Tibb Universitetinin 80 yaşlı keçmiş rektoru...

“Çox vaxt insanın içini həm mənəvi, həm də fizioloji baxımdan yeyib xəstə salan onun xainliyi, xəbisliyi olur...”

Bu günlərdə 80 yaşını tamamlayan eks-spiker, Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Moderator.az-ın “Ömrünüzün artıq 9-cu onilliyinə qədəm qoyduğunuz bir vaxtda belə sağlam qalmağınız tibb alimi olmağınızla bağlıdır, yoxsa bunun başqa sirləri də var?” sualına cavabında insan sağlamlığı və uzunömürlülüyü haqda maraqlı məqamlara toxunub:

“Sağlam yaşamağın, uzun ömürlülüyün sirləri çoxdur. Əvvəla, gərək genetik baxımdan sağlam olasan. Bu da Allah-Təalanın verdiyi qismətdir, nəsildən-nəsilə ötürülür. İkincisi də sağlamlığın ən birinci şərti odur ki, paxıllıqdan uzaq olasan, heç kəsə həsəd aparmayasan. Allaha daim şükür edəsən, qazandığına, əlində olana qane olasan. Bir sözlə, insani keyfiyyətlərin, daxili aləmin üstün olmalıdır. Xeyirxah, ədalətli olmalısan. Çox vaxt insanın içini həm mənəvi, həm də fizioloji baxımdan yeyib xəstə salan onun xainliyi, xəbisliyi olur... Üçüncüsü də, daim sağlam həyat sürməyə, zərərli vərdişlərdən, qidalardan uzaq olmağa çalışmalısan...”

 

“Həm də yəqin, doğulduğunuz məkanın, yəni Gədəbəyin yüksək dağ havası, suyu gözəlliyinin də rolu olub sağlam yaşamağınızda?” sualını isə tibb alimi belə cavablandırıb:

“Əlbəttə. Çünki o mühitdə dünyaya gələn, həyata qədəm qoyan, böyüyən, tərbiyə alan adamlar əksər hallarda sağlam olurlar... Mən də o çətin, amma ekoloji təmiz dağ şəraitində doğulmuşam, uşaqlığım çox ağır şəraitdə keçib. Qarlı-çovğunlu günlərdə uzaqda yerləşən məktəbimizə piyada gedib-gəlmişik. Çöldə təsərrüfatla məşğul olmuşuq. Təbii ki, bu amillərin də insan orqanizminin möhkəmlənməsində, xarici təsirlərə davamlı olmasında böyük rolu olur...”

 

Nuh.az

ƏVVƏLKİ XƏBƏR

Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)

SONRAKI XƏBƏR

"Geriyə yalnız xatirələr qalır..." - Fədayə onunla fotosunu paylaşdı