Elçiliyinə müəllimini göndərən, 39 yaşında Qarabağda həlak olan Alı Mustafayev... - Onun haqda nələri bilirik? - FOTO

Elçiliyinə müəllimini göndərən, 39 yaşında Qarabağda həlak olan Alı Mustafayev... - Onun haqda nələri bilirik? - FOTO

Yaşamağı bacar, ölməyi bacar - deyən Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum günüdür.

Alı Mustafayev mənim həmyerlim idi, tələbə yoldaşım idi, böyük qardaşım idi...

Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət İniversiteti) jurnalistika fakültəsinin birinci kursunda oxuyanda, o, beşinci kursda təhsil alırdı. Sinif yoldaşım Maralın qardaşı idi.

Səsi hələ də qulaqlarımdan getmir. Həmişə zarafatla deyirdi: "Maral rayonda qaldı. Burda bacım sənsən. Nə sözün-sovun olsa, mənə deyərsən".

Əslində, dediklərinin üstündə də qaldı. Universiteti bitirsə də, tələbəçiliyimizin sonrakı illərində də heç məni unutmadı. Həmişə Milli televiziya və radio günündə zəng edib konsertə bilet verirdi. Orada görüşüb hal-əhval tutarduq. Həlak olduğu günəcən vədinə sadiq qaldı və işinin çox olmasına, ailə qayğılarına (həyat yoldaşı Lalə xanım da öz tələbə yoldaşı idi - hər ikisini çox istəyirdim. Bütün fakültə onların sevgisindən danışırdı...) baxmayaraq, heç məni unutmadı...

Alı istedadlı jurnalist idi, yanar ürəkli, kövrək qəlbli, içi sevgidən aşıb-daşan şair idi, çox dəyərli ailə başçısı, övladlarına, ailəsinə bağlı Ata, ölənə kimi sevgisinə, sevdiyi Laləsinə sadiq qalan ömür-gün yoldaşı, əsil İNSAN idi...

Əslində, onunla bağlı o qədər şirin xatirələrim var ki...

Heç yadımdan çıxmır. Onda orta məktəbdə oxuyurdum. Qazaxdakı S.Vurğun adına 2 nömrəli orta məktəbdə, bacısı Maralla birgə.təhsil alırdıq.

Həmişə Maral onun qəzetlərdə çıxan şeirlərini göstərir, sinifdə oxuyardı. Hərdən bacısına məktublar da yazırdı. Ona həsəd aparardıq. Sessiya vaxtı qatardan düşən kimi birbaşa məktəbə gəlir, sinifdə oturub bacısının dərsə hazırlıqlı olub-olmadığını, necə oxuduğunu yoxlayırdı. Bilərəkdən xəbərsiz gəlirdi. Vay o gündən ki, Maral dərsə hazırlıqsız gələydi...

Orta məktəbdəki müəllimlərimiz onu o qədər çox istəyirdilər ki... O vaxtlar çox gənc idi. Amma məsuliyyətli, istedadlı, istiqanlı, mədəni olduğü üçün bütün rayon onunla fəxr edirdi. Elə biz də!..

Tale elə gətirdi ki, onunla Universitetdə yenidən görüşdük. Artıq tələbə yoldaşı kimi...

Alı Mustafayev ali məktəbdə də tələbələrdən daha çox müəllimlərlə oturub dururdu. Bir az yaşının çoxluğu, ziyalılığı, daha çox məlumatlı olması, həyat yolu, bir də şairliyi buna imkan verirdi. Müəllimlərimiz də məmnuniyyətlə onunla ünsiyyətdə olur, fikirlərinin bölüşürdülər.

Atasız böyümüşdü Alı. Nəyə nail oldusa, özü etdi. Özünə görə hörmət də qazandı, iş-güc, ailə sahibi də oldu...

O, sevgisini və elçiliklə bağlı xahişini də gözəl İnsan, özünəməxsus şeirləri ilə xatirələrdə iz salan istəkli müəllimimiz Famil Mehdiyə (Allah rəhmət eləsin) bildirmişdi...

Famil müəllim də bir-iki professor dostu, universitet müəllimləri ilə birgə məmnuniyyətlə tələbəsi Lalə xanımçün elçiliyə getmişdi...

Onlar öz sevgilərinə qovuşdular, ailə oldular və bu isti sevgidən üç igid övlad doğuldu. Nə yazıq ki, yaşanası vaxtı yaşaya bilmədi Alı...

Alı istedadlı jurnalist idi. O vaxtlar "Günün ekranı" xəbərlər proqramında redaktor işləyirdi. O, ekstremal vəziyyətlərdə işləməyi xoşlayırdı. Qısa müddətdə monoton televiziyaya rəng qatan çox maraqlı reportajları, hər kəsin intizarında olduğu xəbərləri, müsahibələri ilə yüzlərin, minlərin sevimlisinə çevrildi.

Ölümü ilə də nə qədər sevənlərini gözü yaşlı qoydu.

Min bir əziyyətlə böyümüş, yüksək dəyərlərlə tərbiyələnmiş, Vətənin ağır günlərində sözü, qələmi, mikrafonu ilə düşməni hədəfə almış 39 yaşlı jurnalistin böyük arzuları bir gündəcə çilikləndi, ömür yolu taleyin amansız hökmü ilə yarımçıq qaldı.

Geri yanında isə üç körpə övladı, boynu bükük Laləsi qaldı...

