Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatı olub

Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatı olub

 

Bakı, 5 mart, AZƏRTAC

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüf əsərləri)” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, tədbiri açan Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Özbəkistanla olan əlaqələrdən danışıb, iki özbək doktorantın Ədəbiyyat İnstitutunda təhsil aldığını bildirib. O, Əfqanıstan səfirinin ilk dəfə institutda qonaq olduğunu deyərək, bundan sonra daha sıx əlaqələrin qurulacağını vurğulayıb.

Akademik İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətovanın “Sənətkarın elmi pasportu” seriyasından çap olunan “Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatını “Əlişir Nəvai tədbirlərinin bir parçası” adlandırıb. Bildirib ki, Almaz Ülvi Azərbaycan-Özbəkistan arasında əlaqələrin möhkəmləndirilməsində böyük əməyi olan ziyalılarımızdan biridir. Onun Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş bu kitabında daha çox Əlişir Nəvainin şeirləri araşdırılıb, Almaz xanım ilk dəfə olaraq onun nəsrini ətraflı tədqiq edib.

Tədbirdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib: “Böyük mütəfəkkir şairimiz, dövlət xadimi Əlişir Nəvai Azərbaycanda böyük diqqət və qayğı ilə tədqiq edilir. Buna görə qardaş Azərbaycana təşəkkür edirik. Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Mərkəzi yaradılıb. Bu dəstək üçün həm akademik İsa Həbibbəyliyə, həm də professor Almaz Ülviyə minnətdarlıq edirik”.

Əfqanıstanın Azərbaycandakı səfiri Amanulla Ceyhun da təqdimatda çıxış edib. O deyib: “Təqdimatına toplaşdığımız bu kitab əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Almaz Ülvi kitabı ərsəyə gətirmək üçün Əfqanıstanda da araşdırmalar aparıb”.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, türk dahisinə həsr edilmiş bu kitab ədəbiyyatşünaslığımız üçün böyük hadisədir. Əlişir Nəvainin 32 əsərindən 16-sı nəsrlə yazılıb. Almaz Ülvinin kitabında onun nəsri əhatəli şəkildə öyrənilib.

Tədbirdə onlayn iştirak edən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Şuxrat Sirojiddinov, türkiyəli professor Tanju Seyhan, Səmərqənd Dövlət Xarici Dillər Universitetinin Yaxın Şərq dilləri kafedrasının professoru Diloram Salahi, özbək professor Nurbay Cabbarov, Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun aparıcı elmi işçisi Maqsud Əsədov, “Əlişir Nəvai Fondu”nun rəhbəri Uluqbəy Səttarovun təqdimatı keçirilən kitabla bağlı məruzələri dinlənilib.

Azərbaycanlı alimlərdən Yaşar Qasımbəyli və Ataəmi Mirzəyev də kitab haqqında məruzə ilə çıxış ediblər.

Mənbə: azertag.az