Səhnəmizin “Pardon Qurbanəli”si: “Dedilər ki, yeni Bəşir Səfəroğlu dünyaya gəlib” - MÜSAHİBƏ

Səhnəmizin “Pardon Qurbanəli”si: “Dedilər ki, yeni Bəşir Səfəroğlu dünyaya gəlib” - MÜSAHİBƏ

Akif Əli oğlu Səfərov 24 avqust 1955-ci ildə Gəncə şəhərində anadan olub.

Atası Əli kişi və anası Nəcibə xanım 1948-ci ildə Ermənistandan Azərbaycana deportasiya olunanlardandır. Ailədə üç övlad olan Akif Səfərov 1962-ci ildə Gəncə şəhərində orta məktəbin 1-ci sinfinə daxil olub və 18 saylı tam orta məktəbi bitirib. Məktəbdə oxuduğu illərdə dram dərnəyinə üzv yazılan Akif Səfərov burada hazırlanan Səməd Vurğunun “Vaqif” tarixi dramında rol alıb. Səhnədə ifasını görən ədəbiyyat müəllimi olan Mürşüd Məmmədov baxışdan sonra onun çox istedadlı bir aktyor olacağını söyləyib.

Akif Səfərov da elə ədəbiyyat müəllimi olan Mürşüd Məmmədovun fikirlərinə əsaslanaraq orta məktəbi bitirdikdən sonra 1972-ci ildən 17 yaşındaikən taleyini Gəncə Dövlət Dram Teatrına bağlayıb. Valideynləri onun bu sənət ocağında çalışmasına heç zaman mane olmayıblar. Əksinə, onun sənəti ilə hər zaman fəxr ediblər.

-Aktyor olaraq 45 illik səhnə fəaliyyətiniz müddətində komediya janrında olan pyeslərdə əsas və köməkçi obrazlarda çıxışlarınız olub. Bu obrazların daha çox sizə yaxın olanı vardımı?

-İlk illərdə aktyor olaraq kütləvi səhnələrdə və əsasən də gənc oğlan obrazları mənə həvalə olunurdu. Səhnə fəaliyyətim müddətində iki obrazım mənim üçün daha çox doğma olaraq hesab oluna bilər. Bunlardan birincisi rejissor Hilal Həsənovun quruluşunda 1985-ci ildə hazırlanan Fəridə Əlyarbəylinin “Qonşular” adlı iki hissəli pyesində Həsi və 1987-ci ildə rejissor, xalq artisti Məhəmməd Burcəliyevin quruluşunda Tofiq Mahmudun “Onuncular” adlı iki hissəli komediyasında Mehman obrazlarıdır. Mən bu obrazları həddən artıq böyük sevgi ilə oynayırdım. Xatırlayıram ki, “Qonşular” pyesində mənim səhnədə əsasən tərəf müqabillərim xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayeva idilər. Onlar mənim valideynlərim idilər. Atam Manaf – Xalq artisti Məhəmməd Burcəliyev mağaza müdiri, anam isə Mətanət – Xalq artisti Sədayə xanım Mustafayeva bəstəkar bir qadın idi. Mən isə bu valideynlərin çox ərköyün, dələduz və bir az da atasının puluna görə lovğa, həddən ziyadə özündən razı bir oğulları idim. “Onuncular” pyesində isə məktəbli bir gənc oğlan olaraq səhnədə çıxış edirdim. O illərdə hər iki obraz sanki mənim həyatıma çevrilə bildi. Səhnədə hər dəfə çıxışlarım böyük alqışlarla qarşılanırdı. Obrazlarımdan böyük zövq alırdım. Hətta tamaşa bitdikdən sonra o böyük sənətkarların ətrafında toplanan tamaşaçı auditoriyası ilə birlikdə dayanmaq onların xoş sözlərini eşitmək mənə xoşbəxtlik sevincini yaşadırdı. Bu gün nə xoşbəxt bir aktyoram ki, bu kimi sənətkarların əhatəsində səhnə məktəbini keçə bildim.

-Təbii ki, yaşa dolduqca obrazlar artır və daha dolğun xarakterik obrazlar həvalə olunurdu. Bu obrazlar haqqında nə deyə bilərsiz?

