Bəlkə, əvvəlki toy və yas mərasimlərinə bir də qayıtmayaq?

Ötən il ölkəmizə ayaq açan koronavirus infeksiyası adət-ənənələrimizə də təsirsiz ötüşmədi. Pandemiya dövründə yas və toy mərasimlərinin təşkilində müəyyən sadələşmələr oldu. Gənclər sadəcə nikahla ailə həyatı qurdular. Yaxud da yaxınları vəfat edənlər az adamla dəfn mərasimi keçirdilər. Şübhəsiz ki, COVİD bitdikdən sonra əvvəlki həyatımıza qayıdacağıq. Lakin əksər insan düşünür ki, bu dönəmdə qurulan sistem postpandemiya dövründə də davam etdirilə bilər. Yəni illərdir öyrəşdiyimiz məclislərin əvəzinə, sadə mərasimlərin keçirilməsi daha məqsədəuyğundur.

 

Vətəndaş Cəmiyyət Alyansı TŞ rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Şərq”ə deyib ki, illərdir ziyalılar, ictimai xadimlər toyların və yasların təmtəraqlı təşkilinə irad bildirirlər:

“Toya xərclədikləri pulun bir hissəsini ailə quran gənclərə mənzil alıb, uşaq və qocalar evlərinə bağışlamaları daha səmərəlidir. Azərbaycanda qız və oğlan toyları, xınayaxdı, nişan olur. Nağıllardaki kimi 40 gün 40 gecə toy və eynilə yas mərasimi keçirdirik. Bunların sadələşməsinə ethiyac var. Pandemiya düşünmək üçün bizə mühit yaratdı. Mərasimlərin təşkili ilə bağlı variantlar var. Ümumiyyətlə toylar, yaslar ləğv oluna da bilər. İki nəfər sosial şəbəkədə canlı yayım açıb, evləndiklərini elan edərlər, ya da yaxını vəfat edənlər, sakitcə onu torpağa tapşırarlar. Keçmiş adət-ənənələr də qalar, qız və oğlan toyu ayrı-ayrı keçirilər, hərəsinə 50 nəfər fərqli qonaqlar gələrlər. Müğənnilərin də toyda virtual iştirakını təmin etmək mümkündür. Onlar evlərində, yaxud da studiyada oturub, canlı mahnılar oxuyarlar, canlı yayımla məclisə qoşularlar. Qonaqlar da müxtəlif sosial şəbəkə platformalarından toya qoşula bilərlər”.

Kulturoloq pandemiya dövründə problemlərin daha çox yas mərasimlərindən qaynaqlandığını xüsusi vurğulayıb:

“40 gün bir yerə yığışırdılar, sosial məsafə saxlamırdılar. Ona görə koronavirus daha çox yayıldı. Bu baxımdan yas mərasimlərini də azaltmaq lazımdır. Məsələn, Naxçıvanda belə bir adət mövcud idi, yaslar sadələşirilmişdi, yemək verilmirdi, təkcə iki gün mərasim olurdu. Hər kəs vəfat edən yaxınına balaca bir qara daş qoymaqla öz sayğısını göstərirdi. İmkanı olanlar, məktəbin həyətini, yolları, qəbiristanlığı təmir etdirirdi. Yaslar da iki gündən artıq olmasa, başsağlığı üçün insanlar müxtəlif saatlarda gələ bilərlər. Bir də yasda yemək verilməsinin qəti əleyhinəyəm. Çünki orda oxunan yasinin, yeməklərin, ağlaşmaların ölən adama xeyri yoxdur. Onsuz da o dünyasını dəyişir, ya cəhənnəmə, ya cənnətə gedir. Ona görə yas mərasimlərini də virtual həyata keçirməliyik”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Fahriye Evcenin 35 manatlıq üst geyimi FOTOLAR

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert