Gürcü ədəbiyyatında azərbaycanlılar

Gürcü ədəbiyyatında azərbaycanlılar

Gürcü ədəbiyyatında azərbaycanlı obrazları ayrıca bir araşdırma mövzusudur. Həm klassik, həm də müasir gürcü yazıçılarının yaradıcılıqlarında bu mövzuda material tükənməz qədərdir. Ona görə də bu məqalənin məqsədi mövzuya daha çox ümumi giriş vermək və gürcü yazıçılığında azərbaycanlı surətinə dair əsas təmayülləri vurğulamaqdır.

Azərbaycanlı obrazlarda adətən yazıçıların şəxsi münasibəti öz əksini tapır. Gürcü yazıçılığında azərbaycanlı obrazların bir neçə surətini ayıra bilərik:

– Yerli qəriblər – “yerli” sözündə Gürcüstanda doğulması, “qərib” sözündə isə başqa xalqa və dinə mənsub olması nəzərdə tutulur;

– Düşmənlər və dostlar;

– Sivilizasiya (qərb) və geriliyin (şərq) ziddiyyətinin əyani misalları;

– Sadiqlər və igidlər; və

– Sadəlövhlər.

Sadalanan surətlər olduqca ümumidir və dolayısı ilə, qeyri-müəyyən də ola bilər, lakin gürcü roman, hekayə və novellalarında azərbaycanlı obrazların simaları və yazıçıların onlara qarşı münasibətinin təqribi paradiqmasını belə təsəvvür edə bilərik.

Gürcü ədəbiyyatında azərbaycanlıları təxminən 1940-cı illərə qədər tatar və ya Borçalı tatarları kimi, ancaq daha sonradan bu gün də daxil olmaqla azərbaycanlılar kimi təqdim edirlər. Lakin “tatar” sözünə hələ də rast gələ bilərik, bu daha çox yazıçının hansı tarixi dövr haqqında danışmağından asılıdır. Onu da qeyd etmək lazımdır ki, “tatar” dedikdə təkcə indiki azərbaycanlıların əcdadları nəzərdə tutulmur, bu söz həm də İslam dini ilə əlaqələndirilir, ancaq bu, başqa bir məqalənin mövzusudur.

Gürcü tarixi mənbələrindən fərqli olaraq gürcü bədii ədəbiyyatında Azərbaycan reallıqları daha gec – çox güman ki, qəhrəmanlıq dastanı olan “Koroğlu” ilə yaranmış diqqət nəticəsində öz əksini tapır. XIX əsrin ortalarında gürcü dramaturq Zurab Antonov eyniadlı dastanın motivləri əsasında “Koroğlu” adında pyes yazır. Burada pyesin əsas qəhrəmanı sosial ədalətsizliyə qarşı mübarizə aparan bir şəxs kimi təqdim olunur.

Şio Araqvispireli “Qiulih” (Güllü) novellasında Borçalı azərbaycanlılarının həyat tərzi fonunda faciəvi bir sevgi dramını təqdim edir. Bu novellada bir neçə düyün iç-içədir. Yaşlı Əli, artıq evli olan oğlu Kərbəlayinin aşiq olduğu 17 yaşlı Qiulih ilə evlidir. Qiulih isə Əli ilə ticarət edən erməni sövdəgərin köməkçisi gənc bir gürcü oğlana – Mituaya aşiqdir, Mitua da onu sevir. Novellada maldarlıqla məşğul olan, öz patriarxal quruluşu və böyük-kiçik qaydalarının qorunduğu, qonaqpərvərliyi və daxili, insani mübarizəsi ilə böyük bir Borçalı ailəsi təsvir olunub. Kərbəlayinin özü və anası, atasının başqa həyat yoldaşları ilə birlikdə Əlinin özündən çox kiçik olan qızla evli olmasından narazıdırlar. Hekayənin sonuna doğru Mitua və Qiulih qaçırlar, lakin Kərbəlayi onları mağarada tapır və gənclərin üçü də ölür.