-Təbii ki, belədir. Yaşa dolduqca səhnədə rejissorların diqqətini daha çox cəlb etməklə mükəmməl və xarakterik obrazlar tapşırılırdı. Məsələn, 1983-cü ildə səhnəyə qoyulan quruluşçu rejissorlar Əməkdar Mədəniyyət işçisi Ələddin İsmayılov və xalq artisti Vaqif Şərifovun birgə quruluşunda hazırlanan Səməd Vurğunun “Vaqif” tarixi dramında mənə həvalə olunan Təlxək obrazı digər obrazlarımdan fərqlənirdi. Sözsüz ki, bu obrazı da öz ştrixlərinə uyğun olaraq komediya janrında təqdim etməli idim. Ancaq tarixi dram əsərində təqdim edilən Təlxək obrazı fərqli, bir azda poetik teatrın estetik şərtlərindən bəhrələnməklə aktyor oyununun müvazinətinin dəqiqliklə gözlənilməsi ilə yaradılmalı idi. Məhz burada da tərəfmüqabillərim olan xalq artistləri Ələddin Abbasov (Vaqif), Məhəmməd Burcəliyev (İbrahim xan), Əməkdar artist Telman Əliyev (Şeyx Alı) kimi sənətkarların obraz üzərində dəqiqliklə işləmələri mənim də yaradıcılığıma öz təsirini göstərməklə elə onların səhnə oyununa qatılmaq imkanını böyük ustalıqla təqdim edirdi. Demək olar ki, hər dəfə elə bu aktyorlarla səhnəni bir tərəfmüqabili olaraq bölüşmək qismətimə yazılırdı.

-Olurdumu ki, səhnədə iki komediya janrında rol alan aktyorlar üçün tamaşaçı alqışı eynilik təşkil etsin və bu, digər tərəf müqabilinizdə qısqançlıq yaratsın?

- Gəncə Dövlət Dram Teatrının aktyorları arasında heç zaman paxıllıq hissi olmayıb. Bizim üçün səhnə və sənət, eləcə də tamaşaçı duyumu əsas şərt olub. Məsələn, mən mərhum aktyorumuz, Əməkdar artist Faiq Qasımovla da səhnədə tərəf müqabili olmuşam. O da çox maraqlı tipik komediya aktyoru idi. Deyərdim ki, Faiq Qasımovun özü bir komediya janrında sənət məktəbi idi. Xatırlayıram ki, 1984-cü ildə quruluşçu rejissor, Əməkdar İncəsənət xadimi Həsən Ağayevin traktofkasında Altay Məmmədovun “Kişilər” komediyasında tərəfmüqabili idik. Bu tamaşa teatrımızın repertuarında otuz ildən artıq bir dövrdə fasiləsiz olaraq oynanılırdı. İlk dəfə bu komediyaya elə 1964-cü ildə rejissor, əməkdar incəsənət xadimi Həsən Ağayev müraciət edib. Pyesin yenidən 1984-cü ildə bərpası da uğurlu səhnə əsərlərimizdən birinə çevrilə bildi. Tamaşa hər zaman böyük anşılaqla keçirdi. Bu tamaşada Faiq Qasımov Göyüş mən isə Səməndər obrazında iştirak edirdim. Biz bu komediyaya yeni aktyor heyəti olaraq daxil edildik. Deyərdim ki, rejissor tərəfindən tamaşaya əlavə edilən yeni ifaçılar da əsərin satirik ruhunu, yumorun məişət xarakterini, satiranın ictimai-sosial mahiyyətini həssaslıqla duyur və mənalı ifadə vasitələri ilə öz oyunumuzla canlandırırdıq. Uzun illər Gəncə Dövlət Dram Teatrının səhnəsində uğurlu tamaşalarımızdan biri də Sabit Rəhmanın “Əliqulu evlənir” komediyası olub. Xalq artisti Məhəmməd Burcəliyev bu komediyada hər zaman Səfər (Sıfır) obrazında çıxışlar edib. Vaxt oldu ki, 1990-cı ildə bu pyesi yenidən teatrın repertuar planına daxil etdilər. Bu zaman tamaşanı rejissor, xalq artisti Məhəmməd Burcəliyev hazırlamalı oldu. Sənətkarın böyüklüyünə baxın. O, özü də bu tamaşada oynaya bilərdi. Ancaq məni bir gənc aktyor kimi qabağa çəkib dedi ki, indi Səfəri sən oynayacaqsan. Səhnədə Məhəmməd Burcəliyevin ifasında gördüyüm Səfərdən sonra bu obrazı oynamaq böyük məsuliyyət demək idi. Çalışdım ki, görüb-götürdüyüm sənət məktəbindən bəhrələnərək Səfəri elə Məhəmməd Burcəliyevin istədiyi kimi oynaya bilim. Bu mənim uğurum idi.

-Sənətkarlardan söz düşmüşkən, bu teatrın səhnəsində bir çox sənət korifeyləri ilə birgə çalışmaq sizə nəsib olub. Bu sənətkarların həyatınızda və sənət yolunuzda nə kimi rolu olub?

