Qışı nağıllara bənzəyən Əhmədabad: "Babamın riyaziyyatdan maraqlı nağılları"

Qışı nağıllara bənzəyən Əhmədabad: "Babamın riyaziyyatdan maraqlı nağılları"

Atam özünə ev tikib köçənə qədər biz babamgillə yaşadıq. İki mərtəbəli, üç otaqlı, böyük aynabəndli idi, babamgilin evi.

Otaqlardan birində biz qalırdıq, digərində babamgil. Orta otaq qonaq üçün idi.

Uşaqlığımın ən gözəl, ən şirin, ən unudulmaz anları məhz o evlə bağlıdır. O ev ki, babalı, nənəli uşaqlığım keçib.

O vaxt atamın nənəsi də sağ idi- Həyalı nənəm... Başqa kimsənin o adla şağrıldığını eşitmədim. Dünyada "Həyalı" adı, deyəsən, təkcə mənim nənəmdə idi. Nə ona qədər, nə ondan sonra bu adda qadın görmədim, eşitmədim. Onu o qədər çox istəyirdim ki...

Atamın atası və anası da onda sağ idi. Babam kəndin xeyrində-şərində həmişə iş başında olardı. Onun bir xüsusiyyəti də vardı, kənddə hamıya ayama, ləqəb qoşardı. Deyilənə görə, bircə İsax doxtura ayama qoşmayıbmış. İsax doxdur da deyib, Avdı, hərəyə bir ad qoşursan, mənə də birini qoşsan. Babam deyib, yox, a doxtur, sənə olmaz, sən elə adığözəlsən ki, adığözəl... Kənddə hamı İsax doxtura hörmət edirdi. Yaxşı həkim olmağı bir tərəfə, insan kimi çox mehriban, ağıllı, ağsaqqal birisi idi. (İsax doxtur bir dəfə də məni ölümdən qurtarıb amma bu başqa hekayətin mövzusudur.)

...Hə, qayıdaq mənim doğma baba yurduma.

O vaxt mənə elə gəlirdi, dünyada ən isti, ən rahat, ən gözəl yer babamgilin otağıdır. Ələxüsus da qış vaxtı. Çünki, qışda heyvan rahatlanıb əl-ayaq yığışan kimi qonşularımız bizə gələrdi. Oturub gecə yarıya qədər olanlardan-keçənlərdən danışardılar. Tanrım! Necə şirin, maraqlı söhbətlər edərdilər!

Anam çox vaxt məni bu məclislərdə iştirak etməyə qoymazdı. Qulaqlayıb öz otağımıza aparar, ya qabağıma riyaziyyatdan misallar qoyardı ki, həll edim, ya da şeir əzbərləməyə məcbur edərdi. Böyük ehtimal, riyaziyyatı ona görə sevmirdim. Bu misallar məni babamın, nənəmin, qonşularımız İsaq babanın, Balat nənənin gözəl, şirin nağıllarından məhrum edirdi.

Anamın belə etməsinin ən böyük səbəbi babamın senzurasız danışması idi. Həm də istəyirdi, riyaziyyatı yaxşı öyrənim, böyüyəndə onun kimya, dədəmin fizika dərslərini yaxşı oxuyum. O da olmadı...

Arada, hansısa bəhanəylə sivişib babamgilin otağına qaçırdım. Bilirsiniz niyə? Axı babamın nağılları riyaziyyatdan min dəfə maraqlı idi mənə.

Qonşular danışa-danışa zoğal mürəbbəsiylə tünd dəmli çay içər, odun sobasının üstündə kartof dilimləyib yeyərdilər. O illərin ətri, dadı, hərarəti ömrüm boyu mənimlə olacaq...

Bizim bir pişiyimiz də vardı. Boz, kök pişik idi. Adətən, masanın altında, ya da sobanın yanında yatardı. Hərdən bərkdən gülüşəndə tənbəl-tənbəl gözlərini açar, narazı halda miyoldayıb yenidən gözlərini yumardı. Mən də adətən o pişiyin yanında oturub quyruğu ilə oynayardım. Quru döşəmədə oturduğumu görən nənəm mən tərəfə bir döşəkçə atardı:

-A batmış, soyuqlayacan, bunun üstündə otur.

Mən döşəkçədə oturardım, ama soyuqlayıb, xəstələnib dərsə getməməyə də məmnuniyyətlə razı idim. Çünki dədəm, mamam məktəbə gedəcək, mənsə onlar gələnə qədər nə istəsəm edəcəkdim evdə.

Hərdən gecə babam acardı. Gülxar nənəm sobanın üstündə bir xamralı qızdırardı. Xamralı hərdən bir az köhrəyərdi və mən də onun xırt-xırt olan köhrək (yanmış) yerini yeməkdən ötrü ölərdim. Nənəm bunu bilirdi və o yeri kəsib həmişə mənə verirdi. Sonra gedib bir boşqab içinə yağ qatılmış şor, şəkər tozu gətirərdi. Otaqda kim varsa şirinçay edər, isti xamralını yağ-şora batırıb yeyərdilər.

Babam şirinçay edəndə qaşığı stəkanın divarlarına bərk vurardı. Nənəm də hər dəfə söylənərdi. Amma babam adətindən əl çəkməzdi.

Bilirsinizmi, onda sanki çörəyin, çayın, bütün yeməklərin ətri, dadı bir başqa cür idi, daha gözəl idi.

Hər şey gözəl idi onda...Hətta insanların gülüşü də başqa cür idi, ürəkdən idi, təbii idi.

Bax, indi bu sətirləri yaza-yaza o otağa toplaşan insanların gülən üzü bir-bir xəyallarımda canlanıb, gözlərim önündən keçir. Gülürəm, amma ağlaya-ağlaya gülürəm. Bu gün onların heç biri həyatda yoxdu. Ancaq yaxşı ki, yaşayıblar, mənim həyatımda olublar. Yaxşı ki, mən onları tanımışam. O soyuq qış gecələrində onların saysız-hesabsız nağıllarını, əhvalatlarını dinləmişəm.

Yaxşı ki, qışı nağıllara bənzəyən bu kənddə doğulmuşam-Əhmədabadda.

Mənbə: www.miq.az