Ehtirasın kölgəsində: “Xəyanət”ə görə ölkəsində bağışlanılmayan aktrisa

Ehtirasın kölgəsində: “Xəyanət”ə görə ölkəsində bağışlanılmayan aktrisa

Aktyor Marçello Mastroyanni gələcəkdə onu belə xatırlayacaqdı: “Marina gözəl deyildi, amma onda ilk baxışda insanı “vuran” bir şey vardı”.

İyirmi yeddi yaşlı Marçello onunla tanış olanda Marina hələ on beş yaşındaydı. “Amma mənə sevgi məsələsində ilk dərslərimi öyrətdi”, - onun haqqında deyirdi. Marçello bir gecə partisində onu dostları – kino dünyasının populyar simaları ilə tanış etdi. Həmin gecə gənc qadın başqa bir kişiyə - yaraşıqlı Marlon Brandoya aşiq oldu. Marçellodan fərqli olaraq, Marlon Marina ilə gerçək bir eşq yaşamadıqlarını etiraf etdi.

“Cadugər” filmindən sonra Marina “cadugər” adıyla çağırıldı. Təsadüfi deyildi. Gənc aktrisa məşhur rejissorlar - Orson Uels və Jan-Lyuk Qodara belə aşiq olmuşdu. Ancaq o, Azərbaycan əsilli fransalı aktyor Robert Osseyni seçdi.

Nifrətə çevrilən ehtiras

Robert Osseynlə evlənəndə on yeddi yaşındaydı. Beş illik evlilikləri boyunca dünyanın ən gözəl cütlüklərindən biri kimi qəbul olundular. İddiaya görə, hətta aralarındakı güclü ehtiras səbəbindən uzun zaman ayrı qalmağı gözə almadıqları üçün bir çox film təkliflərini rədd etmişdilər. Lakin qızğın məhəbbət sürətlə soyumağa başladı. İki övladı olan cütlük qarşıdakı illər boyunca bir-birinə həqiqi nifrət bəslədi.

Qaçmaq üçün şans

Marina Osseyndən boşandıqdan sonra heç vaxt evlənməyəcəyinə söz verdi, amma bunu yerinə yetirmədi. İkinci əri Afrikada bir hava yolu şirkətinin sahibi Jan-Klaud Bruyet idi. Bruyetdən bir oğul dünyaya gətirdi. Sonra səssizcə ayrıldılar. Əlbəttə buna qədər Marina artıq yetkin bir qadındı. Artıq müvəqqəti əlaqələrlə maraqlanmırdı və pərəstişkarları da bundan bezmişdi. Bu səbəbdən 1960-cı illərin sonlarında sovet rejissoru Sergey Yutkeviçin film təklifini məmnuniyyətlə qəbul etdi. Moskvaya uçanda ümid edirdi ki, gecə partiləri və kişilərlə münasibətlərinə bir müddətlik fasilə verəcək.

Marina SSRİ-yə qayıdanda yanında üç oğlu vardı. Eyni zamanda, ümid edirdi ki, Moskvada çox qalmayacaq. Amma şair və aktyor Vladimir Vısotski ilə tanış olduqdan sonra 12 il burada qaldı. Vıstotski ilə məhəbbəti haqda onlarla kitab yazıldı, birini də özü qələmə aldı.

“Vladimir həyatımın ən böyük ehtirası idi. Əlbəttə digər kişiləri də sevirdim, amma məhəbbət və ehtiras odur”, - Marina sonrakı illərdə Vıstoskini belə xatırlayacaqdı.

Arzudan məyusluğa

1971-ci il dekabrın 1-də Vıstoski ilə evləndi. Evlilikdən sonra SSRİ-dən gedəcəklərini düşünürdülər, lakin bu arzu məyusluğa çevrildi. Vısotski Rusiyada özünü həbsxanada kimi hiss edirdi, Fransada isə lazımsız bir adamdı. Belə bir durum, özünün də dediyi kimi, Marina üçün də öldürücü idi. Vısotskinin ölümü də Marinaya öldürücü zərbə vurdu. “Fransız Vladi” SSRİ-də bəyənilmədi. Evində uzunmüddətli depressiya dövrü başladı. Aktrisanın bu dönəmdə intihara cəhd etdiyini iddia olunur.

Onkoloq Leon Şvarzenberq onu qurtardı. Uzun illər Marinanın bacısını da xərçəngdən malicə etdi.