Otar Çxeidzenin 2003-cü ildə Gürcüstanda baş verən hadisələrdən bəhs edən “Morçili” (“İtaətkar”) romanında süjet Kvemo Kartlidə cərəyan edir. Kvemo Kartlidə açılmış gürcü dilinin axşam kurslarında bir şagird (eyni zamanda iş adamı) öz müəlliməsi Pelagiyaya aşiq olur. Pelagiya da öz şagirdinə qarşı biganə deyil, lakin bir maneə var: “anamı razı sala bilmədim…” – Maikoya deyir. “Nədən narazıdır?… Təhsilinə görə sənə tay saymırmı?” (Burada yazıçı gürcü ictimai fikrini çox real şəkildə ifadə edir – əgər azərbaycanlıdırsa, hətta sıravi gürcü müəlliminə də öz təhsili ilə necə tay ola bilər?!) Pelagiya isə qeyd edir: “Yox, nə danışırsan!… Bakı Universitetini bitirib,” – burada azərbaycanlının təhsilinə şübhə yaranmasın deyə dərhal əlavə edir, – “rus universiteti” (rus sektoru mənasında). “Burada da bizimkilərlə əlaqə qurmaq istəyir,” – azərbaycanlı obraz Gürcüstan vətəndaşıdır, amma yenə də “gürcülər” mənasında “bizimkilərlə” sözü işlədilir və araya fərq qoyulur, – “Əlbəttə, rus dilində də ünsiyyət qurmağı bacarar, amma utanır. Həmvətənlərimlə nəyə görə başqa dildə danışmalıyam deyir” – burada artıq azərbaycanlının həmrəylik hissi daha güclü ifadə edilir.

“Bəs əziz anan yenə nə istəyir?” – Maiko soruşur.

“Adətləri xoşuna gəlmir. Onların adətləri. Mən sünnət olunmuş nəvələrə necə baxım deyir… Oradan da onun əsəbdən qızarmış anası ismarış göndərir ki, sünnət olunmamış nəvələri evə buraxmayacam.”

Romanda aşiq kişilər qadınlardan fərqli olaraq daha çox həmrəydirlər. Pelagiyanı sevən azərbaycanlı (adını bilmirik) və Maikonu sevən gürcü Dimitri öz sirlərini, ürəklərindəki od-alovu yeməkxanaların birində içki ilə ayrı-ayrı söndürməyə çalışırlar, lakin “yaxşıca vurduqdan sonra birlikdə qalxırlar, bir-birilərinə yaxınlaşırlar, son qurtumlarını da birlikdə içirlər, birlikdə çıxırlar və kirimişcə göz yaşlarını silirlər…” Maiko isə Pelagiyanı bir növ istehza ilə belə “sakitləşdirir”: “bəlkə ancaq qızlarınız oldu”.

Yazıçı bu kiçik hissədə yalnız mövcud münasibətləri deyil, eyni zamanda inteqrasiya prosesində azlıqların və çoxluqların keçəcəyi gələcək daxili mübarizəni də qeyd etməyi bacarır.

Ümumiyyətlə, azərbaycanlıların və xüsusilə Borçalı tatarları mövzusunu Mixeil Cavaxişvili fövqəladə şəkildə işləyir. Gürcü nəsrinin ustadının demək olar ki, bütün mühüm əsərlərində “tatar” və ya “Borçalı tatarı” obrazı iştirak edir, özü də bir mənalı olaraq müsbət məzmunda. Necə ki, Aleksandr Kazbeqi üçün şimali qafqazlılar əzizdir, Mixeil Cavaxişvili üçün də “tatarlar” o qədər əzizdir. Azərbaycanlı personajları səthi təsvir edən gürcü yazıçılarının bir çoxundan fərqli olaraq Mixeil Cavaxişvili Azərbaycan dilini bilirdi, eyni zamanda azərbaycanlıların məişəti və psixotipinə yaxşı bələd idi.

“Marabdalı Arsen” əsərində Mixeil Cavaxişvili “Koroğlu” dastanına baş vurur, öz dəstəsi ilə birlikdə Dəli Həsəni Arsenin qardaşlığı olaraq göstərir. “Koroğlu” dastanında Dəli Həsən Koroğlu ilə üzbəüz döyüşdə məğlub olan quldurların başçısıdır. Məğlub olan Dəli Həsən Koroğluya həmişəlik sadiqlik andı içir və onun sağ qolu olur. Mixeil Cavaxişvili Koroğlunun nüfuzunu nəzərə alaraq onu Arsenin qardaşlığı kimi göstərməyə cəsarət etmir, çünki bu halda ya Marabdalı Arsenin adına kölgə düşəcəkdi, ya da Koroğlu bir obraz kimi zəifləyəcəkdi. Eposdan fərqli olaraq, romanda Dəli Həsən Gürcüstandandır, beləliklə, borçalılıdır. Dəli Həsən öz sözü və əməli ilə Arsenin tərəfdarı və sözünün üstündə duran igid kimi təqdim olunur. Romanın sonunda Arsenə görə Qiorqi Kuçatnelidən intiqam alınması aktı da bir qardaşlıq kimi Dəli Həsənin vəzifəsidir və o, öz borcunu yerinə yetirir.

