Yaqub Zurufçu: “Cavanlıqda şöhrət dalınca ölkələrə gedirsən, amma sonra düşünürsən ki, oralarda nə gəzirdim... “

Yaqub Zurufçu: “Cavanlıqda şöhrət dalınca ölkələrə gedirsən, amma sonra düşünürsən ki, oralarda nə gəzirdim... “

Bu gün Əməkdar artist, əslən Təbrizdən olan müğənni Yaqub Zurufçunun 65 illik yubileyidir. Sənətçi bu münasibət ilə təəssüratlarını Musavat.com-a bölüşüb. Əməkdar artist yubileyini qeyd etməyəcəyinin deyib:

“Doğum günümü qeyd etməyəcəm. Çünki məlum olduğu kimi, 44 günlük Vətən müharibəsini yaşadıq və şəhidlərimiz var. Ona görə də ürəyim gəlmədi ki, bu il doğum günümü qeyd edim. Sadəcə, ailə daxilində qeyd edəcəyik və düşünürəm ki, belə də olmalıdır.

65 illik yubileyimə gəlincə, təbii ki, hər bir yaşın öz gözəlliyi var. Bu yaşımla bağlı çox düşüncələrim var. İnsan cavanlıqda şöhrət dalınca ölkələrə gedir, səfərlər edir. Amma bir qədər yaşlaşandan sonra düşünürsən ki, mən oralarda nə gəzirdim, kaş ki, öz ölkəmdə olub, yalnız öz ölkəmə qulluq edərdim. Buna görə də zamanında qərar verdim ki, Azərbaycana gəlim və bütün həyatım, yaradıcılığım burada olsun. Yad ölkədə yaradıcılıq olmur. Ona görə də sevindirici haldır ki, bu yaşımda öz vətənimdəyəm. Vətən mənim üçün hər şeydən vacibdir. Gəncliyim demək olar ki, yad ölkələrdə, qürbətdə keçdi. Amma sonra gördüm ki, vətəndən gözəl, şirin şey yoxdur.

Sözün düzü, özümü 65 yaşda hiss etmirəm, elə hesab edirəm ki, 30 yaşımdayam (gülür). İnsan öz vətənində, öz xalqı ilə birlikdə olanda yaşının neçə olmasını da unudur. Öz vətənində olmaq, öz dilində danışmaq, oxumaq insan yeni bir ruh verir ki, insan yaşasın.

Müharibədə qələbə qazandıqdan sonra Prezidentimiz və xanımı Araz çayının sahilinə getdi, Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Baxıb ləzzət alırdım, sevincimin həddi-hüdudu yox idi. Heç ağlıma gəlməzdi ki, xalq bir-birinə bu qədər yaxınlaşa bilər. Amma doğrudan da həyatda hər şey ola bilər.

1989-cu ildə Azərbaycana gəldiyim zamanlarda hər iki tayda birlik düşüncələri zəif idi. Amma indi görürəm ki, oxuduğum “Ayrılıq” mahnısı öz yerini yavaş-yavaş tapır, hər iki tayda həssaslıq çoxdur.

Bu ilin təbrikləri məni çox sevindirir. İnsan mədəniyyətə qulluq edəndə daha əbədi yaşaya bilir. Bu il elə insanlar mənə yazıb, təbrik etdilər ki, ağlıma gəlməzdi. Sanki yatanlar da artıq oyanıb. Ona görə də bu mənə çox xoşdur və mənə deyilən sözlərə görə fəxr edirəm.

Fəxr edirəm ona görə ki, musiqimizə, mədəniyyət xadimlərinə bu cür dəyər, qiymət verilir. Buna görə də qürur hissi keçirirəm. Və arzulayıram ki, bundan sonrakı yaradıcılığım daha yüksək səviyyədə olsun”.

Mənbə: cia.az