Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video

Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video

Bir çox layihələrdə, mobil tətbiqlərdə Qarabağın Ermənistan ərazisi kimi təqdim olunması bizim ölkədə həmişə qəzəblə qarşılanıb. Belə məsələlər neçə dəfə ictimailəşdirilib. Bu dəfə Türkiyə serialında böyük yanlışlığa yol verildiyi üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, “Akıncı”da Azərbaycan ərazisi Ermənistan torpaqları kimi göstərilib. Serialın 16-cı bölümünün 41:27-ci saniyələrində kadrda Azərbaycan xəritəsi nəzərə çarpır. Amma həmin torpaq hissəsinin üzərində “Ermənistan” yazılıb. Ermənistanın indiki ərazisi göstərilən yerdə isə ad gözə dəymir.

Serialın 16-cı bölümü aprelin 17-də “YouTube” portalında yerləşdirilib. Baxış sayı 500 minə yaxınlaşır. 1500-dən çox rəy yazılıb. Rəylərin əksəri azərbaycanlılara məxsusdur. Bizimkilər yanlışlığa kəskin etiraz edib. Yaradıcı heyət savadsızlıqda ittiham olunub.

Məsələ sosial şəbəkələrdə də böyük müzakirəyə şərait yaradıb. Yanlışlığa görə qəzəblənənlər bazar ertəsi ilk imkandaca Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət etməyi planlaşdırır.

“YouTube” portalındakı rəylərdən belə aydın olur ki, “Akıncı” qarşıdakı həftə yayımını dayandıracaq. Yaradıcı heyət böyük reytinq qazanılmadığına görə davam etməmək qərarına gəlib. Yanvarın 23-də ardıcıl iki bölümün yayımlanması, bununla da seriala son verilməsi nəzərdə tutulub.

“Akıncı” 2021-ci ilin yanvarın 1-dən Türkiyənin “atv” telekanalında yayımlanır. Baş rollarda Şükrü Özyıldız, Büşra Dəvəli, Yıldıray Şahinlər və Tolqa Təkin yer alır. Hər bölüm 120 dəqiqə sürür. Çəkilişlər İstanbulda həyata keçirilir.

“Akıncı”nın ilk 12 bölümünün rejissoru Vəli Çəlik olub. Sonradan o, yaradıcı heyətdən ayrılıb. Onunla birlikdə ssenari müəllifi Hakan Kandal da gedib. Son bölümləri Ləvənt Türkan və Gökhan Erkut çəkib. İndi ssenarini Altuğ Küçük yazır.

“Akıncı” Türkiyə teleməkanında müntəzəm yayımlanan 35 serial arasında reytinq cədvəlində 32-ci yeri tutur. Son həftəlik reytinqdə “Kuruluş Osman”, “Təşkilat” və “Eşkıya dünyaya hökmdar olmaz” ilk üçlüyü bölüşür.

Mənbə: www.bizimyol.info