İnternet resurslarda elektronlaşdırılaraq yayılan elmi əsərlər - kitabxanalar və saytlar pul qazanır, təkcə müəlliflər əli boşda qalır…

İnternet resurslarda elektronlaşdırılaraq yayılan elmi əsərlər - kitabxanalar və saytlar pul qazanır, təkcə müəlliflər əli boşda qalır…

Aydın Xan Əbilov: “Kommersiya məqsədilə yayımlayıb qazanc əldə edirlər...”

Əqli mülkiyyət məhsulları ilə bağlı müəlliflik hüquqlarının qorunması ən vacib məsələlərdən biri olsa da, təəssüflər olsun ki, əksər vaxtda bunun əksini görürük və hər addımbaşı müəlliflərin hüquqlarının pozulduğunun şahidi oluruq.

Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda müəlliflərin hüquqlarını pozanlar sırasında həm kitabxanalar, həm ayrı-ayrı şirkətlər, həm də rəsmi və qeyri-rəsmi təşkilatlar var. Azərbaycanda müəllifin icazəsi olmadan və ona hər hansı bir qonorar ödənilmədən müxtəlif şirkətlər, kitabxanalar tərəfindən o müəllifin elmi, bədii əsərləri elektronlasdırılır və müxtəlif pul gətirən internet resurslarında yayılır, nəticədə həmin şirkətlər, kitabxanalar pul qazanır, amma müəllif heç nə qazanmır, burada həm müəllifin hüquqları pozulur, həm də pirat elektron kitab cinayətləri cəzasız qalır.

Onu da vurğulayaq ki, hətta bir sıra alim və yazarların əsərlərinin elektronlaşdırılmış variantları “Amazon” və digər internet platformalarında onlayn satışa çıxarılır, yenə də müəllifdən xəbərsiz, yenə də müəlliflə müqavilə imzalamadan, ona hər hansı bir məbləğ ödəmədən.

“Bir çox halda müəlliflərin intellektual mülkiyyət hüquqlarına zidd addımlar atılır”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a şərhində bildirdi ki, son illər internet üzərindən biznes şəbəkəsi genişlənib. A.X.Əbilov qeyd etdi ki, internet resurslarında yayılan intellektual əsərlərin müəllif hüquqları və patentlə əlaqədar bir sıra problemlər yaşanır: “Əgər müəlliflərin razılığı olmadan internetdə kommersiya xarakterli platformalarda onların yazdıqları məqalələr, sənət əsərləri, audiovizual nümunələr, intellektual məhsullar satışa çıxarılırsa və bununla bağlı onlara məlumat verilmirsə, müqavilə bağlanıb qonorar ödənilmirsə, bu düzgün deyil, müəllif hüquqlarının pozulmasıdır. Eyni zamanda, ədalətsizlikdir. Amma kitab məsələsində bir qədər fərqli yanaşma var. Kitablar bilirsiniz ki, elmi-kütləvi, bədii və digər sahələri əhatə edə bilər. Həmişə klassik, folklor, tarixi əsərlər kağız daşıyıcılarda və internetdə yayıldığı zaman onların qonorar məsələsi bir qədər fərqli olur. Ümumiyyətlə, həm nəşriyyat işi, həm müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunlara, həm də beynəlxalq Paris və Berlin konvensiyalarına görə, müəlliflərin iki cür hüququ var. Birincisi, müəllif tərəfindən çap hüququ birbaşa nəşriyyata və yayımçılara verilən əsərlər. Burada müəllifə qonorar xüsusi razılıq əsasında verilir. İkincisi, həmin əsərlər ya qismən pullu, ya da tam pulsuz yayımlandığı zaman müəllifə onunla razılaşdırılmış formada faiz ödənilir. İnternet resurslarında, platformalarında isə bu məsələyə yanaşma bir qədər fərqlidir. İnternet resurslarında müəllifin öz əsərini tapması daha asandır, çünki müəllif ya əsərin, ya da öz adını axtarış sisteminə yazır və bu zaman onun əsərlərinin hansı internet resurslarında yayımlandığı məlum olur, bütün siyahı üzə çıxır. Azərbaycanda da, dünyanın müəxtəlif yerlərində də müəlliflər var ki, onlar həqiqətən də kommersiya xarakterli əsərlər yazırlar. Məsələn, Çingiz Abdullayevin dedektiv əsərləri, yaxud Nobelçi yazarların yazdıqları bu qəbildəndir, eyni zamanda, bunlar dilimizə tərcümə edilirsə, kommersiya əsərləridir, yaxud yeni əsərlər. Müəlliflər var ki, əsərin mürəkkəbi qurumamış, onu kağız daşıyıca çap edir və bundan sonra isə o əsərlər elektronlaşdırılır və bir çox halda müəlliflərin intellektual mülkiyyət hüquqlarına zidd addımlar atılır. 2009-cu ildə bizim səylərimiz nəticəsində fəaliyyətə başlayan kitabxana.net milli virtual elektron kitabxanada 6 mindən çox rəqəmsal nəşr, kitab yerləşdirilib. Bunların 95 faizi müəllifin və naşirin yayımından xəbəri olduğu əsərlərdir. Eyni zamanda, bizim dostlarımız, tanışlarımız öz yazdıqları kitabları bizə verirlər, biz onları elektronlaşdırırıq. Yaxud da hansısa layihələr əsasında kitabları elektronlaşdırıb yerləşdiririk”.

A.X.Əbilov qeyd etdi ki, kitabxana.net portalı bu kitablara qeyri-kommersiya məqsədilə yanaşır və onları sırf humanitar xarakterli bir aksiya olaraq internetdə yerləşdirir. “Amma bizim kitabları başqaları həm elektron, həm də kağız formasında götürürlər, onları kommersiya məqsədilə yayımlayıb qazanc əldə edirlər, müəllifə və o əsərləri elektronlaşdıranlara isə hər hansı bir qonorar ödənilmir.

Kitabxana.net-in ana səhifəsində belə bir xəbər yerləşdirilib ki, müəllifin və əlaqədar hüquqlarla bağlı nəşriyyatların, yayımçıların, yaxud kitabxana.net portalının, o kitabları elektronlaşdıran qurumların icazəsi olmadan kitabın kommersiya portallarında yayımı qadağandır və bununla bağlı müəlliflə, əlaqəli hüquqlar varsa, nəşriyyatla və naşirlərlə, onu elektronlaşdıran qurumla razılıq əldə edilməlidir. Bir çox müəllif var ki, onların nəinki Azərbaycanda, hətta Türkiyədə, Rusiyada, Avropada kitabları çap olunur. Baxmayaraq ki, bizdə Müəllif Hüquqları Agentliyi var, amma müəllif hüquqları ilə bağlı problemlər hələ də qalır, mövcuddur. Bununla bağlı müəyyən işlər gedir, yaradıcı təşkilatlar var, amma müəlliflərin hüquqları, demək olar ki, qorunmur. Müəlliflər kitablarını öz pulları ilə çap edirlər. Bəri başdan Azərbaycan müəllifləri ilə nəşriyyatlar arasında qeyri-rəsmi bir saziş olur ki, pulunu gətir, kitabı çap etdir, sonra isə kitabı necə yayırsan yay. Dünyada isə belə deyil. Həm kitab çapı, həm audiovizual məhsulların hüquqları müəlliflik və əlaqəli hüquqlarla tənzimlənir. Eyni zamanda, müəlliflə yayımçılar arasında tərəflərin hüquqları, qonorar məsələsi müqavilə əsasında rəsmiləşdirilir” - deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com