Nurlanə Əliyeva: "Təbrik edirik: Eldar Quliyev"

Nurlanə Əliyeva: "Təbrik edirik: Eldar Quliyev"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yanvar 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Dəyərli sənətkarımızı ürəkdən təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

"Hər filmdə özümü görürəm"

Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq artisti, "Debüt" studiyasının ilk bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı ELDAR QULİYEVi hər kəs sevir, desək, yanılmarıq. Bu da səbəbsiz deyil. Azərbaycan kinosunda onun xidmətləri əvəzsizdir. Eldar Quliyevin zəngin yaradıcılığı milli kino sənətinin parlaq səhifələrindəndir.

Eldar Quliyevin sənət yolu “Bir cənub şəhərində”n başladı. Sonra bir cənub ölkəsinin keçmişinə, “Babək”in zamanına yollandı, “Sevinc buxtası”nı çəkdi, “Nizami”ni kinoda əbədiləşdirmək istədi, “Ürək, ürək...”, “Var olun, qızlar”, “Gümüşgöl əfsanəsi” bir-birini əvəz etdi, “Təxribat”, “Nə gözəldir bu dünya”, “Girov” filmlərində də öz sözünü dedi. “İstanbul reysi” kinomuzda öz yerini tutdu...

Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.

1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb.1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.

"Kino sənəti böyüdücü şüşədir"

Kinorejissor Eldar Quliyev ilk dəfə

"Biri vardı, biri yoxdu…" adlı qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Həmçinin, bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür.

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Eldar Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərir.

Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.

Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

Eldar Quliyevin kino sənəti ilə bağlı ürək sözlərindən: "Kino sənəti güzgü deyil, böyüdücü şüşədir. Sənətkar heç kimin görmədiyini görür, hiss edir və şüşədən başlayır onunla söhbət etməyə..."

"Kino incəsənətin bir qoludur. Kino birbaşa texnika, texnologiya ilə bağlıdır. Üstəlik, cəmiyyətdə yaxşı yazıçı, bəstəkar, rəssam olmalıdır ki, kino sənəti inkişaf etsin. Bizdə Markes yoxdur. Bizdə Pikasso, Salvador Dali də yoxdur. Amma biz Tahir Salahovla, Toğrul Nərimanbəyovla, Qara Qarayevlə, Fikrət Əmirovla, Niyazi ilə fəxr edirik. Bu adlarını çəkdiyim insanların kinomuzun inkişafında çox böyük əməyi olub.

Kino hansı yeniliyin astanasında olursa-olsun, əsas insan amilidir. Dahi şairimiz Nizami deyirdi ki, insanın daxili dünyası kosmosdan böyükdür. Bir baxın, insanın daxili dünyasında açılmamış nə qədər sirlər var. İnsanın daxili o qədər zəngindir ki, axtarsa hər dəfə bir yenilik tapacaq. Və bu yeniliyi hər kəsdən əvvəl sənətkarlar duyub sənətin gücü ilə insanlara çatdıracaqlar.

Son 20 ildə üç film çəkmişəm, sovet vaxtı isə 20 ildə 15 film çəkmişdim. Amma bu üç film mənə bəlkə də 15 filmin çoxundan daha yaxındır. İstəmişəm bu filmlərlə bugünkü həyatda gedən prosesləri necə görürəmsə, necə hiss edirəmsə, o cür də tamaşaçılara çatdırım..."

Eldar müəllim bu torpağa, onun hər daşına, kəsəyinə ürəkdən bağlı olan Azərbaycan oğludur. O öz çıxışlarından birində demişdir: "Mən azərbaycanlıyam. Bunu yaddan çıxarmaq olmaz. Məşhur deyim var: soruşma ki, Vətən mənim üçün nə edib? Özünə sual ver: mən Vətən üçün nə etmişəm. Bu, hamımızın borcudur. Bunu heç vaxt unutmamışam, bu gün də unutmuram. Mən bu torpağa, bu şəhərə borcluyam. O borcu qaytarmalıyam".

Azərbaycan kinorejissoru, ssenaristi Eldar Quliyev bu torpağa, bu şəhərə borcunu ləyaqətlə qaytarıb. Bu torpaq, bu Vətən, bu dövlət, bu xalq isə onun əməyini əvəzsiz qoymayıb.

Eldar Quliyevin əməyi yüksək dəyərləndirilmiş, o, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi" (23 dekabr 1976), "Azərbaycan SSR Xalq artisti" (1 dekabr 1982) fəxri adlarına, "Qırmızı Əmək Bayrağı" ordeni, "Şöhrət" ordeni (17 yanvar 2001), "Şərəf" ordeni (14 yanvar 2011), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Milli kino" mükafatı (14 yanvar 2016), Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (14 yanvar 2016) layiq görülmüş, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (10 may 2018) adını almışdır.

Ötən gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yanvar 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Eldar Quliyev üçün isə ən böyük mükafat xalqın sevgisini qazanmaqdır.

Və nə yaxşı ki, o belə düşünür!

İnsanlara sevinc, bəxtiyarlıq bəxş edən, tariximizi yaşadan çəkdiyi kino-filmlərlə o, bu sevgini çoxdan qazanmışdır.

Azərbaycanın dəyərli kino xadimi Eldar Quliyevi 80 illik yubileyi və yeni mükafat alması münasibətilə bir daha təbrik edir, ona uzun sağlıqlı ömür, gələcək fəaliyyətində yeni-yeni uğurlar və həmişə sevinc, sevgi dolu günlər yaşamağı arzulayırıq!

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə: buta.ws