“Onların yanımızda olması bizim üçün bayram idi” - Şəhid xanımları

“Onların yanımızda olması bizim üçün bayram idi” -  Şəhid xanımları

“Pakistandan hədiyyə göndərib bayramımı təbrik etdi” Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur. Ənənəvi olaraq, bu gün kişilər xanımları təbrik edir, onlara hədiyyələr verir və xoş arzularını çatdırır.

Azvision.az Qadınlar günündə Vətən müharibəsində xalqımıza qələbə sevincini yaşadan qəhrəman şəhidlərimizin həyat yoldaşlarnı təbrik edərək, onların 8 Mart xatirələrini və arzularını qələmə alıb.



Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun xanımı Fatimə İsmayılova döyüşlər vaxtı həyat yoldaşına dəstək olduğunu söyləyib:

“Fikrinin evdə qalmasına imkan vermirdim. Çalışırdım ki, həyəcanlandırmayım, qayğı ilə başını qatmayım. Nə zaman zəng edirdisə, evdə hər şeyin qaydasında olduğunu deyirdim. Müharibə vaxtı bir dəfə qızım xəstələnmişdi, səhərə kimi yata bilməmişdim. Camal zəng edib uşaqları soruşanda ona bu barədə heç nə demədim. Əksinə övladlarının yaxşı olduğunu bildirdim.

Yoldaşım qeyri-adi hədiyyələr verməyi xoşlayırdı. Gül almaq üçün heç vaxt 8 martı gözləmirdi. Çox vaxt evə əlində güllə gəlirdi. Deyirdi, gül almağın günü və ya səbəbi yoxdur.

İndi yoldaşım yoxdur. O, şəhid olan gündən övladlarımın həm atası, həm də anasıyam. Şəhid xanımlarını həyata bağlayan onların uşaqlarıdır. Buna görə də biz həmişə ayaqda durmağı, əvvəlkindən də güclü olmağı bacarmalıyıq. Körpələrimiz bizə baxanda güclü bir insan görməlidirlər. Uşaqlar o gücü başqa yerdə axtarmamalıdırlar. Bütün qadınlarımıza mənəvi güc arzulayıram”.



Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı Kamil Şirinovun həyat yoldaşı Zəhra Şirinova qadınlar günü ilə bağlı xatirələrindən danışaraq deyib:

“Kamillə 3 il evli olduq, üç 8 Mart keçirdik. Birinci bayramım evliliyimizin ilk ilinə düşdü. Həmin gün yoldaşım evdə idi, çox gözəl qeyd etdik. İkinci 8 Martda böyük oğlumuz dünyaya gəlmişdi. Onda oğlumla bərabər məni təbrik edib, dibçək gülü hədiyyə etmişdi. Kamilgil çox vaxt təlimlərdə olurdular. Onların bizim yanımızda olduğu günün özü elə bayram idi.

Ötən 8 Martda Kamil Pakistanda təlimlərə qatılmışdı. Onun hədiyyə alacağını və ya təbrik edəcəyini gözləmirdim. Hansısa yollarla Pakistandan mənə hədiyyə göndərmişdi. Onu mənə anamın vasitəsi ilə çatdırdı. Yastıqca düzəltdirmişdi, üzərində ailəmizin şəkili və şeir var idi. Həmin günü indiki kimi xatırlayıram.

Kamilsiz heç bir hədiyyə və ya təbrik məni ovundurmur. Onun yoxluğu qəlbimi incidir. Yerində bir boşluq qoyub gedib. Güllərin ən ətirlisini seçib Kamilin anası ilə birgə onun məzarını ziyarət edəcəyik. Bu bayram mərd, ayaqüstə möhkəm duran qadınların bayramıdır. Qadınlar möhkəm olsun, sözlərini, arzularını, istəklərini deməyi bacarsınlar. Kiməsə deyil, içlərindəki gücə, qadınlıqlarına arxalansınlar. Mən indi başa düşürəm ki, bir xanım həm ata, həm ana ola bilər”.



Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri, Vətən Müharibəsi qəhrəmanı Elyar Vəliyevin xanımı Türkanə Vəliyeva yoldaşı ilə birgə keçirdiyi günləri yada salıb:

“Elyar hədiyyəsinin böyük və ya kiçikliyindən asılı olmayaraq, mənə qarşı heç vaxt həyat yoldaşı, bir dostu kimi sevgisini əsirgəməzdi. Özündən əvvəl ailəsini düşünərdi. Hansısa səfərə gedirdisə, mütləq qarşıdakı bayramın təbrikini edərdi. Ailəsi ilə birgə gəzmək onun üçün ən gözəl bayram idi. 5 balasının səadətini görmək istəyirdi. Ən böyük arzusu xalqını xoşbəxt görmək idi. O, öz canı hesabına bunu xalqına yaşatdı. Onun ön cəbhədə göstərdiyi qəhrəmanlıqlardan güc alıb, 5 övladımı böyüdürəm”.

Şahanə Rəhimli
 

Mənbə: azvision.az