Nazilə Səfərli: “Bakıda 150 nəfərlik toya dəvət almışam"

Nazilə Səfərli: “Bakıda 150 nəfərlik toya dəvət almışam"

İki həftə sonra Azərbaycanda kütləvi tədbirlərin və toyların keçirilməsinə qoyulan qadağanın bir ili tamam olacaq. Bu müddət ərzində sənətçilərin, şou-biznes nümayəndələrinin əksəriyyəti həm maddi, həm də mənəvi sarsıntılar yaşadı.

Bəs hazırda sənətçilərin vəziyyəti necədir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı şairə-tamada Nazilə Səfərli Musavat.com-un suallarını cavablandırıb:

– Bu günlərdə nə işlə məşğulsunuz? Necə dolanırsınız?

– Xəbərçilik olmasın, məni toya dəvət edirlər. Fevralın 27-də isə xına mərasiminə dəvət etmişdilər, getmədim. Bu ayın 15-də isə şadlıq evlərinin birində xına olacaq, yenə də getməyəcəm. Özü də dedilər ki, 150 nəfərlə keçiriləcək. Dedim ki, xanım, heç olmasa evdə 10 nəfərlik bir məclis olsaydı, bəlkə də düşünərdim. Amma 150 nəfərlə məclis keçirmək artıq dövlətin qanunlarına qarşı getmək deməkdir. Oradan alacağım pulu aparıb cəriməyə verəcəm, özüm də hörmətdən düşəcəm. Bu, axı nəyimə lazımdır?

O ki, qaldı dolanışığa, mən həm şor-çörək, həm də kabab yeməyi görmüş qadınam. Yəni, hər çətinliyə sinə gələn insanam. 3-4 il də toy olmasa mənim səsimi, şikayətimi eşitməyəcəksiz. Məni illərlə bağa salsalar, orada ağacın kökünü qazıb, onunla yemək bişirəcəm, amma səsim çıxmayacaq. Bu, mənim şəxsi tərbiyəmdir.

– Bəzi həmkarlarınız, eləcə də müğənnilərin əksəriyyəti artıq Rusiyaya gedib, orada toylarda iştirak edirlər. Siz necə, Rusiyaya dəvət almısınızmı, ümumiyyətlə, getmək istərdinizmi?



– Dəvət almamışam. Amma dəvət alaramsa belə getmərəm. Heç kəsi təhqir və ya tənqid etmək fikrim yoxdur. Camaatın xonçası oynamamış balaları şəhid olub. Mən necə gedib toylarda iştirak edə bilərəm? Bir daha qeyd edirəm, heç kəsi qınamıram və heç kəslə işim yoxdur, sadəcə, hər kəsin öz baxışı var və mən o şəhid analarını nəzərə almalıyam. Mənim də evimdə iki övladım var, onlar da şəhid ola bilərdi… Başqa heç nə demək istəmirəm.

– Bir ara efirlərdə aparıcılıq edirdiniz. Yenidən özünüzü bu sahədə sınamağı düşnürsünüzmü?

– O bir layihə idi. Oradakı işçilərin birinin hansısa problemi oldmuşdu və bu səbəbdən məni gecə ilə aparıcı dəvət etdilər, mən də verilişdə əvəzedici aparıcı oldum. O layihə altı aya tamamlandı və sonra davam etmədi. Əgər belə bir təklif olarsa, qəbul edərəm, istəyərəm.

Hazırda isə özümün bir “Youtube” layihəm var. Ara-sıra yaşlıları, körpələri dindirirəm, maraqlı alınır. İstəyərəm ki, bu layihəmi püxtələşdirim.

-Hazırda bütün dünyanın gündəmində əsas məsələ vaksinasiya prosesidir. Ölkəmizdə də artıq bir müddətdir ki, bu proses başladılıb. Bilmək istərdik, siz də könüllü vaksin olunacaqsınızmı?

– Bu vaksini vururlar ki, yoluxma az olsun, ölməyək. Nəyin hay-küyünü qaldırmışıq? Elnən gələn vay toy-büsatdır, ona görə də nə lazımdırsa etməliyik.

– Sabah Od çərşənbəsidir. Uşaqlıqda bu çərşənbələri necə qeyd edirdiniz?

-Çərşənbələrlə bağlı uşaqlıqdan yadımda qalan müxtəlif plovlardır. Xatırlayıram ki, “qaragöz” adlandırılan maş lobyadan plov bişirilirdi. Birinci çərşənbəni evdə-eşikdə təmizliyə həsr edirdik. İkinci çərşənbədə isə başlayırdıq bayrama hazırlıq, şirniyyat üçün qoz-fındıq ləpəsini təmizləməyə və sairə.
Lakin bu il bayrama hazırlaşmıram. Hətta Yeni İldə evdə qazan asmamışdıq. Qoy bir il də olmasın. Əgər şəhidin anası bayrama hazırlaşmırsa, mən necə hazırlaşım? Mənim bayramımı igid oğullarımız verdi. Şuşa alınanda hamımız çölə çıxıb sevincimizdən qışqırırdıq. Bu, bayram deyilmi? Bu sevinc, bayram mənim bəsimdir… “

Mənbə: konkret.az