“Əvvəlki nazirdən narazı idik“ – Bacılar Anar Kərimovdan nə gözləyir?

“Əvvəlki nazirdən narazı idik“ – Bacılar Anar Kərimovdan nə gözləyir?

Bir müddət əvvəl Anar Kərimov Mədəniyyət naziri təyin olundu.

XəbərAl.az xəbər verir ki, Yenisabah.az-a danışan Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları nazirlikdəki yeni təyinatla bağlı gözlənti və təkliflərini saytımıza danışıb.

Gülyaz Məmmədova yeni nazirin mədəniyyət sahəsi üçün öz konsepsiyası olacağını düşündüyünü deyib:

“Mən yeni nazirimizi yaxından tanımıram, lakin o bu vəzifəyə layiq görülürsə demək ki, hər şey yaxşı olacaq. Onu təbrik edirəm, ümid edirəm ki, mədəniyyət sahəsində böyük işlər görəcək. Fəxri adlarla bağlı bəzən narazılıq edirlər, lakin məndə hər şey yerindədir, düzdür, bizdə də adların verilməsi gecikmişdi, lakin sonra verildi. Bilirsiniz, mən heç vaxt ada görə yaşamamışam, sənətimi sevərək xidmət etmişəm, nə zaman məsləhət görülübsə, fəxri adım verilib. Hər şeyi zamana buraxmaq lazımdır, sənət mütləq dəyərləndirilir. Yetər ki, şöhrət dalınca qaçmayasan, öz sənətinlə məşğul olasan”.

Gülyanaq Məmmədova isə bundan əvvəllki nazirdən bəzən diqqətsizlik gördüyünü, təqaüdlərinin kəsildiyini qeyd edib:

“Dövlət başçımız bu vəzifəyə kimi təyin etdiyini çox yaxşı bilir. Mən yeni nazirimizi, onun ilk diqqətini şəxsən görmüşəm. Nailə Mirməmmədlinin yas mərasimində onu gördüm, onun elin sənətkarına verdiyi dəyərin şahidi oldum. Qısa müddətlik də olsa gəldi, başsağlığı verdi. Bu özü çox böyük diqqət idi, ilin günün bu vaxtında, pandemiya vaxtı ondan bu qayğını gördüm. Hər şey yaxşı olacaq, biz buna inanırıq, o həm cavandır, həm də yaşına baxmayaraq işgüzardır. Onun sənət adamlarına, mədəniyyət sahəsinə göstərəcəyi qayğıdan əminik. Bundan əvvəl bizim də narazılığımız olub, bunu danmıram. Bizə qarşı qayğısızlıq, təqaüdlərimizdə kəsilmə olub. Bir sənət adamı kimi bizim buna ehtiyacımız var. Hamımız istəyərik ki, bu dəfə diqqətdə olaq. Hər bir halda Anar Kərimova işlərində uğurlar arzulayırıq”.

Mənbə: xeberal.az