Məhəmməd Əmin Rəsulzadəyə görə Nizami Gəncəvinin milli və ədəbi kimliyi

Məhəmməd Əmin Rəsulzadəyə görə Nizami Gəncəvinin milli və ədəbi kimliyi

Yanvar ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür – 137 yaşı tamam olur. Bu bərəkətli insanın, milli liderin çox dəyərli əsərlərindən biri də Nizami Gəncəvi ilə bağlı yazılmışdır. Bu kitab nizamişünaslığın şah əsərlərindən biridir. TƏKLİF EDİRƏM Kİ, AMEA BU ÇOX DƏYƏRLİ KİTABI DÖVLƏT MÜKA-FATINA TƏQDİM ETSİN. Nizami və Rəsulzadə Azərbaycan xalqının və insanlığın iki böyük dəyəridir. Bizə deyir ki, ey cəsur Azərbaycan xalqı, sən böyüksən, ümidli ol, həqiqətə inan və onun uğrunda çalış, əmin ol ki, sən qalib gələcəksən, dəyərlərinə sahib çıxan milləti kimsə məğlub edə bilməz. Bu iki dahi şəxsiyyətin ortaq cəhətləri çoxdur, biri də odur ki, ikisi də rus işğalına qarşıdır. Yazımı bu iki böyük, mübarək, ölməz dəyərimizə ithaf edir, onları sevgi, rəhmət və dua ilə salamlayıram. Uca Allahın rəhməti, bərəkəti və salamı onların üzərinə olsun!

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimaisiyasi, elmiədəbi fikir tariximizdə böyük yeri olan Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» monoqrafiyasını 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazmış, «müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmiş», 1951-ci ildə Ankarada nəşr olunmuşdur. Qeyd edək ki, sovet dövründə Azərbaycanda bu monoqrafiyaya birtərəfli, əksər hallarda mənfi münasibət bildirilmişdir. «Rəsulzadənin mühakimələri əksərən səhv və nöqsanlı olub, özünə qədər fikir söyləmiş Avropa burjua müəlliflərinin yanlış mülahizələrindən kənara çıxa bilməmişdir, o, burjua təd­qiqatçılarının məhdud və qeyrielmi fikirlərini təkrar etmişdir».

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra M.Ə.Rəsulzadə irsinə, o sıradan alimin «Azərbaycan şairi Nizami» adlı monoqrafiyasına obyektiv qiymət verilmişdir. Azərbaycan mühacirət ədəbiyyatı və ədəbiyyatşünaslığının tədqiqi ilə ardıcıl, sistemli məşğul olan, sanballı monoqrafiyalar yazan, tanınmış alim Nikpur Cabbarlı «Mühacirət və klassik ədə­bi irs» adlı elmi əsərində M.Ə.Rəsulzadənin adı çəkilən əsə­rini hərtərəfli araşdırmış, bu əsər­lə bağlı yazılmış bütün fikirləri dəyərləndirmiş, təhlil və tənqid etmişdir. Alimin qə­naəti budur: «... M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoqrafiyası mühacirət ədəbiyyatşünaslığında orta əsrlər ədəbiyyatımız haqqında ən sanballı tədqiqat olmaqla yanaşı, dünya nizamişünaslığının mühüm nailiyyətlərindəndir».

M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» adlı monoqrafiyası başlanğıc, dörd fəsil, son söz, əlavələrdən ibarətdir. Alim kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini əlavə etmişdir. Bu lüğət üç hissədir. Birinci hissədə iyirmi altı türk sözü və onların izahı (müəllif qeyd edir ki, bu türkcə sözlərin kiçik bir hissəsidir), ikinci hissədə türk şəkilçiləri ilə düzəlmiş fars sözləri verilmişdir. Bu tipli sözlərin sayı beşdir (bu, son rəqəm deyil). Lüğətin üçüncü hissəsində Nizaminin əsərlərində məcaz və rəmz kimi işlədilmiş Türküstan şəhərlərinin bəzilərinin adları təqdim olunmuşdur. Bu məkan adlarının sayı da altıdır.

M.Ə.Rəsulzadə bu monoqrafiyanı zəngin qaynaqlar əsasında yazmışdır. O, Nizami Gəncəvi ilə bağlı yazılmış türkcə, farsca, rusca, Avropa dillərində olan mənbələri diqqətlə oxumuş, təhlil etmiş, sistemləşdirmiş, tənqidi münasibət bildirmişdir. Alim fars dilini mükəmməl bildiyindən Nizamini orijinaldan oxumuş, istifadə etdiyi nümunələri öncə farsca, sonra da Azərbaycan türkcəsində vermişdir.

Monoqrafiyanın girişində bu başlıqlar var: «Şərq islam mədəniyyətinin üç ortağı», «Şərq islam mədəniyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylər», «Şərq islam mədəniyyətində Azərbaycanın rolu», «Türk hakimiyyəti altında fars ədəbiyyatı», «Azərbaycan XII əsrdə», «Milliyyət baxımından ədəbiyyatda forma və məzmun», «Nizami Azərbaycan şairi», «Nizaminin yaradıcılığı», «Unudulmuş Nizami», «Ni­zamiyə borcumuz».

Məhəmməd Əmin Rəsulzadə elmi araşdırmasında Nizami Gəncəvini tərcümeyi-halını, ədəbi kimliyini, əsərlərinin mövzu və ideyalarını, dünya ədəbiyyatındakı yerini şərh et­məz­dən öncə Şərq islam mədəniyyətinin özəlliklərini açıqlamış, bu yolla da şairi ortaya çıxaran elmi, ədəbi, mədəni, dini qaynaqları göstərmişdir. Nizaminin düşüncəsi köklü bir mədəniyyətin ölməz dəyərləri ilə formalaşmışdır. Şairin yetişdiyi Azərbaycan mühiti də Şərq islam mədəniyyətinin ayrılmaz bir parçasıdır. Bu mədəniyyət ərəblərin, türklərin və farsların birgə yaratdığı «ümmət mədəniyyəti»dir. Azərbaycan öz alimləri, şairləri, sənət adamları ilə bu mədəniyyətin içində önəmli yer tutmuşdur.

