Kimya, biologiya, fizika... - Müəllimlik ixtisaslarına maraq azalır?

Kimya, biologiya, fizika... - Müəllimlik ixtisaslarına maraq azalır?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatla yanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdən birinə çevrilib.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul zamanı ilkin müsabiqədən sonra bir sıra müəllimlik ixtisasları üzrə plan yerlərinin boş qalması bu sahəyə marağın vəziyyəti ilə bağlı suallar yaradıb.

Belə ki, ilkin müsabiqədən sonra kimya müəllimliyi üzrə 76, biologiya müəllimliyi üzrə 57, kimya və biologiya müəllimliyi üzrə 57, fizika müəllimliyi üzrə 31, riyaziyyat müəllimliyi üzrə 32, coğrafiya müəllimliyi üzrə 10, tarix və coğrafiya müəllimliyi üzrə isə 3 yer boş qalıb.

Maraqlıdır, müəllimlik ixtisaslarında plan yerlərinin boş qalmasının əsas səbəbləri nələrdir? Bu tendensiya gələcəkdə Azərbaycanda ayrı-ayrı fənlər üzrə müəllim çatışmazlığına səbəb ola bilərmi?

Mövzu ilə bağlı danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, boş qalan plan yerləri gələcəkdə müəllim çatışmazlığına səbəb olacaq ciddi problem kimi qiymətləndirilə bilməz:

"Bu ilki ali təhsil müəssisələrinə qəbuldan sonra boş qalan müəllim yerləri, əlbəttə, sosial şəbəkələr üzərində geniş müzakirə olundu. Mən düşünmürəm ki, bu boş qalan yerlər gələcəkdə müəllimlər üçün problem yarada bilər. Çünki bilirsiniz ki, artıq hər il müəllimlərin işə qəbul imtahanına 50-60 min arası sənəd verən var. Amma vakansiyalar hardasa 10 dəfə ondan azdır, 4-5 min və yaxud da hardasa bir qədər az yer təklif olunur. Burada da növbəti illərdə məzun olanlar yenidən həmin yerlərə gedirlər”.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda müəllim çatışmazlığı ilə bağlı ciddi problem müşahidə olunmur:

"Bir sözlə, Azərbaycanda müəllim qıtlığı yarada biləcək hələ ki hər hansı bir problem yoxdur. Sadəcə olaraq, növbəti illər üçün düşünürəm ki, Dövlət İmtahan Mərkəzi müəllim ixtisasları ilə bağlı pedaqoji kadrlar hazırlayan ixtisasları bir qədər əmək bazarına uyğunlaşdırmalıdır”.

M.Məmmədli qeyd edib ki, pedaqoji kadr hazırlığı əmək bazarının tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir:

"Təbii ki, plan yerləri Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Amma hər halda Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi bunu birgə hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir ki, pedaqoji kadrlar hazırlayan ixtisaslar üzrə məzun olanların əmək bazarında böyük işsizlik ordusu yaradır. Ona görə də bu məsələ ilə bağlı indidən müəyyən addımlar atılsa, bazar tələb-təklif məsələsini özü nizamlaya bilər”.

Fəridə Əsədzadə

Mənbə: azxeber.com