Mehdi Hüseynin “Nizami” pyesi: “…insan yer üzünə səadət üçün gəlir, qardaşım”

Mehdi Hüseynin “Nizami” pyesi: “…insan yer üzünə səadət üçün gəlir, qardaşım”

Nizaminin qardaşı Qivamiyə görə, dünyanın kədəri əbədi yaşayacaqdır. Dünya kədəri “daş ağırlığı ilə insanların qəlbinə çökəcəkdir”.Ona görə də Qivami dərdini dağıtmaq üçün, dünyanın iztirablarına dözə bilmədiyi üçün şərab içir. Nizamiyə görə, dünya ağrılarını şərab azalda bilməz. O deyir: “Ümidsiz olmaq acizlikdəndir, insan yer üzünə səadət üçün gəlir, qardaşım”. Qivami üçün, “bu dünya evi heç bir zaman səadət sarayı ola bilməz. Bu dünya böyük bir çanaqdır ki, insanların göz yaşı oraya oraya tökülür”. Nizami isə bunun əksinədir. O, səadəti yaratmaqla dünya kədərinə qalib gələcəyinə inanır. Qardaşı Qivamiyə deyir: “Səadət öz-özünə yaranmaz, onu biz yaratmalıyıq. Gəl gedək, mən bu gün yazdıqlarımı sənə oxumaq istəyirəm. Biz hər ikimiz şeirimizdə dünya kədərinə qalib gələcəyik. Biz bu kədərin önündə dağ kimi durub, sözdən insanlar üçün səadət sarayı yaradacağıq!”


Nizaminin “...insan yer üzünə səadət üçün gəlir, qardaşım” fikrinin açımını aşağıdakı kımı ümumiləşdirmək olar.


1. a) Nizami Gəncəvi tufanlı, qaranlıq bir gecədə parıldayan məşəldir. Nizami adlı məşəlin əməlləri, arzuları böyükdür. Ancaq onun zəmanəsinin hakimləri dünyanı zülmətə çevirməkdən zövq alır və Nizamiyə göz verib işıq vermirlər. Buna baxmayaraq, Nizami hər qaranlıq gecənin günəşli bir gündüzü olduğuna inanır;
2. b) Nizami sözdən elə bir gövhər yaratmaq istəyir ki, belə bir gövhəri heç kim heç yerdə tapa bilməmişdir. Həmin gövhərin adı “Xosrov və Şirin” poemasıdır. Başqa sözlə, Xosrovla Şirinin dastanıdır;
3. c) Dərbənd əmiri böyük şair Nizamiyə qasidlə məktub və bir hədiyyə göndərir. Məktubda yazır ki, Gəncədə saray yoxdur, Şirvan şahı da Nizamiyə düşməndir. Ona görə də Nizami bütün ailəsi ilə köçüb gəlsin. Nizami el-obasına bağlıdır. O, Gəncədə doğulub və Gəncədə də öləcəyini bildirir. Gəncə onun üçün səadər tapdığı bir yerdir. Qasidin gətirdiyi hədiyyə isə (çadraya bürünmüş qız) Afaqdır. O, Nizaminin Bərdədən Dərbəndə kəniz kimi aparılmış eşqidir. Bu eşq ona bir səadət kimi qaytarılır. Halbuki Afaqın ismətinə saraydakılardan biri toxunmaq istərkən, qız onun xəncərini qaparaq düz sinəsindən vurub yerə sərir. Əmir Afaqın öldürülməsi barədə fərman verir. Onu öldürməyə apardıqları zaman Afaq, “Of, Nizami, Nizami!” deyib inləyir. Axı Afaqın səadəti də Nizamidədir. Bu, Allahın bəxş etdiyi səadətdir. Allahın qarşısında hökmdarlar da, əmirlər də, cəlladlar da acizdir. Odur ki, Nizaminin xatirinə Afaqın öldürülməsinə Allah hökm vermir. Bəndələrin, o cümlədən, əmirin hökmü Allahın qarşısında acizdən acizdir. Ona görə də əmirin cəllada “dayan” hökmünü verməsi Allahın hökmü, kəraməti, Nizamiyə və Afaqa bəxş etdiyi səadətdir.


Qasidin gətirdiyi hədiyyənin (çadralı qızın) üzündən duvağını və çadrasını götürənə qədər Nizami onun Afaq olduğunu bilmir. Ona göndərilən hədiyyənin Afaq olduğunu bildikdə həqiqət və xəyal arasında səadətin böyüklüyünü görür. Özünə göz aydınlığı verir, Allahına şükr edir.

Gözüm aydın, gözümə surəti-canan görünür,

Baxtımın güzgüsünə sünbülü-reyhan görünür.

Allaha şükr edirəm, ey gözümün nuru, bu gün

Yar gəlib göz önünə sərvi-xuraman görünür.

Yarə yetmək iki dünyaya bərabər kimidir,

Bunu duydum, duyuram öylə ki, hicran görünür.


Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

Mənbə: modern.az