Alim Nizaminin yetişdiyi mühitin sərhədlərini müəyyən edərkən Şərq islam mədə­niyyəti ilə birgə, Azərbaycanın XII əsrdə mövcud olmuş siyasi, iqtisadi, elmi, ədəbi, mədəni kimliyini də araşdırmışdır. Araşdırmada Rəsulzadənin üzərində durduğu mə­sələlərdən biri Nizaminin farsca yazması və milli kimliyi ilə bağlıdır. O qeyd edir ki, «ümmət mədəniyyəti» dövründə milli kimlik və milli dil önəmli məsələ deyildi: «Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız farsların deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub yazanlarına, ziyalılarına məxsus bir dil idi. Eyni zamanda, o dövrdəki «milli ruh»lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı».

M.Ə.Rəsulzadə türk yazılı ədəbi dilinin gec formalaşmasının səbəbini türklərin köçəri həyat tərzinə bağlayır, bir millətə məxsus olub, ancaq başqa bir dildə yazan şairlərə dünya ədəbiyyatından örnəklər verir, Nizaminin duyğu, düşüncə, şüur, mövzu, məna, məzmun baxımından Azərbaycan şairi olduğunu vurğulayır, «hissiyyatca türk və müsəlman olan» şairin milli kimliyi ilə bağlı bu nəticəni açıqlayır: «Gözəl ilə bö­yü­yə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?».

Alim milli kimlik məsələsini araşdırarkən Nizami ilə Firdovsini müqayisə edə­rək bu fərqləri göstərir: Firdovsidə fars təəssübkeşliyi var, Nizamidə fars təəssübkeşliyindən heç bir əsər-əlamət yoxdur, Nizami bir müsəlman təəssübkeşidir, Firdovsi qədim İran tarixini canlandıran altmış min beytlik «Şahnamə»sini yazmaqla «parsi ilə əcəmi» diriltdiyinə işarə etmişdir, Nizamidə belə bir məqsəd və öyünməyə təsadüf edilməz, Firdovsi müxtəlif dastan, əfsanə və hekayələrini İran tarixini, fars ənənələrini canlandırmaq, yaşatmaq üçün istifadə etmişdir, Nizami isə tarixi hadisələrdən həqiqət naminə, gözəllik yaratmaq üçün faydalanmışdır, Firdovsidə qatı bir irq təəssübü var, Nizami üçün mühüm olan qan deyil, imandır, Nizamini maraqlandıran İran və fars qanı deyil, təkallahlılıq (tövhid) əqidəsi və ədalət anlayışıdır, Firdovsidə ərəb və türk düşmənliyi var, Nizamidə bu düşmənliyin bir zərrəsi də yoxdur, Firdovsi «fars mil­lətçiliyinin şair ideoloqudur», onun fikrincə, İran xeyirin başlanğıcı olan Hürmüz, Turan isə şərin başlanğıcı olan Əhriməndir, müsəlman Nizami bu dualist çoxallahlılığa qətiyyən əhəmiyyət vermir, İran, Turan istilahını biriki yerdə coğrafi ərazi kimi işlədir, Firdovsi İran milliyyətçiliyi və fars təəssübü ilə yanır, ərəbləri, islam dinini təhqir edir, müsəlman Nizami isə peyğəmbərin məktubunu cıran atəşpərəst Pərvizi «quduz» adlandırır, Xosrov şair üçün bir tarixi şəxsiyyət kimi maraqlı deyil, eşq das­tanının qəhrəmanı kimi maraqlıdır, o, «Xosrov və Şirin» dastanına «islami rəng» vermiş­dir, «... şair müsəlman peyğəmbərinə qarşı kobudluq edən atəşpərəst hökmdarının yal­nız maddi fəlakət və süqutunu verməklə kifayətlənməyib, eyni zamanda, İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etmişdir». Fir­dov­si ilə Nizami arasında «hiss başqalığı» var, Firdovsi farsların İskəndərə məğlubiyyətini qəbul edə bilmir, vəziyyətdən çıxmaq üçün İskəndərin damarlarında fars qanı ax­dığını söyləyir (rəvayət uydurur), Nizami bu uydurmanı rədd edir, İskəndərin zəfərinin səbəbini onun imanında, düşüncəsində, dövlət idarə sistemində axtarır. Nizaminin farspərəstlikdən uzaq olmasının açıq dəlillərindən biri də atəşpərəstliyə düşmən olmasıdır, o, məcusiliyi alçaqlıq sayır, onun zərərindən danışır, İskəndəri atəşpərəstlərin düşməni kimi təqdim edir, «dünyanı məcusilikdən təmizlədiyini» xüsusi qeyd edir. Alim Nizaminin atəşpərəstliyə düşmən olmasının səbəbini bu sözlərlə açıqlayır: «...Sözün həqiqi mənasında Nizamidə farslıq duyğusu yoxdur. O, bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır. Təkallahlılıq mövqeyindən də o, hər cür ikilik və çoxluğu rədd edən vəhdaniyyətçidir, müvəhhiddir, Allahın təkliyinə inanır, farsca yazsa da, duyğu və şüuru farslıqdan uzaqdır, bu uzaqlığı onun zamanında olduqca qüvvətli olmuş ismailiyyə məzhəbinə qarşı gizlətmədiyi düşmənçilik və nif­rəti də gös­tərməkdədir...».

Mənbə: paralel.az