Azərbaycan kinosunda Hummer debütü

Azərbaycan kinosunda Hummer debütü

Önəmli qeyd: Məqalə Mədəniyyət Nazirliyinin kino şöbəsinin işini keyfiyyətli görməsinə kömək məqsədilə yazılıb.

AzLogos-da Mədəniyyət Nazirliyinin kino siyasəti ilə bağlı tənqidi yazımdan sonra illərdir eşitdiyim reaksiyalardan biri gəldi: “sifarişlə yazılıb”. Ünvanıma pərdəarxasında səsləndirilən “sifariş” məsələsini sabiq məmurların vaxtında da eşidirdim, indi onların yerini tutan “proqressiv” yeni nəsildən də duyuram. Və bunu eyni zamanda o kinematoqrafçılar yayırlar ki, kino sahəsindəki problemləri qabartmaqdan çəkinirlər, cürbəcür intriqaların içindədirlər, nazirliklə işləməkdən ötrü neqativ tendensiyalara susublar və susurlar.

Susmaq demiş, yadıma mərhum rejissor Nicat Feyzullayev düşdü. İstedadlı rejissor (“Yaşa qızıl balıq”,“Toy”) Nicat Feyzullayev da nazirlikdən filminə maliyyə verəcəklər deyə susurdu. Və 2005-ci ildən ömrünün sonunadək (2015-ci ildə vəfat edib) nazirlikdən ssenarisinə cavab gözlədi. Beləcə, cavab gözləyə-gözləyə ömrünü başa vurdu. Nazirlikdən film gözləyən rejissorlara məsləhət: vaxtında problemlərinizi danışın ki, Nicat müəllim kimi dünyadan nakam köçməyəsiniz.

…Məqaləni hazırlayanda eşitdim ki, kino cameəsinin bir qismi keçən dəfəki yazının mənə kimin sifariş etdiyini və həmin sifarişiçidən nə qədər pul aldığımı arşadırır. Acizanə xahiş edirəm, sifarişçini tapsanız, bəndənizə də kimliyini açıqlayın. Ki, həmin şəxsdən əslində, Mədəniyyət Nazirliyinin, İncəsənət Universitetinin görməli olduğu işə maliyyə ayırmağını xahiş edək: yəni o mötəbər kimdirsə, kino sənəti ilə bağlı dərs vəsaitləri çap etsin.

Və dedi-qodu yayan kino adamlarına sözüm: məzmununda emosionallıq ehtiva etməyən, rasional cavab-yazılarınız varsa, mətnləriniz heç bir dəyişiklik olmadan AzLogos-da gedəcək. Nəhayət ki, biz kino sahəsində pərdəarxası piçhapıçdan, dedi-qodudan normal, açıq, səviyyəli diskursa keçid yaratmalıyıq.

Bugünkü yazım isə dövlət büdcəsindən maliyyələşən “Debüt” studiyasının fəaliyyəti haqqında olacaq. Ondan başlayım ki, “Debüt”də çalışanların birinci vəzifəsi azərbaycan dilini öyrənməkdir. Studiyanın əməkdaşlarının nitq mədəniyyətini (ümumiyyətlə, buna mədəniyyət demək olarsa) belə xarakterizə etmək olar: ünsiyyətə azərbaycan dili ilə başlayıb ruscaya keçirlər və fikirlərini ifadə edə bilməyəndə ingiliscə danışırlar. Nəticədə nəyi ifadə etmək istədikləri anlaşılmır (bu yerdə Mirzə Cəlilin “Anamın kitabı” yada düşür). “Debüt”ün məhsulları azərbaycandilli auditoriya üçün nəzərdə tutulduğundan, onların dil baxımından yarımçıqlığı və natamamlığı işə təsir edir. Çünki dilini ən azı ona görə mükəmməl bilməlisən ki, material hazırlayanda dilin dramaturgiyasını hiss edəsən, redaktən savadsız olmasın və ortaya normal məhsul çıxsın. Dediyim qüsurları görmək üçün “Debüt”ün facebook səhifəsinə baxmaq kifayət edir. Nöqsanları nümunələrlə konkretləşdirək:

– “5 Oskar mükafatlı rejissor “Godfather” trilogiyası, “Apocalypse now” və “The Connection” kimi filmləri ilə müasir dövrün ən yaxşılarından sayılır”.

Redaktə: Beş Oskar mükafatına layiq görülmüş rejissorun “Godfather” trilogiyası, “Apocalypse now” və “The Connection” filmləri müasir kinonun ən yaxşı nümunələrindəndir.