Tarkovskiyə kömək etmək

Şvarzenberq Marinanın istəyi ilə ölümcül xəstə olan rejissor Andrey Tarkovskiyə də yardım əlini uzatdı. Müayinədən sonra rejissorun xərçəng olduğu ortaya çıxdı. Qorxunc diaqnoz açıqlananda Tarkovskinin maddi durumu o qədər də yaxşı deyildi. “Qurbanvermə” filmi üçün pul hələlik alınmamışdı. Müalicə üçün 40 min frank lazım idi. Marina Vladi bu pulu verdi. Beləliklə, Şvarzenberq Tarkovskinin həkimi oldu. Rejissoru klinikasına apardı və pulsuz müalicə etdi. Müalicədən sonra Tarkovskinin səhhəti yaxşılaşdı, tezliklə xəstəxandan çıxdı.

Marina Tarkovskinin ailəsini Parisdə yerləşdirdi. Rejissor burada yeni filmi üzərində işləməyə davam etdi. Bir müddət sonra başqa bir müalicədən keçmək üçün Parisdən Almaniyaya getdi. Almaniyadan sonra rejissorun səhhəti kəskin şəkildə pisləşdi. Həyatının son aylarını keçirdiyi Parisə qayıtdı.

Müvəqqəti günlər

Leon Şvarzenberq arvadı və oğlunu atandan sonra Marinaya müvəqqəti olaraq onun evində qalmaq istədiyini bildirdi. “Müvəqqəti günlər” 23 il davam etdi. Cütlük bu illər ərzində ciddi ittihamlarla qarşı-qarşıya qaldı. Səhiyyə nazirinin sadiq tərəfdarlarından biri olan Leon bir neçə xəstəni öldürməkdə günahlandırıldı. Marina onu şiddətlə müdafiə etdi.

Taleyin qəribə ironiyası budur – Şvarzenberq də, Tarkovski kimi xərçəngdən öldü. Marina ağrıları və qorxularından yaxa qurtarmaq üçün içkiyə başladı. Dəfndən sonra özünü evdə təcrid etdi. Həftədə bir neçə dəfə çölə çıxırdı – içki və ərzaq üçün. Uşaqlar da uzaq qohumlarının yanında qalırdı. Marinanın bu depressiv durumdan və intihardan evdəki köpəkləri çıxardı. Bunları sonralar özü də etiraf edəcəkdi.

Ölülər üçün yaşamaq

Aktrisa iki ərini dəfn etdi, az qala oğlu İqoru da avtomobil qəzasında itirəcəkdi. Marinanın ataları ilə birlikdə tətilə gedən nəvəsi həyatını itirdi. Bu hadisədən sonra Marina gülərək, “Bir müddətdir ölümdən heç qorxmuram”, demişdi. Dönəmin fransız mediasına görə, ağrıları Marinanın ürəyini “dəmir”ə çevirmişdi, üzündəki nəşə və təbəssüm həqiqi deyildi.

Fransa aktrisanın yeni kitabının təqdimatına gecikməsi ilə bağlı ürküdücü bir olayı da xatırlayır. Həmin gün təngnəfəs və gülümsəyərək salona girib belə demişdi: “Gecikdiyim üçün üzr istəyirəm. Bu gün nəvəm öldü, sonra avtomobilimi saxlamaq üçün yer tapmırdım”. Jurnalistlərin üzlərindəki dəhşəti gördükdən sonra tələsik açıqladı: “Oğlum və gəlnimi küçük kimi sakitləşdirmək məcburiyyətində qaldım. Körpə bir həftəlik belə deyildi, doğum xəstəxanasında öldü. Ən böyük xoşbəxtlik yaşamaqdır. O qədər ölü dəfn etmişəm ki - ərlərimi, valideynlərimi, bacılarımı, uşaqları – nə qədər olduqlarını bilmirəm. İndi özüm üçün yox, ölülərim üçün yaşamağım lazımdır”.

SSRİ-dəki uğursuzluqlardan sonra Marina yenidən Parisdə yerləşdi. Aktrisaya Fransanın paytaxtında mənzil almağa Andrey Qavrilovski kömək etmişdi. Dəbdəbəli malikanələrdən sonra aktrisa ikiotaqlı bir mənzilə sığınmışdı və tək yaşayırdı.

Dörd bacının ən kiçiyi

Marina 1938-ci ildə doğulub. O, Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından ən kiçiyidir. Əsl adı Yekatrina Marina Vladimirovna Polyakova-Baydarovadır. Atası Moskva Konservatoriyasında oxuyub, amma Birinci Dünya Müharibəsindən sonra Fransaya köçüb. Müharibədən sonra Paris və Monte-Karlodakı opera teatrlarında səhnəyə çıxıb. Dörd qızından ən kiçiyi olan Marinanın atasıyla arasında xüsusi bir bağ vardı. Bu səbəbdən ölümündən sonra “Vladi” soyadını seçmişdi.

