Serialların maliyyə qaynaqları və məqsədi barədə inanılmaz HƏQİQƏTLƏR

Serialların maliyyə qaynaqları və məqsədi barədə inanılmaz HƏQİQƏTLƏR

Surxay Atakişiyev

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə 2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 min 348 nikah və 14 min 628 boşanma halları qeydə alınıb. Məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 3,5, boşanma səviyyəsi isə 1,5 azaııb. İlk baxışdan müsbət göstəricidir. Amma nəzərə alaq ki, son 10 ildə ölkəmizdə dağılan ailələrin sayı ən azı 50 faiz artıb. Ötən il isə nigaha gedən 5 cütlükdən 3-nün ailəsi sonradan dağılıb. Bu isə olduqca ciddi göstəricidir. Deməli, sürətlə ailə dəyərlərimizi itiririk.

Proletariatın dahi rəhbəri Vladimir İliç Lenin deyirdi ki, “Ailə kiçik bir dövlətdir”. Çox təəssüf ki, son illər bu kiçik dövlətlər sürətli şəkildə dağılır. Ailələrin dağılmasının iki xarakterik səbəbi var.

 

Birincisi, sosial vəziyyət. Yəni yenicə ailə quran ailələr özlərinin sosial problemlərini həll edə bilmir. Nəticədə ailədə narazılıqlar baş qaldırır. Sonda bu narazılıqlar ailənin dağılmasına gətirib çıxarır. Digər səbəb isə xarici təsirlərdir. Bu gün 7-dən-77-dək hər birimizin gündəlik həyatda ən azı 100-120 informasiya qəbul edirik. Daha çox informasiya isə daha çox sual yaradır. Çünki, qəbul etdiyimiz informasiyaların tam əksəriyyəti neqativ yüklü olur. Məsələn, kim nə qədər pul qazandı, kim harda villa aldı, kim alış-verişini hansı brend mağazada etdi və sair. Bu cür xəbərlər istənilən gəncdə mənfi asossasiya yaradır. Və öz-özünə “ondan mən də niyə yoxdur”sualını verir.

Sualına cavab tapa bilməyəndə isə ailəsinə üsyan edir. Ailəsindən yersiz və lüzumsuz tələblər edir. Qarşılığını almayanda isə nicat yolunu yüngül həyat tərzində görür. Hələ Avropadan və xristian aləmindən gələn qorxunc təsirləri demirəm. Bu gün ailələrimizin dağılmasının əsas səbəbi bizə sürətlə təlqin olunan yüngül həyat tərzidir.

Təəssüflə deməliyəm ki, son illər ailələrimizin dağılmasında Türkiyə seriallarının çox güclü təsiri var. Bu gün istənilən Azərbaycan ailəsində həftədə ən azı 3-4 türk serialı izlənilir. Və bu seriallarda isə əsasən azad sevgi təqlid edilir. Yəni ailəli qadının başqa bir kişi ilə ilişkisi və yaxud əksinə ailəli kişinin başqa bir qadınla münasibətləri (əsasən də intim) çox açıq və güclü şəkildə təşviq edilir. Və senari elə təsirli yazılır ki, ailə dəyərləri, ailədəki uşaqlar heç bir tamaşaçının yadına düşmür. Söhbət serialın baş qəhrəmanından gedir. Ana xətt belə götürülür ki, bu fani dünyada əsas sevgidir. İnsan hər zaman sevdiyi adamın yanında olmalıdır. Amma əsl sevgi guya ki, sonradan gəlir. Ən pisi də odur ki, baş qəhrəmanın ilk dəfə qurduğu ailədə, bu ilişgidən dünyaya gələn uşaq da başqalarının səhvi, günahı kimi təbliğ edilir. Məsələn, “Sefirin kızı”,”Alev-alev, “Sadaqatsızlar”, “Benim adım Melek”, “Baraj”,”Doğduğun ev kaderindir”, “Bir zamanlar Çukurova”, “Kəfarət”, “Yasak alma” və sair serialların ana xəttini azad sevgi axtarışı ilə dağılan ailələr üzərində qurulub. Mən hazırda izlənilən serialların bir qismini saydım. Ümumiyyətlə, bu seriallarda ailə dəyərləri çox pis şəkildə təhqir edilir.