– “Xüsusilə sakit danışması və həmişə rahat olması Corc Lukası əsas təsirləndirən detallar idi”.

Redaktə: Corc Lukası təsirləndirən onun təmkinli danışıq tərzi və rahatlığıydı.

– “Dogma 95” müasir dövr kinosuna “meydan oxuma” qismində bir cərəyandır.

Redaktə: “Doqma 95” müasir kinoya meydan oxuyurdu.

Aşağıdakı cümlələri səliqə sahmana salmaq üçün isə peşəkar redaktorlar lazımdır:

“Dördüncü film Vinsent Korleonenin Don olduqdan sonrakı dövrdən bəhs etməli idi”.

“Linç birinci təklifi qəbul etdi bu onun “böyük kinoda” debütü oldu”.

“Ümumiyyətlə onun trilogiyasında qarşımıza çıxan detalları sıralasaq, geniş bir siyahı ilə izah etməli olarıq. Sabit, geniş rakurslu çəkiliş, uzun planlar, geniş sahə dərinliyi, bəzən teatr aktyorluğunu xatırladan performanslar, absurd-poetik-surrealist hekayə, özgələşdirmə effekti olaraq filmlərin bəzi hissələrində aktyorların kameraya birbaşa baxmaları, simmetrik olaraq hazırlanmış mükəmməl set dekorasiyaları və kölgəsiz, sərt işıqdan istifadə texnikaları, bunların hamısı birlikdə harmoniya yaradaraq, onu “auteur” rejissor olaraq tanıdır”.

“Roy Anderssonu qısa formada izah etmək lazımdırsa, o, “Monty Python” kimi absurd komediyaya, Samuel Bekketdəki hekayə izahına, Piter Bregel tərzi vizual estetikaya və heç kimdə olmayan, Roy Andersson originallığına sahib tək rejissor və tək yaşayandır”.

Yuxarıda dil-dramaturgiya-redaktə formulunu təsadüfən qeyd etmədim. Studiyanın əməkdaşları dilimizin imkanlarına bələd olsaydılar, anlayardılar ki, “İntercat TV”də rejissorluq təcrübəsini bölüşən İsmayıl Səfərəli aktyor işi ilə bağlı əhəmiyyətli məlumat vermir. Bu, eyni zamanda bəhbəhlə təqdim edilən, prodüser işi haqda ötəri danışan Emin Quliyevə də aiddir.

Məlumat üçün deyim ki, “İnteract TV”də kinonun müxtəlif sahələrində çalışan adamalar öz təcrübələrini bölüşürlər. Bir qayda olaraq, 9-10 dəqiqədən ibarət olan videoların stilistikası çox pisdir. Pisdir ona görə ki, primitiv maqazin verilişlərinin tərzində hazırlanır. Musiqi tərtibatından tutmuş montaj həllinədək. Başa düşürəm ki, müəlliflər şou effekti yaratmaqla baxımlı kontentə nail olmaq istəyirlər. Nəticədə isə uyğunsuz musiqi və montaj fikir qırılması yaradır, diqqəti məzmundan yayındırır. Bundan başqa, videolarda qısa müddətdə mövzu, problemlər haqda əhatəli məlumat verilmir. Üstəlik, qonaq seçimində problemlər var. İ.Səfərəlinin nə vacib təcrübəsi olub ki, o, bu haqda hələ işəyarayan məlumat versin? Kinematoqrafiya bir peşə olaraq spesifik olduğundan ona illah da ki, geniş kütlənin baxması üçün ucuz şou formatına ehtiyac yoxdur. Onsuz da studiya dövlət büdcəsindən yararlanır. Vəsaiti keyfiyyətsiz məhsullara xərcləyincə, ortaya dişədəyən iş qoyulmalıdır. Örnəyi, “aktyorlarla iş necə qurulur” mövzusunda Oqtay Mirqasımovdan tutmuş Emil Quliyevədək müxtəlif nəsillərin təcrübəsini, metodunu əhatə edən video daha maarfiləndirici olmazdımı? Çünki bu, zəhmət tələb edən işdir, “Debüt” isə asan yola qaçır.

İnteract online platformasında isə peşəkar xarici mütəxəssislər yerli kinematoqrafçılara onlayn master-klasslar keçirlər. Bu, ehtiyac duyulan paltformadır. Daha yaxşı olardı ki, “Debüt” bu mühazirələri mətnə çevirib kitab buraxsın və İncəsənət Universitetinə hədiyyə eləsin.

