“Astanada taksi sürücüsünə tapşırdım ki, Anar müəllimi çoxlu təriflə”

“Astanada taksi sürücüsünə tapşırdım ki, Anar müəllimi çoxlu təriflə”

Əşyaların da insanlar kimi taleyi var: Bəziləri hansısa anın, unudulmaz zamanın xatirələri ilə bağlıdır. “Əşyaların taleyi” layihəsində tanınmış, dəyərli söz və fikir adamları, incəsənət xadimlərində olan əşyalardan, onların tarixçələrindən danışırıq.

"Qafqazinfo"nun budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məciddir:

– Rəşad müəllim, müasir insan üçün əşyaların mahiyyəti, özəlliyi nədən ibarətdir?

– Sürətli zamanımızda sanki hər şey tez unudulur. Elə bil, duyğular, hisslər yaşanmamış kimi ötüb keçir. İndiki zamanın insana vurduğu ən böyük zərbə odur ki, biz daha nə sevinci, nə də kədəri ürək dolusu yaşaya bilirik. Bu qaçaqaçda xatirələr, keçmişlə bağlı nələrsə yada düşür, amma təəssüf ki, çox zaman onlar haqqında uzun-uzadı düşünmək, xəyallara dalmaq imkanımız olmur. Amma yenə də bu qaçaqaç, informasiyalarla dolu həyatımızda elə əşyalar olur ki, onlar bizə nələrisə xatırladır, bizi keçmişə aparır. Elə indi söhbət zamanı xatırlayıram ki, o gün bir alışqan gördüm; üstünə “No forget” yazılmışdı. Bu yazı, sanki bir xəbərdarlıqdır. İndiki sürət əsrində yaddaşa, yaşananlara sadiq qalmaq çətinləşib. Əşyalar öz üzərində çoxlu xatirələr daşıyır, çünki onların əldə olunması, hədiyyə kimi bağışlanması dünənlə bağlı hadisələri, auranı yada salır. Həssas, səmimi insanlar isə detalları, xırdalıqları, gözəl anları heç zaman unutmurlar.

– Anar müəllimə Avrasiya Yazarlar Birliyi tərəfindən “Türk dünyasında ilin ədəbiyyat adamı” mükafatı verilib. Həmin mükafatın hədiyyəlik nişanlarından biri də sizin iş otağınızdadır. Bildiyim qədər, o mükafatla bağlı maraqlı bir xatirəniz var. Əşyalardan söz düşmüşkən istərdim ki, həmin yaddaqalan xatirənizi oxucularla da bölüşəsiniz...

– 2012-ci ilin noyabr ayında Avrasiya Yazarlar Birliyinin “Türk dünyasında ilin ədəbiyyat adamı” mükafatı təsis edilmişdi, birinci ödülə də Anar müəllim layiq görülmüşdü. Qazaxıstanın Astana şəhərində ədəbiyyat tədbirinə getmişdik, həmin tədbir çərçivəsində mükafatın təqdimetmə mərasimində də iştirak etdik. Yeri gəlmişkən deyim ki, Anar müəllim çox gözəl səfər yoldaşıdır, eyni zamanda çox kəskin yumoru var.

Anar müəllim mükafatı alandan sonra bizə qonaqlıq vermək istədi. Tədbirdə ölkəmizdən Anar müəllim, Elçin Hüseynbəyli, Pərvin və mən iştirak edirdik. Nə isə, restorana getmək üçün taksi tapmalı olduq. Mən onlardan bir az tez tərpənib taksiyə yaxınlaşıb dedim ki, bizi filan restorana apar. Onlar gələnə qədər taksi sürücüsünə tapşırdım ki, Anar müəllim bizim böyük yazıçımızdır, bu gün də Astanada “Türk dünyasında ilin ədəbiyyat adamı” mükafatını qazanıb, maşına oturan kimi ona deyin ki, sizi tanıdım, televiziyada mükafatlandırılma mərasiminə baxdım, radioda xəbərlərdə də sizdən danışdılar, bir sözlə kişini çoxlu təriflə. Anar müəllim gəlib taksinin qabaq oturacağında əyləşdi, xoşbəxtlikdən sürücü də yaman dilli-dilavər imiş. Başladı tapşırdıqlarımın üstünə beşini də qoyub tərifləməyə ki, ustad, biz sizi çoxdan tanıyırıq, bu gün Qazaxıstandakı bütün televiziyalar sizin mükafatlandırılma mərasimini göstərib. Mənə də ləzzət elədi ki, bu sürücü nə yaxşı diribaş çıxdı.