Mən ölsəm qəbrimin üstünə ancaq.
Başqa gül qoymayın lalədən qeyri.
Qoy onu sinəmdə bitirsin torpaq.
Əzəldən sinəmdir Lalənin yeri.

Qısa arayış:

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971-1976-ci illərdə Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Alı Mustafayev “Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri idi.

O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.

Alı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi.

Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.

O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak oldu.

Alı Mustafayev Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bacısı Maral Mustafayeva:

- Lalə Alının iş otağını olduğu kimi saxlayır. Stolu, stulu, qələmləri, kağızları... Hər dəfə o otağa ayaq basanda saatlarla ağlayır. Laləni yaşadan bircə o uşaqlardı. Alı qohum, yad bilməzdi, hamıdan ötrü özünü oda atardı. Eşidərdi ki, kənddən kimsə xəstəxanadadı, mütləq ona baş çəkməliydi. Hərdən fikirləşirəm ki, bəlkə də, ona heç nə olmayıb, elə yanında kiminsə öldüyünü görüb ürəyi partlayıb.

Hər bayramlarda ayaqüstü də olsa, bizi təbrik eləyərdi. Orda bunun könlünü alardı, burda onun. Birdən elə qapıdan başını içəri salardı: "sağ- salamatsız? " Zarafatla adına "salam-sağ ol" -deyərdik. Kasıb vaxtlarımızıydı, təkcə yoldaşım işləyirdi. Gəlirdi, zarafata salıb soyuducunun qapısını açırdı: "Acından ölmürsüz ki?" Bəhanəylə dolanışığımzı öyrənmək istəyirdi. Görəndə ki, soyuducu doludu, deyirdi, yox əşi, bunların vəziyyəti mənimkindən yaxşıdı.

Köynəklərini ütüləyib stulun başından asırdım. Hər gün köynəyini dəyişirdi. Səliqəli görünməyi xoşlayırdı. Mən də onun üst-başına fikir verirdim. Deyirdi, bacılarımın gülü Maraldı. Görürdü Zöhrənin xətrinə dəyir, o saat onun da könlünü alırdı: "Ay Zöhrə, bu Lalə bacı ürəyi də istəmir ki, Maralın ürəyini çıxardıb aparım ona".

Əsgərlikdən məzuniyyətə gələndə anamın ona göndərdiyi pulların hamısını verib bizə pal-paltar almışdı. İstəmirdi ki, atasız olduğumuzu hiss eləyək. Bir çamadan da məktub gətirmişdi - biz yazdıqlarımızıydı. Arada zarafatla deyirdi, oturub sayacam, görüm, mənə kim daha çox məktub yazıb? Kiminki çox olsa, biləcəm ki, o məni hamıdan artıq istəyir.

...Ölkədə gedən siyasi proseslər, Qarabağ dərdi onu dəyişdirmişdi elə bil. Qaçhaqaçdaydı, qayğılıydı, dərdliydi, vətəndaş olmağın yükünü, dəyərini, gərəkliyini anlayırdı...

- Noyabrın 19-u, səhər saat altıda İcevan danışıqlarından gəlmişdi. Ordan elə birbaşa rayondakı evimizə getmişdi. Anam deyirdi, dərdli adam kimi səhərə qədər yerinin içərisində o yan-bu yana çevrildi. Səhər tezdən durub qonum-qonşuyla hal-əhval tutdu...

İcevandan çəkdiyi materialları efirə hazırlamalıydı. Dedilər, mütləq bizimlə getməlisən. Rəhmətlik Tofiq İsmayılov arxasınca maşın da göndərmişdi. Allahın işinə bax! Bu, üçüncü qəzaydı. Vertolyot deyəndə ürpənirdik.

- Yuxumu qarışdırmışdım. Tezdən ayılan kimi dedim, vallah, Alının başında bir iş var. Laləyə zəng elədim. Dedi Alı Qarakəndə getdi. Bütün günü əlim işə yatmadı.

Necə ölüm idi, baş açmadıq. Qurmaydı, nəydi? Deyirlər, o vaxt Çingiz Mustafayev bunları çəkmək istəyəndə hərbçilər yaxına buraxmırmış. Bir söz soruşmağa kimsə tapılmadı. Bu günə kimi də Alının ölümünə inanmırıq. Onun cəsədini görməmişik axı...

Bakı şəhər Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır.
Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.

Azərbaycan Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” filmi çəkilib.

Bu həyat, bu işıq, bu varlıq, bu nur,
Bu dövran, bu ömür bir qurtum sudur.
Dünyada gördüyüm, bildiyim budur:
Yaşamağı bacar, ölməyi bacar.

Həyat əbədidir, ömür bir andı,
Sevgisiz kəslərə aləm virandı,
Qoru ləyaqəti, qoru, amandı,
Yaşamağı bacar, ölməyi bacar.

Demə mən gedəcəyəm, nəyim qalacaq,
Alı, elə yandır sönməsin ocaq,
Məsləkin , Vətənin yolunda, ancaq,
Yaşamağı bacar, ölməyi bacar.

Bu gün onun haqqında hələ də yoxuymuş kimi danışa bilmirəm.

Yaşasaydi, indi 69 yaşi olacaqdi Alı Mustafayevin.

O isə bizi 39 yaşinda tərk etdi...

Elə yaddaşlarda da beləcə 39 yaşlı istedadlı tele-jurnalist, həyat dolu, sevilən İnsan, dəyərli publisist-şair kimi qaldı...

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə: www.mia.az