Edvard Munkun “Çığırtı” əsərindəki yazının rəssamın özünə aid olduğu müəyyən edilib

Edvard Munkun “Çığırtı” əsərindəki yazının rəssamın özünə aid olduğu müəyyən edilib

Norveç Milli Muzeyinin kuratorları Edvard Munkun “Çığırtı” tablosunun küncündəki kitabənin müəllifinin rəssamın özünün olduğunu aşkar ediblər.

Qazet.az xəbər verir ki, məşhur tablonun küncündə qələmlə yazılmış bir yazı mövcuddur: “Bunu yalnız bir dəli yarada bilərdi”.

Uzun müddətdir ki, həmin yazının sənətkarın özünə aid olub-olmadığı ilə bağlı müzakirələr gedirdi.

2022-ci ildə Osloda keçiriləcək sərgiyə hazırlıq çərçivəsində mütəxəssislər yazını xüsusi diqqətlə təhlil edib onu infraqırmızı analiz və əlyazma təcrübəsindən keçiriblər.

“Şübhəsiz, kitabə Munkun qələminə aiddir. Altındakı xətt və 1895-ci ildə Munkun Norveçdə ilk dəfə rəsm əsərini təqdim etdiyi zaman baş verən hadisələr bunu göstərir”, – muzeyin kuratoru Mey Britt Qulenq bildirib.

Qeyd edək ki, şəklin ilk nümayişi sənətkarın sərt tənqidlərinə və ruhi problemləri barədə şayiələrə səbəb olmuşdu. Muzeydən verilən məlumata görə, bu cür ittihamlar Munku dərindən yaralayıb və bu da onu rəsmin üzərində həmin yazını yazmağa sövq edib.

Norveç rəssamı və qrafiki, ekspressionizmin nümayəndələrindən biri Edvard Munkun (1863-1944) yaradıcılığının əsasını ölüm, tənhalıq və eyni zamanda həyat eşqi təşkil edir.

“Çığırtı” əsəri ön planda affekt vəziyyətindəki adamı təsvir edir. O, əlləri ilə qulaqlarını qapayaraq ətraf səsləri eşitmək istəmir və reallıqdan qopmaq istəyir. Fiqur qabarıq əyri xətlərlə təsvir olunub. Qəhrəmanının ruhi vəziyyətini müəllif forma və rənglərin təhrifi ilə verir. Əsas cizgilər tam verilməsə də, dəhşət hissinin aydın təsviri var. Mərkəzi fiqurdan uzaqlaşan adamlar isə onun tənhalıq hissini daha da dərinləşdirir. Munk səmanı narahat, narahatlıq aşılayan qırmızı, yaşıl, krem rəngli zolaqlarla çəkib.

Bu əsər reallığın obrazından çox onun haqda sadəcə təsəvvür yaradır. Rəssamın əsərlərini uşaqlıq, yeniyetməlik travmalarının sublimasiyası kimi də qəbul etmək olar.

Əsərin yaranma səbəbi haqda Munk öz gündəliklərində yazır: “İki dostumla cığırla gedirdim. Gəzintiyə çıxmışdım. Günəş qüruba yaxınlaşırdı. Məni həzin qüssə bürüdü. Birdən səma qan rəngli qırmızı rəngə boyandı, dayandım və hasara söykəndim. Mən qana, göy-qara fyord (ensiz, dərin yamacları dik və qayalıq olan dəniz körfəzi) və şəhər üzərindəki alov dilimlərinə baxırdım.. Dostlarım yola davam etdi, mən isə yerimdə donub qalmışdım. Qorxudan titrəyərək təbiətin dəhşət dolu çığırtısını sanki bütün qəlbimdə eşidirdim”.

Mənbə: qazet.az