Sonra taksidən düşüb restorana gedəndə qarlı hava idi deyə onlar yavaş-yavaş gəlirdilər, mən bir az tez gedib girişdə dayanan qapıçıya, ofisiant qızlara tapşırdım ki, Anar müəllim gələn kimi təmtəraqla qarşılayın, deyin ki, bu gün sizi televiziyada gördük, mükafat almısız-filan. Anar müəllim içəri girən kimi bunlar hay-küylə Anar müəllimi təbrik elədilər. Anar müəllim də məəttəl qalmışdı ki, bütün Astana məni tanıyır ki...

Daha sonra çölə çıxıb ofisiantlarla danışdım, pul da verdim ki, bizim masaya bir dənə şampan gətirin və deyin ki, bu, Anar müəllimə restoranın hədiyyəsidir. Çünki siz bu gün bizim şəhərimizdə “Türk dünyasında ilin ədəbiyyat adamı” mükafatına layiq görülmüsünüz. Bunlar da fikrimi göydə tutdular. Bir də gördüm iki qız gəldi, biri şampanı partlatdı, o biri süzdü. Çatan kimi dedilər ki, Anar ağa, sizi restoran adından mükafat almağınız münasibətilə təbrik edirik. Anar müəllim də həm təəccüb edir, həm də gülürdü. Ofisiantlarsa dil boğaza qoymurdular. Yemək bitəndən sonra restoranın qapısından çıxanda da Anar müəllimi həmin qaydada təbrik edib yola saldılar.

Ancaq bu dəfə tez çatdırıb bizi otelə aparacaq növbəti taksi sürücüsünə Anar müəllimi təbrik eləməsini tapşıra bilmədim. Nə isə, taksiylə otelə gedəndə birdən Anar müəllim mənə tərəf çönüb qayıtdı ki: “Rəşad... bəs bu niyə məni təbrik eləmədi?”. Bu sözə xeyli güldük. Həm də Anar müəllimin yumoruna heyran qaldıq ki, deməli, bayaqdan bəri təbriklər ona həm ləzzət edirmiş, həm də bütün bunları mənim təşkil elədiyimi bilirmiş. Bax bu mükafatın hədiyyəlik nişanını otağımda hər dəfə görəndə həmin hadisəni xatırlayıram. 2018-ci ilin mart ayında İstanbulda Türk Ədəbiyyatı Vəqfi Anar müəllimin 80 illik yubileyini keçirirdi. Universitetdə tədbir təşkil etmişdilər, Anar müəllim həmin hadisəni orada xoş bir xatirə kimi danışdı.

Bundan başqa, 2012-ci ildə Elazığ Universitetində Anar müəllimə Fəxri doktorluq təqdim edilərkən dedi ki, mən indi elə yaşdayam, daha çox xatirələrlə yaşayıram. Bəlkə də, o fikir də həmin vaxt mənim yadımda qalmışdı, beləcə istəmişdim ki, uşaqlıqdan bəri sevdiyim yazıçı ilə belə bir xoş xatirəm olsun.

– Rəşad müəllim, neçə illərdir otağınızda Orxan Pamukla olan rəsminizi görürəm. Çoxlu sayılıb-seçilən, hörmət sahibi insanlarla ünsiyyətiniz, münasibətləriniz, xatirələriniz var. Amma nə üçün məhz bu şəkli otağınızda saxlayırsınız, bu rəsmi sizin üçün əziz edən səbəb nədir?

