“Yeni çağırışlar” onlayn müzakirə proqramında qeyri-ənənəvi təhsildən danışılacaq

“Yeni çağırışlar” onlayn müzakirə proqramında qeyri-ənənəvi təhsildən danışılacaq

Martın 8-də Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner qonaq olacaq. Proqramı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dəfə “Yeni çağırışlar”da beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılacaq.

Toni Vaqner “Bill & Melinda Gates” Fondunun baş məsləhətçisi olub. İyirmi ildən çox müddətdə Harvard Universitetində müxtəlif vəzifələrdə çalışıb. Qurucusu olduğu Dəyişiklik üzrə liderlik qrupuna 10 ildən çox rəhbərlik edib. Bundan əvvəl Harvard İnnovasiya Laboratoriyasında mütəxəssis işləyib.

Beynəlxalq qurumlardan əsas çıxış (keynote) üçün dəvət alan Toni Vaqner “bestseller” sayılan “Qlobal nailiyyət boşluğu”, 18 dilə tərcümə edilən “Yenilikçilərin yaradılması: dünyanı dəyişdirəcək gənclərin hazırlanması”, o cümlədən “Qəlblə öyrənmək: qeyri-ənənəvi təhsil”, “Məktəblər necə dəyişir?” kitablarının müəllifi, “Uşaqlarımızı innovasiya dövrünə hazırlamaq” kitabının isə həmmüəllifidir. Dünyaca tanınmış film prodüseri Robert Compton ilə birlikdə “Finlandiya fenomeni: dünyanın ən təəccüblü məktəb sisteminin içində” 60 dəqiqəlik sənədli filmini çəkib.

Xatırladaq ki, “Yeni çağırışlar” proqramı “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, məşhur finlandiyalı professor Pasi Sahlberq olub.

Mənbə: azertag.az