Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”

Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”

Dünya şöhrətli fransız aktyor Jerar Depardye 20 yaşlı qıza təcavüzdə ittiham olunur. 72 yaşlı aktyor isə ittihamları rədd edir və böhtana məruz qaldığını bildirir.

Bizimyol.info xəbər verir ki, məsələ məhkəmə müstəvisinə qalxıb. Depardiye deyir ki, hakimin ona inanacağına əmindir. O, bu haqda İtaliya mediasına müsahibəsində danışıb.

Jerar Depardye

2018-ci ildə filmin çəkilişləri zamanı təcavüzdə günahlandırılan aktyor ünvanına səslənən ittihamların əsassız olduğunu deyib. Vaxtilə bu işin sübut yetərsizliyindən bağlandığını yada salan Depardye iş üzrə istintaq yenilənəndən sonra bu haqda mediaya yanlış məlumatların yayılması, məhkəmə prosesində baş verənlərin saytlarda ətraflı işıqlandırılmasına da etiraz edib.

“Mən hesab edirdim ki, bu məsələ ilə bağlı araşdırmalar yekunlaşıb, mən təqsirli deyiləm, qorxacağım bir şey də yoxdur. Məhz ittihamların əsassızlığını nəzərə alıb, tam sakitliyimi qoruyurdum. Amma hər şeyə də hazır idim. İndi də heç bir qorxum yoxdur, ədalətin zəfər çalacağına əminəm. Mənə qarşı ittihamları sübut edən heç bir dəlil yoxdur. Müstəntiqlərlə də söhbət zamanı demişəm ki, bu ittihamlar tamamilə yalandır. Düzü, istintaqın yenilənməsi xəbəri məni təəccübləndirdi. Çünki bu iş sübut yetərsizliyi səbəbindən bağlanmışdı. Martın 10-da məhkəməyə gedəcəm və təqsirsizliyim haqda müstəntiqlərə dediklərimi orada da təkrarlayacağam”, - Jerar Depardye bildirib.

Aktyor onu ittiham edən gənc aktrisa haqda danışmaq istəməyib. O xatırladıb ki, beş il əvvəl “Günahsız” adlı kitab yazmışdı: “Sanki orada özüm haqqında danışmışam. Mən həyata, insanlara inanıram, şübhəcil deyiləm. Amma gözlənilməz zərbələr adətən belə vurulur. Mən neyləyə bilərəm ki?”

Mənbə: www.bizimyol.info