Daha bir maraqlı azərbaycanlı obraza Mixeil Cavaxişvilinin “Kvaçi Kvaçantiradze” əsərində də rast gəlirik. Onun adı Cəlildir və tez-tez bayatılar oxuyur. Düzdür, saxtakar Kvaçinin dostları, o cümlədən Cəlil də, onun kimidir, lakin maraqlısı odur ki, Cəlil bu saxtakarlıqda da ona şərtsiz sadiqdir və hər cür fırıldaqçılıqda onun tərəfini saxlayır.

“Doğruçu Abdulla” əsərində zəhmətkeş və halal bir adamın əhvalatı – öz əmisi oğlunun bədxahlığına, məhkəmədə köməksiz qaldığına və dil bilməməsinə görə xoşbəxt ailəsi dağılan bir borçalılının dramı təsvir edilir. Yazıçı hekayəyə hadisələrin ortasından, məhkəmə salonundan başlayır və ilk səhnəni film kadrı kimi real olaraq təqdim edir. Oxucu bir anlıq yarı qaranlıq kadrda hakimin hökm kimi səslənən çağırışını – “Abdul Kərim”-i eşidən tamaşaçıya çevrilir. Onu soyğunçuluqda və qətldə ittiham edirlər.

Yeri gəlmişkən, XIX əsrin sonu, XX əsrin əvvəllərində soyğunçuluğun borçalılılar arasında geniş yayılması hiss olunur. Nəriman Nərimanovun “Nadanlıq” pyesinə nəzər salsaq, görərik ki, burada da kişiliyə dair romantik düşüncələrə qapılmış gənclər dəstə yaradır, quldurluq edirlər. Onlar bu addımı sosial ədalətsizlik kimi deyil, özünüifadə yanğısının əsası kimi görürlər. Nərimanovun fikrincə, bu yanlış tərbiyənin, saxta dəyərləri ideal kimi təsəvvür etməyin nəticəsidir.

Məhkəmə Abdul Kərimin ana dilini qəbul etmir. Məhkəmənin dili isə Abdul Kərim üçün yaddır. Mixeil Cavaxişvili “Borçalı tatarını” sakit, iri cüssəli, dürüst, zəhmətkeş insan kimi təsvir edir. Abdul Kərim üçün ailə qibləgahdır, müqəddəsdir. Ailəsi üçün hər şeyə dözər, hər şeyə güzəştə gedər. Həbsxanada da onu mal-mülkü deyil, ailəsi düşündürür. Əsas odur ki, o, azadlığa buraxılana qədər ailəsi bir təhər tab gətirə bilsin, gerisini öz zəhməti ilə bərpa edəcək.

Mixeil Cavaxişvili “Lambalo və Ğaşa” hekayəsində İran azərbaycanlıları haqqında yazır (amma bəzi gürcü tədqiqatçı alimlər düşünür ki, Məşədi Həsən və digər obrazlar farsdır). Hadisə rusların girdiyi və çoxlu çirkin oyunbazlıq törətdiyi İran Azərbaycanında baş verir. Orada hamı bir-biri ilə vuruşur, İran hakimiyyəti isə yalnız formal olaraq mövcuddur. İran Azərbaycanında ruslar öz əsgərləri və din xadimləri ilə təmsil olunurlar. Rusiya orada da onlar üçün səciyyəvi metodlarla vuruşur – millətlər arasında fitnə yaratmaqla, saxta dini təbliğat, “rus xilaskarları” ideologiyasını yaymaqla. Digər Avropa imperiyaları da eyni şəkildə davranır, yerli əhali isə öz gücsüz hakimiyyətinin laqeydliyi, ədalətsizliyi və insanları kənarlaşdırması səbəbindən əzab-əziyyət çəkir.

İran azərbaycanlısı Məşədi Həsən bir neçə ilini Gürcüstanda keçirib – Borçalıda Ləmbəli kəndindən meyvə alıb Tiflisdə satırdı. Meyvəni küçələrdə gəzdirən zaman çox cingiltili və aydın bir səslə oxuması hesabına çoxlu müştərisi var imiş, lakin, sən demə “paxıl kintolar” onu bıçaqla yaralayıb və o da vətəninə qayıdıb. İran Azərbaycanında Urmiya gölü yaxınlığındakı bir xəstəxanada baş həkim olaraq göndərilən bir gürcü həkim və Məşədi Həsən bir-birinin dilini bildikləri üçün çox yaxın əlaqə qururlar.