Sənətkar ailəsində doğulan bacılar özlərinə başqa bir yol seçmədilər, dördü də valideynlərinin izləri ilə getdi. Elə Marinanın özünə görə də, aktrisadan başqa kimsə ola bilməzdi. Marinanın iki böyük bacısı Tatyana və Militsa aktrisa oldu, Olqa isə televiziya direktoru…

Marina karyerasının ilk illərində peşəkar ballerina olan anasından dərs almışdı. Amma teatr sahənəsi onu o qədər də cəlb etməmişdi. Marinanın bütün arzuları kino ilə bağlıydı. Marina ciddi işlər üçün lazım olan qədər təcrübə yığmaq üçün epizodik rollarda çıxış etdi. Axırda bunun bəhrəsini gördü.

İstedadın başqa üzü

İlk filmi, on bir yaşında epizodik rola çəkildiyi “Yay şimşəyi”dir. 1953-cü ildə on beş yaşında olarkən “Birinci sinif qız” və “İlk sevgi” filmlərində ciddi rolların məsuliyyətini öz üzərinə götürdü. “Seldən əvvəl” filmi Marinaya uğur qazandırdı. On yeddi yaşında “Cadugər” filminə təklif aldı. Filmdə canlandırdığı obraz onu SSRİ kinosunun zirvəsinə qaldırdı. “Fransız aktrisası” adı eqzotik imicinə yeni çalarlar qazandırdı. Marina Vladi siması Fransada yeni markaya çevrildi.

Vladinin aktrisa və rejissor kimi son işlərindən biri, 2010-cu ildə rol aldığı “Bir neçə günlük dinclik” filmidir.

Vısotski haqda kitabını qələmə aldıqdan sonra Marina özündə yazmaq istedadını da üzə çıxardı. Çox sayda əsəri nəşr olundu. “Nənə”, “Albalı bağçası”, “Sahildə” və hekayələr kitabları işıq üzü gördü. Marina yazıçı kimi Avropada bir çox mükafat qazanıb.

Eşqin kölgəsində

Yüzdən çox filmdə rol alan və çox sayda kitab yazan Marina Vladi öz yardıcı karyerası ilə fəxr edə bilər, amma avtobioqrafiyası, yəni şəxsi həyatı onu aktrisa kimi kölgədə qoydu. Tərcümeyi-halı maraqlı faktlarla zəngin olan Marinanın kişilər üzərində böyük cazibəsi vardı. Digər bacıları kimi, o da hədsiz gözəldi.

Qeyd etdiyimiz kimi, həyatı boyunca dörd dəfə evlənib. Aktrisa ərləri ilə yanaşı, bir sıra həmkarları ilə də qısamüddətli eşq münasibətləri yaşayıb. Bu sırada Marçello Mastroyanni, Orson Uels və Jan-Lyuk Qodard yer alır. İlk evliliyindən əvvəl Marina Vladi Marlon Brandoya aşiq olmuşdu, amma ona qaşılıq verməmişdi. Həyatının ən böyük sevgisi isə, şübhəsiz ki, Vladimir Vısotski idi.

Bağışlanılmayan “xəyanət”

Vısotskinin ölümündən sonra Marina onunla münasibəti haqda kitab yazdı. Kitabda hər şey olduğu kimi etiraf olundu. Marina Vısotskinin həyatının son illəri və şairin onun həyatını yavaş-yavaş necə bitirməsi haqda ilginc iddiaları dilə gətirdi. Kitabı yayımladıqdan sonra bir çox insan bu açıq etiraflara görə onu təhqir etdi. Vısotskinin pərəstişkarları üçün bu, şokedici idi. Çünki o zaman heç kim şairin ailəsi və dostları xaricində həyatında nə kimi problemlərinin olduğunu bilmirdi.

Rusiyada Marinanı Vısotskiyə xəyanət iddiasına görə də bağışlamadılar. Halbuki Marina rəsmi olaraq evlənmişdi, yəni ona xəyanət etməmişdi. Ruslar Marinanı Vısotskidən başqasına yaraşdırmadılar. Ölümündən üç il sonra Marina Vısotski haqda bir kitab yazmışdı. Şvarzenberqlə evlənərkən də, şairin portreti evinin divarından asılmışdı. O, buna görə Marinanı heç vaxt qınamadı.

 

Mənbə: teleqraf.com