Çox zaman da ailə dəyərləri keçmişin ziyanlı qalığı kimi topa tutulur. Həmin serialların hansınısa izləyən dəyərli oxucumuz mənimlə tamamilə razılaşar ki, bu seriallarda böyüklər, yaşlı nəsil tamamilə dışlanır, kənara atılır. Guya ki, onlar sevgi nə olduğunu qanmırlar. Bəli, bəli məhz qanmırlar. Toydan qabaq intim münasibətdə olmaq, ailəli qadına yan baxmaq, ailəli kişiləri pul, var-dövlət üçün “tor”a salmaq eninə boluna bu seriallarda təbliğ olunur.

Ən pisi də odur ki, bu seriallara milyonlarla investisiya yatırılır. Aktyorlar serial başına bir dünya pul qazanır. Bu qədər pul isə boş yerə xərclənmir. Bunun arxasında xristian missionerlər dayanır. Məqsəd islam dəyərlərini məhv etmək, dünyaya nümunə olan türk ailəsinin köklərini qurutmaqdır. Bunun üçün də ən yaxşı platforma Türk kino biznesidir. Çünki Türkiyə cəmiyyətinin türk dünyasına və islam aləminə çox güclü təsir etmək imkanı var. Bunu yüksək səviyyədə dəyərləndirən xristian missionerlər Türkiyənin kino-biznesi ilə çox gözəl münasibətlər qurublar.

Maraqlı məqamdan biri də odur ki, əvvəllər seriallar İstanbul, Ankara həyatından bəhs edirdisə, artıq seriallar əyalətlərdə çəkilir. Ona görə ki, İstanbulda dəyərlər artıq avropalaşıb. Xristian missionerlər artıq burda istədiklərinə nail olublar. Bu gün İstanbullluların 80 faizi meşşan həyat sürür. Qadınların tam əksəriyyəti siqaret çəkir, içki içir, günlərini barlarda, meyxanalarda keçirir və ən əsası tənha yaşayırlar.

Elə seriallara çəkilən aktyorları bir anlığa göz önünə gətirək. Aparıcı oyunçuların heç birinin ailəsi yoxdur. Nə vaxtsa peydahladıqları uşaqlarsa Allah bilir hardadır. Yəni deməyim odur ki, aktyorlar özləri artıq o pozğun həyatın içində yuvarlanıb gedirlər. Evlənməmək, rəsmi nigah olmadan uşaq dünyaya gətirmək İstanbul həyatı üçün adi haldır. Ailəsi olmayan gəncsə vətənpərvər və sağlam düşüncəli ola bilməz.

Çünki insan nəyin uğrunda mübarizə apardığını və yaxud vuruşduğunu bilməlidir. Ailəsi, uşaqları olmayan insan isə başqaları üçün döyüşə getməz. Hələ valideynsiz doğulan, böyüyən uşaqları demirəm. Bu gün hər iki valideyni olan, normal güzəran görən gənclərimiz belə cəmiyyətə qarşı üsyan edir, həyatından narazılıqla danışırlar. Hələ tək valideynlə və yaxud valideynsiz böyüyən uşaqları demirəm. Onlar cəmiyyətə nifrətlə böyüyürlər. Atasının, anasının və yaxud heç bir valideyninin olmamasının acısını böyüməkdə olan gənclik cəmiyyətdən çıxarır. Çünki istənilən uşaq ata sevgisinə, ana nəvazişinə möhtacdır. Bu ehtiyacları ödənməyən uşaqsa günahkar ətrafındakıları, son nəticədə isə cəmiyyəti görür. Və nəticədə bu üsyankar gənclik kriminal ünsürə çevrilir. Xristian aləminin, ən başlıcası isə Vatikanın əsas hədəfi də məhz müsəlman aləmində və türk dünyasında cinayətkar ünsürləri cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdir.

Və nə yazıq ki, Vatikan hələ ki, istəyinə nail olur. Özü də sapı özümüzdən olan baltalar hesabına. Bu gün Bakıda və əyalətlərdə gənclər arasında intihar hadisələri durmadan artır. Bu azmış kimi yerli feminist təşkilatların muzdluları aktiv və açıq fəaliyyət sferasına keçib. Bu isə çoz qorxunc gələcəkdən xəbər verir. Feministlərin Azərbaycandakı hədəfləri barədə isə növbəti yazımda ətraflı danışacağıq.

Mənbə: konkret.az