Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət Günləri noyabrın 30-dan dekabrın 7-dək davam edəcək və Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərini əhatə edəcək.
Mədəniyyət Günlərinin başlaması ilə əlaqədar media nümayəndələri üçün Daşkənd şəhərində media tur təşkil olunub. Jurnalistlər şəhərin müxtəlif məkanlarını ziyarət edib, Özbəkistanın tarixi, memarlığı və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Məlumat üçün bildirək ki, Mədəniyyət Günləri 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib. Tədbirlərin əsas məqsədi Azərbaycan xalqının zəngin tarixi-mədəni və ədəbi irsini Özbəkistanda təbliğ etmək, iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirməkdir.
Proqram çərçivəsində muğam və klassik musiqi, caz, teatr, kino və müasir təsviri incəsənət nümunələri təqdim olunacaq. Həmçinin Azərbaycan maarifçi qadınlarının irsinə və müasir qadın rəssamların yaradıcılığına həsr olunan tədbirlər keçiriləcək.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri və Xivədə Şuşa Günləri, 2025-ci ildə isə Bakıda Özbəkistan Mədəniyyəti Günləri keçirilib.
Lamiyə Məmmədova








Mənbə: qafqazinfo.az