“Çalıquşu”unun Fəridəsi: "Sevildiyini bilmək çox böyük xoşbəxtlikdir"

“Çalıquşu”unun Fəridəsi: "Sevildiyini bilmək çox böyük xoşbəxtlikdir"

“Azərbaycana bir neçə dəfə səyahət edib, Bakını, Masallını gəzmişəm. Orada çox dostlarım var. Məni Azərbaycanda “Çalıquşu” serialının Fəridəsi kimi tanıyırlar. Ölkənizdə çoxlu tamaşaçılarımın, sevənlərimin olduğunu bilirəm. O illərdə çoxlu məktublar alırdım, indi də instagram və digər sosial şəbəkələrdən mənə olan sevgilərini bildirirlər. Bütün MDB ölkələrində “Çalıquşu” serialını izləyirlər və mənə təşəkkür mesajları yazırlar. Siz bilirsiz ki, “Çalıquşu” SSRİ-də yayımlanan ilk türk serialıdır. Hətta Moskvaya, Ukraynaya serial ilə bağlı dəvətlər alıb, səfərlər də etmişəm. Bir sənətçi üçün sevildiyini bilmək çox böyük xoşbəxtlikdir”

Bunu Moderator.az-a özəl açıqlamasında açıqlamasında məşhur aktrisa Aydan Şenər deyib.

Aktrisa daha sonra əlavə edib:

“Bakını, insanlarınızı həqiqətən də çox sevirəm. Çox qonaqpərvər millətsiz. Bakı gözəl şəhərdir. Hətta Bakıya işıqların şəhəri deyərdim. Xüsusilə də şəhərin gecələri möhtəşəmdir. Çox gözəl xatirələrlə ayrılmışam Azərbaycandan. Məni dostum, mərhum rejissorunuz Şahin Zəkizadə “Həkimlər” serialına dəvət etmişdi. Allah ona rəhmət etsin, çox cavan idi. Şahinin ölümü mənə çox pis təsir etdi” deyə məşhur aktrisa bildirib.

Aydan Şenər seriala çəkilməzdən öncə Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərinə teatrda baxdığını bildirib.

““Çalıquşu” əsərinə uşaq ikən teatrda baxmışdım. Hətta deyərdim ki, bu əsər mənim teatrda seyr etdiyim ilk tamaşa olub. İllər sonra bu serialda baş rolda çəkilmək mənə qismət oldu. Fəridə obrazı məni böyük kütləyə tanıtdırıb, sevdirdi. Serialın bir neçə səhnəsi həqiqətən də məni təsirləndirmişdi. Çaparın Fəridəyə Kamuranın sevgilisinə yazdığı məktubu gətirməsi səhnəsini misal çəkə bilərəm” deyə Aydan Şenər bildirib.

Aktrisa “Çalıquşu” filmində çəkildiyi həmkarı, aktyor Kənan Kalavla illər görüşdüyünü də bildirib.

“Kənan Kalav 15 ildir ki, İspaniyada yaşayır və orada özünə biznes qurub. İllər sonra onunla görüşüb, köhnə günləri yadımıza salıb, söhbət etmişdik. Təbii ki, həyat davam edir, biz o illərdə qalmamışıq. Görüşəndə o öz həyatından, mən də öz həyatımdan danışıram. Sözün düzü 3-5 il olar ki, onu görmürəm” deyə aktrisa bildirib.

Aydan Şenərə bir neçə il əvvəl “Çalıquşu” serialının yenidən çəkildiyini xatırladırıq. Aktrisa isə cavabında bunları bildirib.

““Çalıquşu” serialı 2013-cü ildə çəkildi. Baş rollarda Burak Özcivit və Fahriye Evcen oynayırdılar. Amma xronometraj çox uzun idi. Belə olan halda ssenari dəyişikliyə uğrayır, romanın özündən uzaqlaşırlar. Həm də uzun-uzadı çəkilən seriallar insanları yorur. Mən bu günki gündə filmlərə, seriallara da dəvət alıram, amma ssenari mənə uyğun olmadığına görə qəbul etmirəm” deyə məşhur aktrisa deyib.

Mənbə: www.nuh.az