– Əvvəla deyim ki, Orxan Pamuk mənim sevimli yazıçımdır. Bu gün dünyada üç-beş ciddi yazıçı varsa, onlardan biri O.Pamukdur. Xatırlayıram ki, illər əvvəl ilk dəfə onun “Qar” romanını oxumuşdum və bu kitab Türkiyə türkcəsində oxuduğum ilk irihəcmli nəşr idi. O vaxt həmin romanda bir neçə söz vardı ki, onları bilmədiyimə görə lüğətə baxmışdım. Onlardan biri də “ahşap” sözü idi. Öyrəndim ki, Türkiyədə taxta evlərə “ahşap” deyirlər. Orxan Pamuk 2004-cü ildə Yazıçılar Birliyinə qurultayda iştirak etmək üçün gələndə mən hələ katib deyildim, amma qurultayda katib təyin olunandan sonra bir neçə yazarla birgə Anar müəllimin otağında toplanmışdıq, bu şəkil də onda çəkilib.

Sonrakı illərdə məlum məsələlərə görə Orxan Pamuka təzyiqlər, qınaqlar oldu, amma mən o şəkli yenə otağımda saxladım, yığışdırmadım. Həm Nobel mükafatı almış bir türk yazıçısı ilə olan şəkil kimi, həm də sevimli yazıçımın fotosu kimi bu əşya da mənim üçün əzizdir. Pamukun hər yeni romanı işıq üzü görəndə mütləq əldə edib oxuyuram. Növbəti Nobel mükafatı almış türk Əziz Səncər Bakıya gələndə onunla İqtisadiyyat Universitetində görüş keçirilirdi, onda ona sual vermişdim ki, “Orxan Pamukla görüşmüsünüzmü?” O cavabında demişdi ki, Amerikada yaşadığım şəhərdə Orxan Pamukun oxucularla görüşü var idi. Böyük növbə vardı, mən də imzalatdırmaq üçün kitab alıb sırada gözlədim. Növbəm çatanda məni ona təqdim etdilər ki, bu da Nobel mükafatı almış türkdür, oradaca qısa söhbətimiz oldu.

Uzun illər hər birimizin arzu etmişik ki, Nobel mükafatı alanlar arasında türk də olsun. Orxan Pamuk da, Əziz Səncər də bu arzumuzu reallaşdırdılar, türk xalqlarında özünəinamı artırdılar. Əlbəttə, bu da ona ümid verir ki, gələcəkdə bu mükafatı alanlar arasında azərbaycanlı yazarlar, elm adamları da olacaq.

– Bəs Mahmud Kaşğari müsabiqəsinin təşkilindəki xidmətinizə görə aldığınız mükafatı sizin üçün qiymətli edən səbəb nədir?

– Mahmud Kaşğari hekayə müsabiqəsi 2008-ci ildən keçirilir. Əvvəlcə mükafatın Azərbaycan tərəfindən təmsilçisi Elçin Hüseynbəyli idi, sonra həmin vəzifəni mənə həvalə etdilər. Əjdər Ol, Nəriman Əbdülrəhmanlı bu mükafatın həm ölkəmiz üzrə, həm də ümumi qalibi olublar. Mən hər zaman çalışmışam ki, mükafatın münsiflər heyəti ədalətli söz adamlarından formalaşsın. Sevinirəm ki, nəticələr də həmişə xoş reaksiyalar doğulub. Otağımda olan bu ödülü mənə 2014-cü ildə Yaqub Öməroğlu verib – Beynəlxalq Mahmud Kaşğari müsabiqəsindəki xidmətlərimə görə. Bu müsabiqə türk dünyasının nüfuzlu müsabiqələrindən biridir, Y.Öməroğlu da türk dünyasına xidmət göstərən bir ziyalıdır. Ona görə də bu mükafat məndə daim xoş xatirələr oyadır.

– Sonda gələk bu layihənin ənənəvi sualına: Əgər dünyada əşya kimi mövcudluğunuz mümkün olsaydı, hansı əşya olmaq istərdiniz?

– Qılınc olmaq istərdim. Çünki qılınc həm kəskindir, həm də ədaləti bərpa edən bir əşyadır.

Fərid Hüseyn

Mənbə: qafqazinfo.az