Yerli xalqın ürək açıqlığı, yaxşılığı, saflığı və acınacaqlı vəziyyəti gürcü həkimi onların pərəstişkarına çevirir və soldat düşüncəli rus yepiskopla az qalır qanlı-bıçaq olsun. Məşədi Həsən rus hökmranlığının qurbanına çevrilir, İran Azərbaycanı tərəfindən quyruğu basılan Rusiya, nəhayət, “həyatı kimi ölümü ilə də pislik edərək” orada yaşayan xalqlarda bir-birlərinə qarşı dərin nifrət və etimadsızlıq buraxıb geri çəkilir.

Mixeil Cavaxişvilinin əsərlərində təsvir olunan həm borçalılı, həm də Borçalıdan olmayan tatarlar yazıçının onlara olan böyük rəğbətinə baxmayaraq əksər hallarda gürcülərə bərabər deyil, etibarlı bir köməkçi kimi təsvir olunur. Bu, yazıçının qərəzli yanaşması kimi qəbul edilməməlidir, çünki bu cür “tale” bizim müasir, real həyatımızda yenə də qüvvədədir.

“Ana südü” novellasında müəllif Konstantin Qamsaxurdia öz ad-soyadı ilə təqdim olunur. Bu isə bizi əsərin qəhrəmanının düşüncələrini yazıçının əhval-ruhiyyəsi və münasibəti kimi qəbul etməyə təşviq edir. Mixeil Cavaxişvilinin əsərlərindən fərqli olaraq burada Borçalı tatarları mənfi planda – düşmən, barbar və qaranlıq Asiya qüvvəsi kimi təqdim olunurlar. Novellada onlar monqollarla əlaqələndirilir. Yazıçı üçün isə monqollar qeyd-şərtsiz vəhşilik simvollarıdır. Novellanın qəhrəmanı borçalılıların yaşadığı regionu – Qarayazını (bugünkü Qardabani) təhlükəli bölgə kimi təsvir edir: “dostlarım mane olurlar: ya yolunu azacaqsan, ya da hər hansı bir quldur tatar əlindəki tüfənglə səni pusquya salacaq və silahını almaq üçün öldürəcək”. Yazıçının etimadsızlığı o həddə çatır ki, “eyvana çıxmış tatarlar mənim üçün anlaşılmaz bir dildə qışqırırlar, itlərə əxlaq nəsihət edirlər, və ya, kim bilir, bəlkə də öyrədirlər ki, yoldan keçənlərə hücum etsinlər” deyir.

Konstantin Qamsaxurdiadan fərqli olaraq Nuqzar Şataidzenin “Tetri Tsxeni” (“Ağ at”) hekayəsini həsr etdiyi tarixi qəhrəman Kakutsa Çoloğashvili Borçalı tatarlarından ehtiyat etmir. 1924-cü ildə Bolşeviklər tərəfindən məğlub edilmiş qəhrəman öz azsaylı tərəfdarları ilə birlikdə üzünü Türkiyəyə tərəf tutur və ona öz dəstəsi ilə birlikdə kılavuz olaraq (yəni “yoldaş, bələdçi” – bu sözü Rustaveli də istifadə edir – “…Avtandil kılavuz oldu…”) Acixəlil (ehtimal ki, Hacı Xəlil) bələdçilik edir. Bolşevik amansızlığı dövründə bələdçilik etmək bir yana, Çoloğaşvilinin adını çəkmək belə ölümcül təhlükəlidir, lakin görünür ki, ölümdən, təhlükədən və qorxudan daha üstün bir şeylər hələ də var.

Acixəlil və onun dəstəsinin üzvlərinə qarşı Kakutsa və onun tərəfdarlarının hörməti bir məqamda yenə görünür: “günortadan sonra qaban səsləri eşitdilər və tezliklə vəhşi qaban sürüsünü gördülər. Təqibçilərin qorxusundan daha çox Acixəlil və onun tatarlarının xətrinə qabanlara güllə atmadılar. Donuz sürüsü sıx meşədə gözdən itdi və özü ilə birlikdə nəm kabab arzusunu da apardı.” Lakin “Acixəlilin əmri ilə tatarlar getdilər və haradansa bir yaxşı kök cöngə gətirdilər”.

