qalmışıq. Nə münasibətlə görüşmüşüksə, söhbətlərimizin məqzində o yerlərə həsrət və oralara dönmək arzusu dayanıb. Nəhayət ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qəti əks-hücum əməliyyatında qazandığı uğurların xoş təəssüratları altında "Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, “Respublika” qəzetinin müxbiri Salman Alıoğlu və mən ilk olaraq hələ qızğın döyüşlərin getdiyi Ağdam tərəfə istiqamət almışıq. Yol boyu şirin söhbətimizə yalnız radioda xəbərlər zamanı ara verir, Elşənin telefonda tapdığı maraqlı informasiyalara qulaq asır, müzakirələr aparırdıq. Sözsüz ki, burda da prioritet mövzu Vətən müharibəsi idi.

Bərdənin girişində izdiham diqqətimizi cəlb elədi. Jurnalist həmkarlarımın onların düşmən mərmisi yağan ərzilərdən müvəqqəti sığınacağa köçürüldüklərini öyrənməsi vaxt tələb etmədi. Uşaqlı-qocalı, əsasən də qadınlardan ibarət olan bu adamların halına acımağımız yalnız onların üzü dağlara yönəli ümid dolu baxışlarında əriyib yox olurdu. Bərdənin mərkəzində isə elə bil başqa mühit var idi. Çayxanalarda domino və nərd oynayanlar sanki müharibədən xəbərsizdilər. Mağazalarda alver öz ritmi ilə gedirdi. Rayon üçün adi sayılacaq bu halı yalnız hərbi və təcili yardım maşınlarının siqnalları, sözsüz ki, bir də düşmən tərəfdən atılan mərmi səsləri pozurdu.

Postları keçib qərargahın yerləşdiyi əraziyə çatdıq. Qərargahda, ümumən getdiyimiz yerlərdə Elşən və Salman köhnə tanışlar kimi qarşılanırdılarsa, mənə də münasibət doğma idi. Sürücü qismində qəbul edib, qonağa daha çox ülfət göstərmək istəyən də oldu. Əlbəttə, özümü yad hiss eləmirdim. Quzanlıda evlərini tərk etməyən camaatla söhbətlərimiz bizdə nikbin əhval-ruhiyyə yaratdı. İşimizi yekunlaşdırıb nahar üçün Elşənin seçim etdiyi Sarıcalladakı məşhur yeməkxanaya getdik. Üzügülər kababçı bizə lap yuxarı başdakı otağın boş olduğunu bildirdi. Təzəcə rahatlanmaq istəyirdik ki, getdikcə daha da gurlaşan uğultu səsi böyük təşvişə səbəb oldu. İnsanların otaqlardan çıxıb sığınacaq tapmaq üçün ətrafa səpələnməsi an məsələsi idi. Bu vaxt bizim üçün ayrılan otaqdakı partlayışdan ətrafı toz-torpaq bürüdü. Mən irigövdəli çinarın arxasında etibarlı yer seçmişdim. Belə partlayışlara adət etmiş insanların sakitləşməsi uzun çəkmədi. Birdən Elşənin məni çağıra-çağıra təşviş içərisində otağa sarı qaçdığını gördüm. Mən onu səsləyəndə geri qanrıldı, sevincindən hansı hissləri keçirdiyi indi də gözümün önündədir. O gün mərmi yağışından planlaşdırdığımız kimi Ağcabədidən keçə bilmədik. Bərdə rayonu ilə geriyə- Bakıya doğru istiqamət aldıq. Yolda baş verən olay haqqında Elşən Əliyevin hazırlayıb ötürdüyü informasiya saytlarda yayımlandı. İlk olaraq jurnalist dostumuz Müsəllim Həsənovun həyəcanlı səsini eşitdik, arxayınlaşdıq. Sonra çoxsaylı zənglərə cavablarımızla dostlarımızın naraghatlıqlarına son qoyduq.

Yolda maşınımın ön şüşəsində əmələ gələn çatı hiss elədim. Elşən isə mənə görə, bir də partlayış zamanı ayağının yanından keçən mərmi qırıntısının vıyıltısından qopan həyəcanın təsiri altında idi və bu çatı görmək iqtidarında deyildi. Qayıtdıqdan sonra elə Ağdamdan olan maşın ustamın apardığı kosmetik təmir zamanı şüşədəki çata eyham vurmasına əlimi yellədim. Maşınımın ön şüşəsindəki Ağdam çatını Ağdama növbəti səfər öncəsi aradan qaldıracağıma söz verdim.

...İlk olaraq o məni, 20 oktyabr 2020-ci il tarixdə Zəngilanın azad olunması münasibətilə təbrik etdi. Sonra növbə mənə çatdı. Və bu gün mənim daha bir təbrik şansım var: tələbəlikdən qazandığım dostumu 60 yaşının tamam olması münasibətilə təbrik etmək! Təxminən 2 il qabaq yubileyimi təbrik edərkən o, mənə ümid dolu təskinlik vermişdi. Bu gün isə nə təskinliyə, nə də ümid verməyə ehtiyac yoxdur. Həm Ağdam, həm Zəngilan, bütövlükdə Qarabağ bizimdir. Gözümüz aydın!

“Vətən səsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elşən Əliyevə ürək dolusu təbrik edirəm: 60 yaşın mübarək, azad yurdumun azad fikirli söz adamı!

Mahir Cavadlı, şair-yurnalist

Mənbə: redaktor.az