“Atamın anamla tanış olduğu, xoşbəxt yaşadığı şəhərə uçuram” - Erməni rəssam Bakıdan yazdı

“Atamın anamla tanış olduğu, xoşbəxt yaşadığı şəhərə uçuram” - Erməni rəssam Bakıdan yazdı

Bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Aqamalyan “Azerbaijan Dance Festival 2026” beynəlxalq festivalında iştirak edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməniəsilli rəqqas sosial şəbəkə hesabında paylaşım edib.

Bakıda anadan olmuş Aqamalyan həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə Azərbaycan paytaxtına səfər edəcəyini bildirib: “Yəqin ki, insanların birlikdə yaşaya, ünsiyyət qura və sevə biləcəyini düşünmək sadəlövhlükdür. Amma ailəmin bioqrafiyası buna əsl nümunədir. Atamın anamla tanış olduğu şəhərə uçuram. Onlar idman fakültəsində oxuyurdular: atam futbolçu idi, anam - idman gimnastı. Valideynlərimin gənc və xoşbəxt olduğu şəhərə uçuram. Mənim doğulduğum şəhərə. Bacım Rənanın doğulduğu şəhərə”.

Rəqqas atasının vaxtilə Ağdərədən paytaxtımıza gəldiyini, anasının isə Bakı rusu olduğunu qeyd edib.

“Mən pafosla yaza bilərdim ki, ora uşaqlarımız (öz uşaqlarımız) naminə uçuram, gələcəkdə mənim uşaqlarım və azərbaycanlı uşaqlar döyüşməsinlər deyə bir damla səy göstərmək üçün... Mən yaza bilərdim, ora ona görə uçuram ki, dekabrın 1-də Ermənistanda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək. Ora Azərbaycanı təmsil edən rəqqaslar mütləq gələcəklər. Mən bir erməni olaraq, dünya çempionatından bir ay əvvəl Azərbaycana uçuram ki, bizim rəqs vasitəsilə, incəsənət vasitəsilə ünsiyyət qura biləcəyimizi göstərim”, - Aqamalyan yazıb.

İki yaşına qədər Bakıda, sonra isə Xankəndidə yaşadığını bildirən A.Aqamalyan səfər zamanı qohumları ilə görüşmək niyyətində olduğunu vurğulayıb: “Mən 37 ildir görmədiyim qardaş və bacımla, heç vaxt görmədiyim qardaş və bacı uşaqları ilə, uşaqlıqda həyətdə qaçıb oynadığım insanlarla görüşəcəyəm. Anam rusdur - onun tərəfindən olan qohumlar orada, Bakıda yaşayırlar”.

Rəqqas “Azerbaijan Dance Festival”da iştirak etmək üçün 5 ildir ki, dəvət aldığını, lakin hər dəfə bu təklifdən imtina etdiyini söyləyib: “Yarım il əvvəl yenidən dəvət aldım və mən ilk dəfə dedim ki, düşünəcəyəm... Mən birdən anladım ki, istəyirəm. Daxilən getmək istəyirəm. Rəqs etmək istəyirəm”.

Qeyd edək ki, regionun ən böyük rəqs layihələrindən biri olan “Azerbaijan Dance Festival 2026”da dünyanın 20-dən çox ölkəsindən olan 1000-dən artıq rəqqas iştirak edəcək. Bu gün start götürəcək tədbir noyabrın 1-dək davam edəcək.

Mənbə: qafqazinfo.az