Nuqzar Şataidzenin “Xevsuris xmali” (“Xevsurun qılıncı”) hekayəsində Aspindza müharibəsinin qəhrəmanları – Xudu və başqa borçalılılar, düzdür, bir-iki cümlə ilə, lakin aşkar, dərin bir hörmətlə xatırlanırlar. Hekayə Aspindza müharibəsinin ortasından başlayır. Müharibədə qalib gəldikdən sonra “ordu bir təpənin üstündə dincəldi. Sancaqlara uyğun düşərgə saldılar. Müharibədə uzaqgörənlik göstərən şah İraklini tərifləyirdilər – gecə, borçalılı tatar Xuduya körpünün oxlarını mişarlatdı… İrakli düşmənin altı minlik ordusuna qarşı iki min gürcü və min borçalılı tatarla birlikdə vuruşdu və onları məğlub etdi.”

“Axrizaman” (“Axırzaman”) hekayəsi Tbilisidə ümumxalq bayramı olan “Ğeenoba” ənənəsindən bəhs edir. Qanlı və ölümcül nəticələrinə baxmayaraq (adətən, bu mərasimlərdə çox sayda yaralı və ölü olurdu) Tiflisdə hər bir etnik qrupun nümayəndələri bu bayramı “tatarın Novruz bayramını gözlədiyi kimi” səbirsizliklə gözləyir – Nuqzar Şataidze “şəhərli yaşlı qadının sözünü” epiqraf olaraq verir. Bu “davalarda” “indi bizim məhəllənin tatarları əlbəyaxa döyüşməyə getdilər, onların keçəl qırxdıqları parlaq başlarını görən insanlar rahat oldular”. Bu hekayədə bayramların fərqli etnik qrupların birlikdə qeyd etməsi ənənəsi olduqca yaxşı təqdim olunub.

Quram Pancikidzenin “Rəşid” adlı hekayəsində baş qəhrəman Gürcüstanda yaşayan etnik azərbaycanlıdır, zavodda dəzgahla işləyir. Rəşid nizam-intizamlı, məsuliyyətli fəhlədir, o dəzgahı sonrakı növbə üçün həmişə təmiz saxlayır. Bir dəfə bir gürcü fəhlə öz səhvi ucbatından dəzgahı xarab edir. Dəzgahı yoxlamadan Rəşidə təhvil vermək və daha sonra dəzgahın sıradan çıxmasında onu günahlandırmaq üçün Rəşidin iş vaxtı başlayana qədər onu uzun söhbətə tutur. Buna görə də Rəşid dəzgahı yoxlaya bilmir. Dəzgah sıradan çıxır və böyük səs-küylə sınır. Direktor əmindir ki, Rəşidə böhtan atılıb, lakin xeyirxah Rəşid bütün günahı öz üzərinə götürür.

Rəşid yuxarıda qeyd olunan sevimli “sadəlövh” paradiqmasına tam uyğun gəlir.

Burada nəzər saldığımız əsərlərin siyahısı tam deyil, məsələn, müstəqillikdən sonra yazılmış mətnləri əhatə etmir – yalnız Otar Çxeidzenin “İtaətkar” əsəri istisnadır. Gürcü yazıçılığında Gürcüstan vətəndaşları olan azərbaycanlılara qarşı münasibət bütün bu illər ərzində çox da dəyişməyib, çünki gürcü yazıçıları bu icmanı yaxşı tanımırlar, öyrənmirlər, nə də bu icma ilə maraqlanmırlar. Bizdə Gürcüstanda yazıçılıq yalnız “ilham” ilə kifayətlənir və araşdırmaya, biliyə əsaslanmır. Buna görə də gürcü yazıçısı tez-tez azərbaycanlılarla əlaqəli bişib-düşmüş, çeynənmiş, ucundan-qulağından eşitdikləri stereotip sürətlərdən istifadə edir, bununla da oxucunun onsuz da öyrəşdiyi müsbət və mənfi təsəvvürləri daha da dərinləşdirir.

Müəllimlər bu əsərləri məktəbdə tədris edərkən onları tez-tez məzmundan kənar müzakirə etməli olurlar və şagirdlərə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat çatdıra bilmirlər. Buna görə də, hətta, çalışqan uşaqların təsəvvüründə də azərbaycanlılar yalnız bədii mətnlərdə təsvir olunduğu kimi əks olunur. Ancaq yenə də, bütün bu mətnlər olduqca qiymətlidir, çünki azərbaycanlı icmasının həyatı haqqında müəyyən də olsa təsəvvürlər yaradır. Yazıçılıq, dövr üçün səciyyəvi olan xüsusiyyətləri özündə saxlayan və azlıqlar haqqında da bizə ən vacib məlumatları çatdıran, bir növ kənar gözdür.

Oqtay Kazımov (filoloq, tərcüməçi)

Məqalə indigo.com.ge saytının sifarişi ilə yazılıb, gürcü dilindən Elnur Əlisoy tərcümə edib.

Mənbə: azlogos.eu