-Tamamilə doğrudur. Qismətimə, taleyimə belə düşüb ki, bu teatrın səhnəsində Ələddin Abbasov, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Zülfüqar Baratzadə, Kərim Sultanov kimi sənətkarlarla bir səhnəni bölüşdüm. Onların böyük sənət məktəbindən sənətin əsas aktyor yaradıcılığı üçün xarakterik olan xüsusiyyətlərini öyrənə bildim. Yaxşı yadımdadır ki, 1980-ci ildə teatrın səhnəsində rejissor, əməkdar incəsənət xadimi Həsən Ağayevin quruluşunda Mirzə İbrahimovun “Həyat” adlı iki hissəli dramı hazırlanırdı. Bu pyesdə mənə Pardon Qurbanəli obrazı həvalə olundu. Gənc yaşlarım idi. Bu obrazı çox böyük həvəslə oynayırdım. Daxili baxışında görkəmli pedaqoqumuz, Xalq artisti, rejissor Mehdi Məmmədov tamaşanın qəbulunda iştirak etmək üçün Gəncəyə gəldi. Tamaşanın müzakirəsindən sonra xalq artisti Məhəmməd Burcəliyev sevinçli bir hislə gəlib dedi ki, təbrik edirəm səni. Mehdi Məmmədov dedi ki, “Pardon Qurbanəli”ni təcili Bakıya göndərin, yeni Bəşir Səfəroğlu dünyaya gəlib. Ancaq bu dəvətə baxmayaraq mən Gəncəni və doğma teatrımızı qoyub getmədim.

-Müasir dövrümüzdə teatrlarımıza tamaşaçını cəlb etmək bir qədər mürəkkəbləşib. Sizcə daha çox nə etmək lazımdır ki, əvvəlki tamşaçı axını bərpa edilə bilsin?

- Bu bir həqiqətdir ki, ötən əsrin 80-ci illərində televiziya kanallarının sayı çox az idi. O vaxtlar bu üzdən insanların əyləncəsi, istirahəti ancaq teatr və kino zallarında çoxluq təşkil edirdi. İndi daha çox televiziyalarda olan seriallar və digər internetə çıxış faktları teatrlara olan tamaşaçı axınının qarşısını alır. Yadımdadır ki, 80-ci illərdə Azərbaycanda televiziya məkanına çıxmaq da bir az mürəkkəb idi. O illərdə “Səhər görüşləri” adlı bir proqram vardı. Canlı efirə Gəncə teatrının aktyorlarından xalq artistləri Məhəmməd Burcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə və bir də mən dəvət olunduq. O vaxt efirdən sonra Gəncədə şəhərə çıxmağa belə qorxurdum. Az-az görünməyə çalışırdım. Çünki efir məkanı bir idi və hər kəsin maraq dairəsi də həmin efir məkanına cəmlənirdi. İndi isə tamam fərqli bir zamanda yaşayırıq. Ancaq buna baxmayaraq sözsüz ki, səhnədə canlı ifanı heç nə əvəz edə bilməz. Düşünürəm ki, bu gün daha çox komediya janrında olan pyeslərə ehtiyac var.

- Bu gün xatırlayırsız yəqin ki, 45 ildən artıq bir zaman kəsiyində hansı rejissorlarala işləmisiniz?

- Əməkdar incəsənət xadimləri olan Yusif Bağırov, Həsən Ağayev, Bəhram Osmanov, Oruc Qurbanov, Xalq artistləri Məhəmməd Burcəliyev, Vaqif Şərifov, rejissorlar Hilal Həsənov, İradə Gözəlova ilə işləmək qismətimə nəsib olub. Daha çox isə xalq artisti Vaqif Şərifovla səhnədə işləmək mənim üçün maraqlı idi.

Bu gün həyatının 65-ci baharını yaşayan, ömrünün 45 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr edən bir aktyor üçün tamaşaçı alqışından və sevimlisi olmasından gözəl bir hiss yoxdur. Bu sevgi hər zaman onun taleyinin nəsibi olub. Tükənməz tamaşaçı alqışları ilə qarşılanıb. Ancaq təəssüflər olsun ki, yaşının və yaradıcılığının daha da püxtələşən bir zamanında hələ də layiq olduğu fəxri adı ala bilməyən aktyor Akif Səfərov yaradıcılığının inkişaf etdirilməsindən yorulmur. Amalı, idrakı uğrunda çıxdığı yolda tükənməz və orijinal obrazlar üzərində çalışır.

Mənbə: cebhe.info