“Debüt” studiyasının fəaliyyət konsepsiyasından aydınlaşır ki, o, kino industriyası üçün mütəxəssislər yetişdirməyə iddialıdır.

Maraqlıdır, “Debüt” gənc mütəxəssisləri özlərinin daxili intellektual imkanları, peşəkar bazası hesabınamı hazırlayacaq? Ümumuiyyətlə, studiya əməkdaşlarının özlərinin peşəkarlığı yüksəkdirmi belə iddialı danışırlar? Yoxsa təlimlərə kənardan mütəxəssislər cəlb olunacaq? O zaman qaydalar necə olacaq, layihəyə nə qədər vəsait xərclənəcək və layihənin nəticəsinə zəmanət verirlərmi?

Başqa məsələ: Niyə “Debüt” özünün ən vacib vəzifələrindən birini yerinə yetirmir – debütantların film çəkməsinə yaşıl işıq yandırmır? Məndə olan məlumata görə, film çəkmək üçün studiyaya müraciət edən gənclərə “yox” cavabı verilib.

Dünya kino praktikasında ilk iki film debüt sayılır. Yəni bir qısametrajlı film çəkən rejissor “Debüt”də ikinci filmi də çəkə bilər. Ayrıca – filmoqrafiyasında yalnız qısametrajlı ekran əsəri olan rejissor, tammetrajlı film çəkmək istəyirsə, bu da debüt sayılır. Bu mənada ölkəmizdə debüt film çəkmək üçün rejissor bolluğu olduğu halda, “Debüt” studiyası kimi yetişdirir? Yoxsa təklif etdiyi layihələrlə “iş görürük” illüziyası yaradılır? Qısacası, “Debüt” gənclərə açıq qapı olmalı və qlamur ədabazlığından əl çəkib, şəhərin mərkəzindən “Azərbaycanfilm” kinostudiyasına daşınmalıdır.

Başqa diqqəti çəkən digər məsələ “Debüt”ün direktorunun peşəcə operator olmasıdır (Orxan Abbasov). Bir qayda olaraq, studiya rəhbərliyi fərqli bilik və təcrübələr tələb edir. Niyə direktor kimi operator təyin olunub? Səhv etmirəmsə, O. Abbasov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq iki tammetrajlı filmin quruluşçu operatorudur. Filmlərin hazırlıq müddətini də əlavə etsək, çəkiliş 2-4 ay vaxt aparacaq. O zaman studiyanın idarəciliyi necə təmin olunacaq? Doğrudan da, Azərbaycanda yaradıcı adamların administrativ işlərə sevgisini anlaya bilmirəm.

Nəhayət, kino sektorunda yayılan “Hummer” lətifəsi haqda. Ən azı üç mənbədən verilən məlumata görə, “Debüt” studiyasının rəhbərliyi dövlət pulunun hesabına kinoçəkilişləri həyata keçirmək məqsədilə “Hummer” avtomobili alıb. “Hummer” şəhərdə idarə edilmək üçün narahat avtomobildir, benzin çox işlədir, funskionallığı yoxdur, bahalıdır və üstəlik, “Hummer” əyləncə maşını kimi tanınır. Kinoçəkilişlərə getmək üçün isə adətən çevik, yığcam minibuslardan istifadə olunur. Bəs, “Hummer” sevgisi nəyin ifadəsidir? Başa düşürəm ki, Spilberq, Lukas “Hummer” sahibidirlər, amma onların şərtləri başqadır, bu lüksə maddi, mənəvi baxımdan tam haqları var.

Əslində faciə bir kino adamının, yaradıcı şəxsin “Hummer” həvəsində deyil. Faciə odur ki, Parisdə istehlakçılığa qarşı filmlər çəkən Şabrolun, Qodarın məmləkətində kino təhsili alasan, Bunuelin keçdiyi küçələrə ayağın dəysin və ölkənə qayıdanda kinoda hədəfin “Hummer” olsun.

P.S. Mədəniyyət Nazirliyinin kino şöbəsinə təklif edirəm ki, ölkədə kino tənqidini inkişaf etdirsin, bu sahəyə yeni imzalar cəlb etsin, kinojurnalı təsis etsin ki, “Azərbaycanfilm”in, “Mozalan”ın, “Azanfilm”in və digərlərinin fəaliyyəti geniş araşdırılsın, kino sahəsinə ictimai nəzarət güclənsin.

Mənbə: azlogos.eu