36 il əvvəl vəfat edən aktrisa süni intellektlə “canlandı”

36 il əvvəl vəfat edən aktrisa süni intellektlə “canlandı”

Hollivud aktrisası Qreta Qarbo ölümündən 36 il sonra süni intellekt vasitəsilə yenidən ekrana qaytarılıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, İsveçin sənaye nəhəngi SKF üçün hazırlanan 99 saniyəlik reklam çarxında Qarbonun rəqəmsal obrazından istifadə olunub. Müəlliflik hüquqları səbəbindən aktrisanın köhnə filmlərindən foto və video materiallar götürülməyib. Bunun əvəzinə süni intellektə Qarbonun görünüşünü təsvir edən mətnlər verilib və onun üzü sıfırdan yaradılıb.

Daha sonra real aktrisa Qarbonun hərəkətlərini canlandırıb, yaradılan rəqəmsal üz isə həmin aktrisanın üzərinə yerləşdirilib. Aktrisanın səsi də köhnə film yazısından süni intellekt vasitəsilə yenidən modelləşdirilib.

Lakin reklam tənqidlərə səbəb olub. Kino tənqidçisi Peter Bradşav mərhum kino ulduzlarının irsinin kommersiya məqsədləri üçün istifadəsinə etiraz edib.

Mənbə: publika.az